20 fevral 2019, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Famil Mehdinin oğlu: “Nazir Vaqif Novruzovun o sözündən sonra atam durub Milli Məclisə getdi...” - REPORTAJ
Famil Mehdinin oğlu: “Nazir Vaqif Novruzovun o sözündən sonra atam durub Milli Məclisə getdi...” - REPORTAJ
25.12.2012, 01:10

Böyük ziyalınnın iş otağında olarkən...


Bakı Dövlət Universitetində oxuduğum zaman birinci kursun ilk günləri idi. Hər gün yeni-yeni müəllimlərlə tanışlığımız bizlərdə fərqli təəssüratlar yaradırdı. Demək olar ki, günaşırı fakültə dəhlizində gördüyüm və adını hələ bilmədiyim nurani professora gözüm o qədər öyrəşmişdi ki, qeyri-ixtiyari tənəffüs vaxtı onun kafedraya keçməsini izləyirdim. Sentyabrın sonlarında isə fakültəyə yayılan qəfil xəbər onu tanıyanları, tələbələri və həmkarlarını kədərləndirdi: Jurnalistlərin qocaman və sevimli müəllimi Famil Mehdi dünyasını dəyişib.

Yuxarı kurs tələbələrinin onun barəsindəki söhbətlərindən sonra bircə şeyə təəssüf etdim: heyf ki, Famil müəllim 1054-cü qrupun auditoriyasına daxil ola bilmədi.

Modern.az saytı tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj-layihəni davam etdirir. Bu dəfə sizləri məhrum professor, BDU-nun Jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasının müdiri və böyük jurnalist ordusunun müəllimi olmuş Famil Mehdinin iş otağı ilə tanış edirik...

Kiçik, ancaq xudmani iş otağındakı rəflər boyu kitablar səliqə ilə düzülmüşdü. Nəvələri ilə çəkdirdiyi şəkillər, eynəyi, stolun üstündəki vaxtı durmuş saat da Famil müəllimin qoyub getdiyi kimidir.


“Saat işləyirdi, arada qursam da, indi nədənsə dayanıb”-deyən ömür-gün yoldaşı Ofelya xanım bizimlə söhbətə başlayır.

O, söhbət etdikcə Famil müəllimin portreti canlanırdı gözümdə. Hamının təmkinli, sakit təbiətli, eləcə də ürəyi Vətənə bağlı bir ziyalı kimi tanıdığı bu şəxsiyyatın görünməyən tərəfləri barədə  yaxınlarından - ömür-gün yoldaşı Ofelya xanımdan və oğlu Şamil Mehdidən eşidirəm.

Hər bir yazar kimi kitablar onun üçün də çox əziz olub. Ofelya xanım deyir ki, nəyi tapşırmasa da, otağı səliqəyə salanda Famil müəllim bircə söz xahiş edərmiş: “Kitablarımla işiniz olmasın, Xahiş edirəm, onları tərpətməyin...”.

1934-cü ildə Ağdamın Sarıcalı kəndində dünyaya göz açan Famil Mehdi bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı rayon qəzetində çıxan ilk şeri ilə başlayıb. Bu hadisədən sonra onun mətbuatla əlaqələri daha sıxlaşıb. Publisistik yazılarla çıxış etməyə, şeirlər yazmağa başlayıb.

Famil müəllimin oğlu da söhbətimizə qoşulur. Deyir ki, atası heç vaxt yazılarını və şeirlərini heç kimə, hətta onlara da göstərməyi xoşlamazmış. Kitablarını isə kim dərindən maraqlansa, ona imzalayıb verərmiş.
“Şöhrətpərəst adam deyildi, belə şeylərə fikir verməyib. Nəyi var idi, ona qane olan insan idi. Ədaləti, düzgünlüyü sevirdi”.

