Modern.az

Azərbaycan diplomatları Qarabağa apardı, İrəvanda “fırtına” qopdu – Sülhə kim hazır deyil?

Azərbaycan diplomatları Qarabağa apardı, İrəvanda “fırtına” qopdu – Sülhə kim hazır deyil?

Analitika

Bu gün, 15:11

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəmizdə akkreditə olunmuş xarici diplomatlarla Qarabağa səfəri Ermənistanda əsl siyasi hay-küyə səbəb olub. Erməni mediası, deputatlar, revanşist siyasətçilər, separatçı qurumların keçmiş təmsilçiləri və diaspor fəalları səfərdə iştirak edən diplomatları belə hədəfə çevirməyə başlayıblar.

Halbuki baş verənlər son dərəcə sadədir, Azərbaycan öz ərazisində akkreditə olunmuş diplomatları özünün beynəlxalq səviyyədə tanınan ərazilərinə aparıb. Bunun Ermənistanla nə hüquqi, nə də siyasi əlaqəsi var. Lakin İrəvandakı reaksiyalar göstərir ki, Ermənistan rəhbərliyi sülhdən danışsa da, bu ölkənin siyasi dairələri və cəmiyyəti postmünaqişə reallıqlarını qəbul etməyə hələ də hazır deyil.

Modern.az Ermənistan mediasında, parlamentində və sosial şəbəkələrin erməni seqmentində səsləndirilən reaksiyaları araşdırıb.

150 xarici nümayəndənin Qarabağ səfəri

Sentyabrın 11-12-də keçirilən səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-dək diplomat və xarici nümayəndə iştirak edib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olub.

Diplomatlara işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri, yeni yaşayış məntəqələri, nəqliyyat infrastrukturu, Qarabağ Universitetinin fəaliyyəti, tarixi və dini abidələrin hazırkı vəziyyəti barədə məlumat verilib.

Səfərin ikinci günündə nümayəndə heyəti Ağdərə rayonundakı Gəncəsər və Kəlbəcər rayonundakı Xudavəng monastırlarını ziyarət edib.

Hikmət Hacıyev diplomatlara bildirib ki, bu abidələr qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir. Gəncəsər monastırının XIII əsrdə alban hökmdarı Həsən Cəlal Dövlə tərəfindən inşa etdirildiyi diqqətə çatdırılıb.

Azərbaycan rəsmisi işğal illərində abidələrdə qanunsuz müdaxilələrin aparıldığını, onların memarlıq xüsusiyyətlərinin dəyişdirildiyini və tarixi kimliyinin saxtalaşdırılmasına cəhd göstərildiyini deyib.

Diplomatların Gəncəsər və Xudavəngə aparılması ilk növbədə onların abidələri öz gözləri ilə görməsinə imkan yaradıb. Bu isə uzun illər Qarabağdakı abidələr barədə yalnız erməni təbliğatının təqdim etdiyi birtərəfli məlumatlarla tanış olan xarici nümayəndələr üçün fərqli mənzərə ortaya qoyub.

Görünür, Ermənistan mediasını narahat edən əsas məsələ də budur, Azərbaycan artıq Qarabağ həqiqətlərini vasitəçilər və üçüncü tərəflər üzərindən deyil, birbaşa öz ərazisində təqdim edir.

Boş kitab erməni mediasını niyə təşvişə saldı?

Səfərin Ermənistan mediasında ən çox müzakirə edilən hissəsi Gəncəsər monastırında çəkilmiş görüntülər olub.

Hikmət Hacıyev diplomatlara monastırda qədim dini kitab kimi sərgilənən nəşrlərdən birini göstərib. Kitabın yalnız bir neçə səhifəsində mətn və təsvirlərin olduğu, digər səhifələrinin isə tamamilə boş qaldığı nümayiş etdirilib.

Görüntülərdə Azərbaycan rəsmisinin kitabı diplomatların qarşısında vərəqlədiyi görünür. Məhz bu kadrlar erməni mediasında ciddi narahatlıq yaradıb.

Erməni müəlliflər tələsik şəkildə kitabın orijinal əlyazma deyil, muzey üçün hazırlanmış reproduksiya olduğunu sübut etməyə çalışıblar. Tarixçi Hamlet Petrosyan sosial şəbəkədə yazıb ki, sərgi üçün yalnız müəyyən səhifələr çoxaldılıb, kitabın qalan hissəsi isə əvvəlcədən boş saxlanılıb. Onun iddiasına görə, orijinal əlyazmalar İrəvandakı Matenadaranda qorunur.

