Modern.az

Ulu Öndər hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Ulu Öndər hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Aktual

15 İyun 2024, 14:00

Bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Bu baxımdan 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

O qeyd edib ki, ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.

 

Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, Birinci Dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Osmanlı türkləri ən çətin sınaq məqamında öz ümidini Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi türkləri qələbəyə apardı və Türkiyə Cümhuriyyətinin qurulmasına gətirib çıxardı.

 

“İkinci Dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci Dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti dayandı.

 

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi-siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi.

 

Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür köməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu. Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.

 

Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı”, - deyə deputat vurğulayıb.

 

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi.

 

“Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

 

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi”, - deyə C.Feyziyev bildirib.

 

O deyib ki, gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

 

Son illər ərzində torpaqlarımızın işğaldan tam azad edilməsi, Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu gün dövlətimizin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır”, - deyə deputat əlavə edib.

 

Heydər Əliyevin adının qələbə simvolu olduğunu vurğulayan C.Feyziyev deyib: “Ulu Öndər özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.

 

Zamanın sınaq anında Heydər Əliyev bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin obrazı Azərbaycanın əbədi Qələbə simvoludur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı