Modern.az

Delimitasiyanın növbəti mərhələsi çətin OLACAQ

Delimitasiyanın növbəti mərhələsi çətin OLACAQ

Analitika

6 İyun 2024, 15:17

Ermənistanın Göyçə mahalının qubernatoru Karen Sarkisyanın ölkə parlamentində jurnalistlərin suallarını cavablandırarkən “Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq” açıqlaması blefdir.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu məlum açıqlamaya münasibət bildirərkərn deyib.

“Karen Sarkisyan Azərbaycan qoşunlarının Göyçə bölgəsinin ərazilərindən geri çəkməsinin vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr hansı addım atılacaq” sualına yaxalanıb və “bu halda güc variantından istifadə edilə bilər, ancaq bu son variantdır” cavabını verib.

Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb.

Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək”.

Siyasi ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri geri qaytarmaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır, bu ona və ölkəsinə baha başa gələr.

“Paşinyan da bunun fərqindədir və elə ona görə də həmin mövzuda açıqlama vermir. Eyni zamanda erməni qubernatorun açıqlaması ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu gözlənilən idi”, - E.Şahinoğlu deyib.


Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədin Göyçə mahalı istiqamətindəki döyüşlər tarixə "Sentyabr döyüşləri" adı ilə düşüb. 2022-ci ilin 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib.
Bu gün həmin strateji yüksəkliklərdən Ermənistanın Qarakilsə, Qafan, Gorus şəhərlərinə nəzaət etmək mümkündür. Azərbaycan ordusu Bala Göyçə gölünün sahilində mövqe tutub.

Qeyd edək ki, aprel-may aylarında aparılan delimitasiya işləri nəticəsində Ermənistanla Azərbaycan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilərək rəsmiləşib.

Nəticədə Azərbaycan Respublikasının Qazax rayonunun 1992-ci ildən bəri işğal altında olan 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədi üzrə delimitasiya işlərini aparan komissiyalar prosesin növbəti mərhələsi barəsə hələ ki açqılama verməyiblər.

Komissiyaların rəhbərləri indiyədək 9 dəfə görüşüblər.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyaya isə baş nazir müavini Mher Qriqoryan sədrlik edir.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı