YUNESKO – Birləşmiş Millətlər Təşkilatının (BMT) təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qurumudur. Təşkilat təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiya sahələrində müxtəlif layihələr həyata keçirir. Fəaliyyətinin mühüm istiqamətlərindən biri isə Ümumdünya İrsinin qorunmasıdır. Təşkilatın himayəsində olan bu irsə həm insan tərəfindən yaradılmış mədəni obyektlər, həm də təbii ərazilər daxildir.
Ümumdünya İrsi nədir?
Ümumdünya irsi dedikdə bütün bəşəriyyət üçün müstəsna dəyər daşıyan mədəni və təbii obyektlər nəzərdə tutulur. Belə obyektlərin əhəmiyyəti yalnız onların yerləşdiyi ölkə ilə məhdudlaşmır. Onlar ümumbəşəri əhəmiyyətə malik hesab edilir və buna görə də qorunması beynəlxalq məsuliyyət məsələsinə çevrilir.
YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olmaq üçün obyekt “müstəsna ümumdünya dəyərinə” malik olmalıdır. Bu, onun mədəni və ya təbii baxımdan o qədər əhəmiyyətli olması deməkdir ki, dəyəri milli sərhədləri aşır və bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edir.
Konvensiyaya əsasən, dünya irsi üç əsas kateqoriyaya bölünür: mədəni, təbii və qarışıq irs.
Mədəni irsə memarlıq nümunələri, monumental heykəltəraşlıq və rəsm əsərləri, arxeoloji obyektlər, mağaralar, tarixi tikililər və memarlıq kompleksləri daxildir.
Təbii irsə isə nadir və unikal təbiət əraziləri, geoloji və fiziki-coğrafi formasiyalar, elmi əhəmiyyət daşıyan və qorunmasına ehtiyac olan nadir flora və fauna arealları, eləcə də xüsusi təbii gözəlliyə malik ərazilər aid edilir.
Qarışıq irs isə həm təbiətin, həm də insan fəaliyyətinin birgə formalaşdırdığı əraziləri əhatə edir.
YUNESKO-nun qoruma funksiyası necə formalaşdı?
Ümumdünya İrsinin qorunması ideyasının formalaşmasında 1959-cu ildə Misirdə Asuan bəndinin tikintisi mühüm rol oynayıb. Bəndin inşası nəticəsində yaranacaq su anbarının qədim Nubiya ərazisindəki tarixi abidələri su altında qoymaq təhlükəsi yaranmışdı. Misir və Sudan hökumətləri bu abidələrin xilas edilməsi üçün YUNESKO-ya müraciət etdilər.
Təşkilat isə beynəlxalq ictimaiyyətə yardım çağırışı etdi. Nəticədə tarixdə ən böyük arxeoloji xilasetmə əməliyyatlarından biri həyata keçirildi. Qədim şəhərlər, məbədlər və digər mühüm tarixi artefaktlar araşdırıldı, bir sıra abidələr isə təhlükəli ərazilərdən köçürülərək qorundu.
Bu hadisə mühüm bir həqiqəti ortaya qoydu: dünya irsinin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq ictimaiyyətin də məsuliyyətidir.
Məhz bundan sonra mədəni və təbii irsin qorunması üçün vahid beynəlxalq mexanizmin yaradılması ideyası daha da gücləndi. 1966-cı ildə Venesiyada baş verən dağıdıcı daşqın da dünya irsinin təbii fəlakətlər qarşısında nə qədər həssas olduğunu göstərdi. YUNESKO və İtaliya hökuməti şəhərin mədəni abidələrinin qorunması və bərpası üçün uzunmüddətli plan hazırlamağa başladı.
Beləliklə, beynəlxalq səviyyədə dünya irsinin qorunması üçün vahid proqramın yaradılması istiqamətində təşəbbüslər genişləndi.

Təşkilatın əsas qoruma mexanizmi
Bu prosesin nəticəsi olaraq 16 noyabr 1972-ci ildə Ümumdünya Mədəni və Təbii İrsinin Qorunması haqqında Konvensiya qəbul edildi. Konvensiya 1975-ci ildə qüvvəyə mindi, 1978-ci ildə isə ilk Ümumdünya İrsi Siyahısı yaradıldı. Siyahının yaradılması YUNESKO-nun qoruma funksiyalarının əsasını təşkil edən mexanizmlərdən birinə çevrildi. Lakin obyektin siyahıya salınması yalnız onun adının beynəlxalq səviyyədə tanınması demək deyil. Əsas məqsəd həmin obyektin gələcək nəsillər üçün qorunmasını təmin etməkdir.
YUNESKO dünya irsi statusu daşıyan obyektlərin qorunmasına beynəlxalq diqqəti artırır, onların vəziyyətinin izlənilməsini və mühafizəsi üçün müvafiq tədbirlərin görülməsini təşviq edir. Dövlətlər isə öz ərazilərində yerləşən dünya irsi obyektlərinin müəyyən edilmiş dəyərinin qorunması üçün əsas məsuliyyəti daşıyırlar.
Bu baxımdan YUNESKO həm beynəlxalq standartların formalaşdırılmasında, həm dövlətlər arasında əməkdaşlığın gücləndirilməsində, həm də təhlükə altında olan irs nümunələrinin qorunmasına diqqətin cəlb edilməsində mühüm rol oynayır.
YUNESKO qorumasının vacibliyində səbəb nədir?
Tarixi abidələr müharibələr, təbii fəlakətlər, nəzarətsiz şəhərsalma, ekoloji dəyişikliklər, baxımsızlıq və vandalizm nəticəsində ciddi təhlükə ilə üzləşə bilər.
Belə hallarda beynəlxalq səviyyədə tanınmış status həmin obyektlərin qorunmasına əlavə diqqət və məsuliyyət yaradır. YUNESKO-nun fəaliyyəti müxtəlif ölkələrin mütəxəssislərini və qurumlarını bir araya gətirməyə, qoruma və bərpa layihələrinin həyata keçirilməsinə, eləcə də dünya ictimaiyyətinin diqqətinin problemə yönəldilməsinə imkan verir.
Təşkilatın yanaşmasının əsas mahiyyəti ondan ibarətdir ki, mədəni və təbii irs yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin ortaq sərvətidir.

Bu səbəbdən Ümumdünya İrsi Siyahısına daxil edilən hər bir abidə və ya təbii ərazi yalnız milli tarix və mədəniyyət baxımından deyil, qlobal miqyasda qorunmalı dəyər kimi qəbul edilir.
Qeyd edək ki, bu gün YUNESKO-nun dünya irsinin qorunması sahəsində fəaliyyəti tarixi abidələrin, unikal təbiət ərazilərinin və insanlıq üçün əhəmiyyətli mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm beynəlxalq mexanizmlərdən biri hesab olunur.
Ülviyyə FƏRHAD