Şamil bəyin sözlərinə görə, indi atasının kitablarının bir hissəsi iş otağında olsa da, digər kitab və əlyazmaları otağa yerləşmədiyindən ayrı yerdə qorunub saxlanılır. Şamil bəyin danışıqlarından belə məlum olur ki, vaxtilə evləri daim qonaqlı-qaralı olub. Hətta Famil müəllimin mehribanlığı  və onun insanlığından, hamıya əl tutmaq istəyindən idi ki, qohum-tanışlar daim ona müraciət edərmişlər. Ağdamdan gəlib instituta qəbul olanların Famil müəllimgildə qaldığı o qədər vaxtlar olub ki...

“Bir də görürdün ki, səhər erkən qapımız döyüldü. Bilirdik ki, rayondan gələn qohumlardandı. Elə olurdu ki, rayondan gəlib Bakıda oxuyan uşaqlar da bizdə qalırdı. Atam heç vaxt onları bizdən ayırmazdı. Eynilə öz evinin uşaqları kimi yanaşardı”.

Onun xeyirxahlığı, gənclərə mənəvi dəstəyi, əsl müəllim kimi peşəsinin vurğunu olması gənclər arasında ona xüsusi sevgi və sayğı yaratmışdı.
”Hətta elə anlar olurdu ki, o, tələbələrin bu mehribanlığına sevinsə də, onları xatırlamırdı.  Küçədə gedəndə görürdün ki, bir nəfər onu qucaqlayıb hal-əhval tutur, tələbəsi olduğunu deyirdi.  “Müəllim, nə lazım olsa, deyin”. Soruşurdum ki, ata, bu kimdir? Gülümsünüb çiynini çəkirdi, deyirdi ki, xatırlamıram. Nə vaxtsa, dərs deyib. İndi həmin tələbələr müxtəlif vəzifələrdə işləyirlər”-deyə Şamil Mehdi gülümsünərək söhbətə davam edir.

“Bu əsəri illərlə senzuradan keçmədi...”


Hamı bilir ki, Famil Mehdi istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim həqiqəti və doğrunu tanıtmağa və müdafiə etməyə çalışıb. Onun üçün həyat kredosu bu idi. Odur ki, yazdığı “İnsan unudulmur” əsərininin əks-səda doğurması, senzuradan keçməməsi belə, onu bir yazar, qələm sahibi kimi ruhdan sala bilməmişdi. Əsərdə sovet dövrünün kolxoz quruculuğunda baş verən qanunsuzluqlar təsvir edilib. Sonda haqq-ədalətin qələbə qazanması ilə əsər tamamlanır.

“Uzun müddət bu əsər senzuradan keçmədi. İllərlə stol üstündə qaldı. Atamı sorğu-sual etdilər. Sonra bir sıra ixtisar və düzəlişlər edilərək nəşrinə icazə verildi. Əsərin axırında məzmun belə idi, on nəfər Lenin kimi adam olsa, bu ölkə düzələr. Anlayan adam üçün bu sözlərin mənası  böyük idi”-deyə mərhum ziyalının oğlu bildirir.

“Bəzi ziyalıların zənginə cavab vermirdi...”

Famil Mehdinin dövrünün tanınmış ziyalıları, şairləri ilə yaxın dostluq münasibətləri olub. Tanınmış yazarlardan Məmməd Araz daim bu evin sevimli qonağı olub. Yenə də Şamil Mehdini dinləyək:
“Çox yaxşı münasibətləri vardı. Oturub danışar, gəzintiyə çıxardılar. Məmməd Araz atamla Yasamal gölünə gedirdi...”.

- Bəs, Famil müəllim ayrı kimlərlə dostluq edirdi?


- Dostluq etdiyi yazarlar, şairlər çox idi. Tofiq Bayramla dostluq edirdi, Əlibala Hacızadə ilə həmişə zəngləşirdilər. Süleyman Vəliyevlə hər gün zəngləşib dərdləşirdilər. Mirzə İbrahimovu daim ağsaqqal hesab edib. Mirzə müəllim həm də onun elmi rəhbəri olmuşdu. Famil müəllim hiss edəndə ki, hansısa gəncin qabında nəsə var, onunla maraqlanır, yol göstərirdi. Hətta bu gəncləri evə çağırdığı, süfrəyə dəvət elədiyi vaxtlar olurdu...

