Modern.az

Bir şəklin tarixçəsi:  Özalın xanımı 33 il əvvəl Azərbaycana niyə gəlmişdi…

Bir şəklin tarixçəsi:  Özalın xanımı 33 il əvvəl Azərbaycana niyə gəlmişdi…

8 May 2023, 14:58

Sovet İttifaqının sonuncu illərində Türkiyədən Azərbacana ard-arda səfərlər baş tuturdu. Belə səfərlərdən biri Türkiyənin sabiq prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalın Azərbaycana gəlməsi idi. 

 

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi foto da məhz həmin səfərə aiddir.

 

1990-cı ilin iyun ayında baş tutan səfər zamanı Səmra Özal Gəncə, Şəki və Bakı şəhərlərində olub. Səfərdə prezidentin xanımını Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun rektoru, Respublika Qadınlar Şurasının sədri Zemfira  Verdiyeva müşayiət edib. Səfərin Qadınlar Şurasının dəvəti ilə baş tutuduğu bildirilir.

 

Fotoda: Səmra Özal İçərişəhəri gəzir

Mənbə: "Kommunist" qəzeti, 1990-cı il

 

Səmra Özal Gəncəyə səfəri zamanı Məhsəti Gəncəvinin abidəsini ziyarət edib, Nizami Gəncəvi və Puşkin adına kitabxanaya baş çəkib, habelə Göygöldə olub. Türkiyə prezidentinin xanımı bunun ardınca Şəkiyə gedib, orada Xan Sarayı və ipək istehsalı zavodu ilə tanış olub, daha sonra Bakıya qayıdıb.

 

O, Bakıda Azərbaycan SSRİ-nin prezidenti Ayaz Mütəllibov və Ali Sovetin sədri Elmira Qafarova ilə görüşüb. 

 

 

Təqdim etdiyimiz foto isə "Gülüstan" sarayında təşkil edilən ziyafət zamanı çəkilib. "Anadolu" agentliyinin müxbiri tərəfindən lentə alınan fotodakı şəxslər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə (solda), Türkiyə prezidentinin xanımı Səmra Özal (sağda) və Türkiyənin Moskvadakı səfiri Volkan Vuraldır (sağda ikinci).

 

Qeyd edək ki, bu səfərdən bir il sonra Zemfira Verdiyeva da Türkiyəyə gedərək, xanım Özalın qonağı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov