Modern.az

Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir

Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir

Aktual

24 İyun 2024, 19:41

Bir müddət əvvəl iş adamlarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqdarda borclarını qaytarmamaları ilə bağlı ölkə mediasında müraciətləri dərc edilmişdi.

 

Onlar qeyd edirdilər ki, Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar.

 

İş adamları müraciətlərinin cavabsız qaldığını vurğulayıblar.

 

“Bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına inanaraq işlərin gedəcəyi əraziyə birlikdə baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı - Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq - halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib, - məktubda deyilir.

 

Sözügedən məktubun dərc edilməsindən sonra iş adamları yenidən Modern.az-a müraciət edib.

 

Onlar bildirir ki, məktubun ictimaiyyətə yayılmasından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev müxtəlif media qurumlarına və iş adamlarına hədə-qorxu gəlib. O, iş adamlarından müraciəti geri götürmələrini, media qurumlarından isə müraciəti silmələrini tələb edib.

 

Şikayətçilər icra başçısının və şöbə müdirinin əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət ediblər. Prokurorluqdan onlara bildirilib ki, şikayətə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən baxılacaq.

 

Sumqayıtın iş adamları borcun qaytarılmasını və müvafiq şəxslərin cəzalandırılmasını tələb edir.

 

Şikayətçilər bildirir ki, Yeni Bulvar Kompleksi layihəsi çərçivəsidə şəxsən icra başçısı Zakir Fərəcovla çalışıblar və bu müddət ərzində ondan başqa heç kimlə münasibətləri olmayıb. Ancaq indi Zakir Fərəcov onların müraciətlərinə cavab vermir, şikayətləri şöbə müdiri Gündüz Əliyev “cavablayır”. O isə iş adamlarına hədə-qorxu gələrək bildirir ki, hakimiyyətin yuxarı orqanlarına verilən şikayətlərin heç bir nəticəsi olmayacaq.

 

Şikayətçilər qeyd edirlər ki, Gündüz Əliyev Zakir Fərəcovun yaxın adamlarından biridir. O, 2023-cü ilin mart ayına qədər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Rəsmən bu vəzifədən azad edilsə də, hələ də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini həyata keçirir. 

 

P.S. Məsələ ilə bağlı Modern.az-ın Sumqayıt Şəhər İcra Hakimiyyətinə zəngləri və sorğuları cavabsız qalıb.

 

Şikayətçilərin verdiyi məlumatlara əsaslansaq, deyə bilərik ki, Zakir Fərəcovun işinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?