- Famil müəllim nəylə razılaşmırdı?

- Elə yazarlar vardı ki, onların cəmiyyətdəki mövqeyini birdən-birə dəyişməsi atama xoş gəlmirdi. Bu da istər-istəməz münasibətlərə təsir edirdi. Bu cür ziyalılar evə zəng edəndə, atam deyirdi ki, “deyin xəstəyəm, məşğulam”. Danışmaq istəmirdi...

Mirzə İbrahimovun toy hədiyyəsi: “Əzizim Famil Mehdiyə... ”

Stolun üstündəki qara rəngli albom diqqətimi cəlb edir. Ofelya xanım albomu əlinə alıb xəyalən də olsa, cavanlıq illərinə qaydır.

- Bu fotoalbomu Mirzə İbrahimov toy günümüzə hədiyyə etmişdi. Hələ də əziz hədiyyə kimi saxlayıram. İçində şəkillər də qoymuşdum. Ancaq uşaqlar tez-tez çıxarırdı. Odur ki, şəkilləri çıxartdım. Familin Mirzə İbrahimovla münasibətləri çox yaxşı idi. 

- Ofelya xanım, yaradıcı insanla ailə quranlar istər-istəməz ona fərqli yanaşmalı olurlar. Sizin üçün Famil bəyi anlamaq və dəstək olmaq çətin deyildi ki?


- Biz evlənəndə Famil aspirant idi, 70 manat təqaüd alırdı. Çalışırdım ki, ona dəstək olum. Şərait yaradım ki, yaradıcılığı ilə məşğul ola bilsin. Açığı, elə şəraitimiz də olmayıb. Dizimin üstündə onun yazılarını yazdığım vaxtlar olub. Ailəmizdə qəfil bir-birinin ardınca bizi kədərləndirən hadisələr oldu. O vaxt atası ağır xəstə idi. Bakıda müalicə alırdı, sonra rəhmətə getdi. Mənim atam bizə qonaq gəldi, qəfil rəhmətə getdi. Bütün bunlar ona pis təsir edirdi. Ürəyi ağrıyırdı. Atasının qırxı ərəfəsinə aspirantura müdafiəsi təyin edilmişdi. Həkimlər məsləhət gördü ki, sağlamlığına fikir versin. Odur ki, müadifə zamanı onun çıxışını şair Xəlil Rza oxudu. Hamı başa düşürdü ki, vəziyyət nə yerdədir.

- Sizə şeir yazıb heç?

- Bilmirəm, birbaşa olmasa da, ithaf elədiyi şeirlər olub. Şeirləri çoxdur.

Ofelya xanım deyir ki, Famil müəllim tələbələrinə dərindən bağlı insan olub. Hətta onun tələbə ilə münasibətləri müəllim-tələbədən çox ata-bala münasibətinə bənzəyirmiş. Kimin nə sıxıntısı, problemi olsa, ona üz tutarmış. İş o yerə çatırmış ki, hətta həmin gənclərin toyu, elçilik mərasimlərində əsas söz sahibi Famil müəllim olurmüş...

“Kimin nə dərdi var idi, Famillə bölüşürdü. Alı Mustafayevin elçiliyinə də o gedib. Sevdiyi qızı, qrup yoldaşı Laləni ona vermirdilər. Qızın ailəsi razı olmurdu. Famil müəllim elçi getdi, bu insanlar ailə qurdular. Hazırda Jurnalistika fakültəsində dərs deyən Cahangir müəllimin də xeyir işində Famil yaxından iştirak edib. Onun şadlıq məclisi bu evdə olub. Ümumiyyətlə, belə şeylər çox olub”-deyə Ofelya anım gülümsəyir...

“Atamgil şəhərə girəndə erməni BMP-ləri ilə qarşılaşıblar... ”                                            

İyirminci əsrin 80-ci illərinin sonları Qarabağda ermənilərin qaldırdığı əsassız torpaq iddiaları, bu iddiaların qanlı müharibəyə çevrilməsi bir ziyalı kimi Famil Mehdini çox narahat edir, sarsıdırdı. Buna görə də doğulub boya-başa çatdığı Ağdama və eləcə də digər döyüş bölgələrinə mütəmadi səfərlər edib.

“Elə olurdu ki, hər gün səhər maşınla çıxır, Ağdama gedib-qayıdırdı. Döyüşçülərə baş çəkirdi. Düzü, onlar atamı qoruyur, təhlükəli şəraitdə ona zərər gəlməsini istəmirdilər. Ancaq atamı ora aparan torpaq sevgisi, ziyalı narahatlığı idi”-deyə Şamil Mehdi qayğılı görkəm alır. Sonra söhbətə davam edir...

“Ağdamın, eləcə də Qarabağın  erməni silahlıları tərəfindən işğalı, müharibənin ağrı-acıları onun həyatında sağalmaz izlər qoydu. Çünki məhz bu hadisələrdən sonra  Famil Mehdinin xarakterində və ovqatında bir səssiz kədər, barışmazlıq yarandı. 

Ağdamdan axırıncı çıxanlardan biri də atam oldu. İki-üç gün şəhər boş qaldı. Qohumumuzdan eştdiyimə görə, həmin günlərdə atam maşınla şəhərə gedib. Şəhərə girəndə görüblər ki, ermənilər BMP-lərlə durublar. Yolu bağlayıblar. Erməni tərəfi də ani olaraq atamgili maşında görüb çaş-baş qalıblar. Ancaq fürsətdən istifadə edib maşınla oradan çıxıblar.
Ağdamdan sonra atam çox böyük sarsıntı keçirdi. Toya getmək istəmirdi. Hətta nəvələrinin ad günü olanda onu zorla bir-iki saatlıq məclisə gətirə bilirdik. Qohumlar gəlib ona deyirdilər ki, “əgər sən gəlmirsənsə, toyu eləmirik”. O bəhanələrlə onu məclislərə aparırdılar...”.

“Afiyəddin müəllim atama dedi ki...”

Bəzən adına haqsız ittiham söylənməsi Famil Mehdini daxilən narahat etsə də, həqiqəti üzə çıxarmağa, istənilən kəslə bu barədə danışmağa daim hazır imiş. Şamil bəy buna bənzər bir neçə olayı heç unuda bilmir. 1993-cü ildə Milli Məclisdə atasının adının nahaq yerə hallanması hadisəsindən danışır.

“Bir yerdə oturub televizora baxırdıq. Milli Məclisdən çıxışlar verilirdi. O vaxt daxili işlər naziri olan Vaqif Novruzov çıxışında atamın adını çəkdi. Dedi ki, Ağdam köçkünlərinin Bakıya gəlişinin təşkilatçısı guya, Famil Mehdidir. Bu sözləri eşidəndən sonra atam sakitcə geyinib çıxdı. Soruşdum hara gedirsən? Dedi işim var, Milli Məclisə gedirəm. İkimiz də getdik. Parlamentin qapısından buraxmaq istəmirdilər atamı. Afiyəddin Cəlilova zəng olunandan sonra içəri buraxdılar. Otaqda Afiyəddin müəllim atamla söhbət etdi. Dedi ki, bunlara fikir verməyin, boş-boş danışırlar...”.

“Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum...”   


Famil Mehdinin son dövr yaradıcılığından “Dilən, professor, dilən” şeiri xüsusilə seçilir. Şeirin cəmiyyətdə böyük qalmaqal yaratması, ictimaiyyəti daxilən silkələməsi əslində Famil Mehdinin mənəvi aləminin cəmiyyətdəki çirkab və mənəvi eybəcərliklərə şair qəlbi ilə ucaltdığı etiraz səsi  idi. Şamil Mehdi deyir ki, o ərəfədə çox  söz-söhbət, mübahisələr olub.

“1994-cü ildə onun “Dilən, professor, dilən” şeiri böyük əks-səda doğurdu. O cür şeiri atamdan gözləməzdim. Hər halda yazıb, çap etdiməyə də bilərdi. Ancaq şeir çap olundu, böyük sensasiya və qalmaqala səbəb oldu. Özü də bilirdi ki, onun səs-küyü böyük olacaq. Universitetdə aləm qarışdı bir-birinə. İstədilər işdən çıxartsınlar. Görünür, onun nüfuzlu ictimai fiqur olması səbəbindən bu baş vermədi...”.

Famil Mehdi hadisələrə təkcə jurnalist yox, həm də vətəndaş mövqeyindən yanaşmağı bacarırdı. Onun üçün obyektivlik və həqiqət önəmli idi. Hətta bir çoxları bu həqiqəti müdafiə etməyə çəkinsələr belə.

Şamil bəy deyir ki, bəzi vaxtlarda atasının mövqeyi və addımı onun üçün gözlənilməz olub.

”Rövşən Cavadovun dəfn günü atamla onların yaşadığı həyətə getdik. Dəfnə hazırlıq gedirdi. Cəmisi olsa-olsa, 10 nəfər adam var idi. On birincisi atam idi. Bəziləri bura gəlməyə ehtiyat edirdi. Atam isə bircə bu sözü dedi ki, bu insan müharibədə torpaqlarımızın müdafiəsində döyüşüb, mən buna görə bu məclisdəyəm. Ayrı nə olub, bu məni maraqlandırmır. Onun bu cür münasibətini açığı mən gözləməzdim. Çünki hər halda atam qəhrəman da deyildi, ömrü boyu elmlə məşğul idi...”.

Hər kəs onu sakit təbiətli insan kimi tanısa da, bəzən gördüyü mənzərələr onu nadir halda əsəbləşdirə bilirmiş. Bir dəfə polisin məcburi köçkün qadına əl qaldırması və incitməsi onun səbr kasasını daşırıb.
“Atam adətən sakit xaraterli adam idi. Əsəbləşməzdi. Kobud söz işlətməzdi. Ancaq o hadisəni görəndə həmin polisə kobud bir ifadə işlətdi. Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum. İlk dəfə idi ki, onu o cür halda görürdüm...”-deyə Şamil bəy olanları xatırladır...

“Axır vaxtlar bircə onu dedi ki...”

Son vaxtlar səhhətinin ağırlaşması, ayaqlarının ağrıması onu bərk narahat edirmiş. Ofelya xanımla ailədə söhbət düşəndə bu illər ərzində bircə şeyə peşman olduğunu deyirmiş:

“Həmişə danlayır, deyirdim ki, bir özünə bax, səhhətinə fikir ver. Axır vaxtlar bircə onu dedi ki, hə, düz deyirsən, gərək səhhətimə fikir verərdim. Bu adamın fikri-zikri ancaq  kiməsə yaxşılıq eləmək, dardan qurtarmaq idi...”.

İş otağı, burdaki əşyalar Famil Mehdidən qalan təsəllidir ailəsinə. Qol saatı, eynəyi, kitabları, əlyazmaları, dinlədiyi kasetlər, hamısı stolunun siyirməsində saxlanılır. Onun əlyazmaları ilə məşğul olan oğlu Şamil Mehdi deyir ki, gələcəkdə atasının çap edilməmiş əlyazmalarını kitab halında çıxarmaq fikiri var.  

Nəvəsi Nicat da şeir yazır...


Söhbətimiz əsnasında qəfildən otağa balaca, gülərüz uşaq daxil oldui. “Sənin adın nədir?”-deyə soruşanda nənəsi “Famildir” dedi. Bir az da balaca Famillə söhbətləşdik. Ancaq kompüter oyunlarına o qədər aludə olmuşdu ki, suallarımdan çəkinən və utanan Famil mənə gülümsünməklə cavab verirdi. 

İstedad elə bir keyfiyyətdir ki, bir çox halda genlə də ötürülə bilir. Bəs görəsən Famil Mehdinin nəvələri arasında onun yolunu davam etdirənlər varmı?

Şamil bəy təvazörkar görkəmdə bu haqda danışdı: “Nəvələrinin bəziləri böyükdür. Oğlum Nicat Amerikada təhsilini davam etdirir. Onun ixtisası başqadır. Ancaq bilirəm ki, arada şeir də yazır. Lakin heç kimə göstərmir. O biri babası Rafiq müəllim (tanınmış akademik Rafiq Əliyev) Nicatın şeirlərini bir neçə ziyalıya, səhv etmirəmsə, yazıçı Anara və Fikrət Qocaya göstərib, onlar oxuyub, bəyəniblər. İstedadının olduğunu deyiblər. Ancaq onun üçün tam püxtələşməlidir. Şairlikdə uğurunu zaman göstərər”-deyə həmsöhbətim bildirdi.

Hələ 4 yaşı olan və kağızda cızmaqaralar etməyi xoşlayan balaca Famil də bəlkə vaxt gələcək, istedadlı, tanınmış bir şəxs olacaq. Ancaq nə olur olsun, söhbət düşəndə, onu çağıranda üzünü gömədiyi, ancaq söz-söhbətləri ilə böyüdüyü babası Famil Mehdi də yada düşəcək. Onun kimi bir ziyalının adının və nəslinin mənəvi daşıyıcısı olmaq hələ qayğılardan uzaq bu uşağın çiyninə düşür. Uğurlar sənə bu yolda, balaca Famil !

Əfsanə BAYRAMQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Günel İsgəndər
14.05.2012, 14:50

ALLAH RƏHMƏT ELƏSİN FAMİL MÜƏLLİMƏ. İNDİ ELƏ İNSANLAR ÇOX AZDIR...

Vuqar Tofiqli
14.05.2012, 16:31

Allah rəhmət eləsin Famil müəllimə. Çox təəssüf ki, indi onun kimi savadlı, qabiliyyətli, qələminə sadiq olan adamlar çox azdır. Onu yurd sevgisi çox tez apardı aramızdan...

Maarif
14.05.2012, 20:01

Famil müəllim yaxşı insan idi.Bizim qrupun uşaqlarıni yaxşı tanıyırdı; həyat yoldaşı bizim potokda oxuyurdu.(1966-1972). Famil müəllim yaddaqalan insandır.Allah rəhmət eləsin.

Həzi Həsənli
25.12.2012, 10:01

Famil müəllim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində mənə dərs deyib, sevilən müəllimlərimizdən olub. Bu yazı məni bir daha tələbəlik illərinə qaytardı... Allah Famil müəllimə rəhmət eləsin! Yazının müəllifinə də təşəkkür edirəm!...

Ənvər
25.12.2012, 10:58

Qəbiri nurla dolsun. Famil Mehdinin vətənsevərliyi gənc nəsilə örnək olmalıdir.Mənəviyyatlı ömür yaşayıbdır.

Qurban Bayramov
25.12.2012, 13:24

Famil Mehdini yaxşı tanıyirdim, lap gənclik illərimdən. Əmim, xalq yazıçısı Bayram Bayramovla qardaş qədər yaxın idilər. Oğlu Şamilin adını da Bayram Bayramov qoyubdur.Yaradıcılığını həmişə sevmişəm, haqqında yazmışam. Mərd insan idi Famil Mehdi! XX və XXİ əsrin ən cəsarətli milli şairidir! Famil Mehdi bütüövlüklə vətənpərvər şair, gözəl pedaqoq,qayğıkeş bir ziyalı idi! Əsil xalq şairi (bu adı rəsmi almasa da!!) - xalqın şairi idi!! Haqq sözü deyən vətəndaş şair idi və belə olaraq qalır! Onun şəxsiyyəti və yaradıcılığı müasirlərinə, bütün qələm əhlinə nümunədir və ondan öyrəniləsi çox şeylər var! Vətənini və Qarabağını canından əziz bilərdi! Famil Mehdi bütöv Azərbaycanı sevirdi, bütöv Azərbaycan da onu sevərdi və indinin özündə də sevir! Şeirləri dillər əzbəridir. Özü demiş, Famil Mehdi "Qobustan dağının qayalarında pozulmaz, silinməz bir yazıı"dır!! Famil Mehdi yapon təyyarəçiləri kimi həmişə tarana gedərdi!! Belə ziyalıların yaradıcılığına, şəxsiyyətinə tez-tez qayıtmaq lazımdır! Bu, xüsusən müasir gəncliyimizə hava və su qədər lazımdır! Sağ olsun Əfsanə Bayramqızı, əfsanəvi bir iş görüb bu yazısı ilə!..

Şəmsəddin Teyyubov
31.12.2012, 22:28

Famil mehdi mənali həyat keçirmiş ziyalidir. Həmişə bizim aramizdadir. Ruhu şad olsun! Oğlu Şamilə böyük hörmətim var, atasina layiq ziyalidir

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
  Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
20.02.2019, 17:46

  Tramp demokrat rəqibini “dəlisov” adlandırdı

Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi   
20.02.2019, 17:43

Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi  

Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək  
20.02.2019, 17:42

Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək  

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”
20.02.2019, 17:36

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”

Manat sabah hansı məzənnədə olacaq?   
20.02.2019, 17:12

Manat sabah hansı məzənnədə olacaq?  

Azərbaycanda “Creative Business Cup”ın layihə qəbuluna başlanılır
20.02.2019, 17:07

Azərbaycanda “Creative Business Cup”ın layihə qəbuluna başlanılır

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas - həkim işdən çıxarıldı
20.02.2019, 17:03

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas - həkim işdən çıxarıldı

Rezidenturaya sənəd qəbulu davam edir
20.02.2019, 16:58

Rezidenturaya sənəd qəbulu davam edir

Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - XİN-dən AÇIQLAMA
20.02.2019, 16:55

Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - XİN-dən AÇIQLAMA

“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək
20.02.2019, 16:45

“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək

Ağaclar necə budanmalıdır? 
20.02.2019, 16:35

Ağaclar necə budanmalıdır? 

Ermənistan sakini özünü yandırmaq istədi
20.02.2019, 16:31

Ermənistan sakini özünü yandırmaq istədi

Məlahət İbrahimqızı: “Parlamentin binasına yaxınlaşmaq belə əlçatmaz idi”
20.02.2019, 16:26

Məlahət İbrahimqızı: “Parlamentin binasına yaxınlaşmaq belə əlçatmaz idi”

Aqrar jurnalistika ilə bağlı layihə başlandı
20.02.2019, 16:19

Aqrar jurnalistika ilə bağlı layihə başlandı

Artur Rasizadə DANIŞDI: “Nəticələrimlə oynayıram”
20.02.2019, 16:15

Artur Rasizadə DANIŞDI: “Nəticələrimlə oynayıram

Universitetdə karyera sərgisi təşkil olunub - FOTO
20.02.2019, 16:00

Universitetdə karyera sərgisi təşkil olunub - FOTO

UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20.02.2019, 15:54

UNEC tələbələrinin məqaləsi SCOPUS-da

“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20.02.2019, 15:46

“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Vəfat etmiş şəxsə niyə protokol yazıldı? - AÇIQLAMA   
20.02.2019, 15:40

Vəfat etmiş şəxsə niyə protokol yazıldı? - AÇIQLAMA  

Xocalı soyqırımının qurbanları bir çox ölkələrdə yad ediləcək
20.02.2019, 15:39

Xocalı soyqırımının qurbanları bir çox ölkələrdə yad ediləcək

Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”
20.02.2019, 15:35

Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”

Ermənistan Cavaxetiya separatçılarının liderini axtarışa verdi
20.02.2019, 15:33

Ermənistan Cavaxetiya separatçılarının liderini axtarışa verdi

ABŞ-a yarışa bu şagirdlər gedəcək​​​​​​​
20.02.2019, 15:32

ABŞ-a yarışa bu şagirdlər gedəcək​​​​​​​

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı
20.02.2019, 15:12

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı

Hərbi attaşelər Azərbaycan silahları ilə tanış oldular
20.02.2019, 15:10

Hərbi attaşelər Azərbaycan silahları ilə tanış oldular

“Tədricən məqsədimizə çatmışıq” - İlham Əliyev
20.02.2019, 14:39

“Tədricən məqsədimizə çatmışıq” - İlham Əliyev

Türkiyədə bir neçə terror aktının qarşısı alındı
20.02.2019, 14:28

Türkiyədə bir neçə terror aktının qarşısı alındı

ADU tələbələri Cocuq Mərcanlıda təcrübədə
20.02.2019, 14:23

ADU tələbələri Cocuq Mərcanlıda təcrübədə

Prezident: “Bu, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu”
20.02.2019, 14:22

Prezident: “Bu, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu”

5 dövlət orqanında 88 yer vakantdır
20.02.2019, 14:20

5 dövlət orqanında 88 yer vakantdır

İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2 milyon ayrıldı
20.02.2019, 14:12

İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2 milyon ayrıldı

İlham Əliyev amerikalı müşavirlə görüşdü - YENİLƏNİB
20.02.2019, 14:01

İlham Əliyev amerikalı müşavirlə görüşdü - YENİLƏNİB

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb
20.02.2019, 13:57

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi
20.02.2019, 13:51

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi

Ombudsmanın parlamentə hesabat günü açıqlandı   
20.02.2019, 13:32

Ombudsmanın parlamentə hesabat günü açıqlandı  

İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20.02.2019, 13:10

İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü
20.02.2019, 13:04

Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü

Milli Kəşfiyyat Xidmətinin direktoru istefaya göndərilə bilər
20.02.2019, 13:04

Milli Kəşfiyyat Xidmətinin direktoru istefaya göndərilə bilər

Sabahın hava PROQNOZU - Külək güclənəcək  
20.02.2019, 12:44

Sabahın hava PROQNOZU - Külək güclənəcək  

Azərbaycan Yazıçılar Birliyi: Bizdə belə katiblik olmayıb   
20.02.2019, 12:41

Azərbaycan Yazıçılar Birliyi: Bizdə belə katiblik olmayıb  

İqtisadçı problemli kreditlərin həlli üçün TƏKLİFLƏR verdi   
20.02.2019, 12:37

İqtisadçı problemli kreditlərin həlli üçün TƏKLİFLƏR verdi  

Prezident nazirlərin toplantısında - YENİLƏNİB
20.02.2019, 12:28

Prezident nazirlərin toplantısında - YENİLƏNİB

Qızını erməniyə ərə vermiş Ağadadaş Kərimov azərbaycanlılarla çeçenlərin görüşündən belə qovuldu - VİDEO
20.02.2019, 12:21

Qızını erməniyə ərə vermiş Ağadadaş Kərimov azərbaycanlılarla çeçenlərin görüşündən belə qovuldu - VİDEO

Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTOLAR
20.02.2019, 12:08

Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTOLAR

Prezident Avropa Komissiyasının komissarı ilə görüşdü
20.02.2019, 11:58

Prezident Avropa Komissiyasının komissarı ilə görüşdü

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?
20.02.2019, 11:53

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək
20.02.2019, 11:46

Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək

Lerikdə heyvanlar peyvəndləndi
20.02.2019, 11:45

Lerikdə heyvanlar peyvəndləndi

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
20.02.2019, 11:40

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır

IADC-nin prezidenti Bakı Ali Neft Məktəbində
20.02.2019, 11:20

IADC-nin prezidenti Bakı Ali Neft Məktəbində

ARXİV