Erməni tərəfinin izahı yeni suallar doğurur. Əgər nəşr sadəcə nümayiş üçün hazırlanmış reproduksiya idisə, onun statusu niyə açıq şəkildə göstərilməyib? Niyə diplomatlara təqdim edilən muzey eksponatının böyük hissəsi boş səhifələrdən ibarət olub? Tarixi əlyazmanın yalnız iki səhifəsinin surətini çıxarıb, ardınca yüzlərlə boş vərəqi cildləməyin elmi və muzeyşünaslıq baxımından hansı zərurətdən irəli gəldiyi də izah edilmir.

Başqa sözlə, erməni mediasının uzun-uzadı müdafiə etməyə çalışdığı “qədim kitab” diplomatların qarşısında açılan kimi içərisindən tarix deyil, boş səhifələr çıxıb.

Ermənilər yenə Azərbaycan şəhərlərinə ad qoymağa çalışırlar

Ermənistan mediasının təqdimatında diqqət çəkən digər məqam Azərbaycan ərazilərinin adlarının davamlı şəkildə təhrif edilməsidir.

Erməni nəşrləri Qarabağı “Artsax”, Xankəndini “Stepanakert”, Şuşanı isə bəzi hallarda “işğal olunmuş Şuşi” adlandırıblar. Sanki səfər Azərbaycanın suveren ərazisinə deyil, Ermənistanın hansısa inzibati rayonuna təşkil edilib.

Halbuki Ermənistanın özü Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib. 2025-ci ilin avqustunda paraflanmış sülh sazişinin mətnində də tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması nəzərdə tutulur. Sazişin açıqlanan mətnində qarşılıqlı ərazi iddialarından imtina edilməsi də əksini tapıb.

Ermənistan mediası isə ölkə rəhbərliyinin imzaladığı və ya qəbul etdiyini açıqladığı prinsipləri görməzdən gələrək Azərbaycan şəhərlərini separatçı rejimin uydurduğu adlarla təqdim etməkdə davam edir.

Bu coğrafi adlar üzərindən aparılan mübarizə Ermənistan cəmiyyətində Azərbaycanın suverenliyinin hələ də daxili şəkildə qəbul edilmədiyini göstərir.

İrəvan rəsmiləri beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyirlər, erməni mediası və siyasi dairələri isə ilk fürsətdə yenidən “Artsax”, “Stepanakert” və “işğal olunmuş Şuşi” ifadələrinə qayıdırlar.

Ortaya haqlı sual çıxır: Ermənistanın əsl mövqeyi rəsmi görüşlərdə səsləndirilən sülh bəyanatlarıdır, yoxsa ölkənin parlamentində, mediasında və ictimai müzakirələrində davam edən ərazi iddiaları?

Diplomatlar niyə hədəfə çevrildi?

Erməni dairələri etirazlarını təkcə Azərbaycana ünvanlamaqla kifayətlənməyiblər. Qarabağa gələn diplomatların adları ayrıca sadalanıb və onlar ictimai təzyiq hədəfinə çevriliblər.

Radikal mövqeyi ilə seçilən “301.am” platforması ABŞ, Fransa, Böyük Britaniya, Avropa İttifaqı, Meksika, Pakistan, İndoneziya, Özbəkistan və Qırğızıstan nümayəndələrinin adlarını yayımlayıb.

Sayt diplomatların Xankəndi, Şuşa, Gəncəsər və Xudavəngə səfərini Azərbaycanın Qarabağla bağlı mövqeyinin legitimləşdirilməsi kimi təqdim edib. Yazıda xarici nümayəndələrin səfər zamanı susmasının belə “şəriklik” sayıla biləcəyi bildirilib və diplomatlar ictimai hesabat verməyə çağırılıb. Məqalədə onların Qarabağda harada dayandıqları, hansı abidəyə daxil olduqları və harada şəkil çəkdirdikləri belə ittiham predmetinə çevrilib.

Diplomatların adlarının bu formada siyahıya alınması adi tənqid deyil. Bu, xarici nümayəndələrə “Azərbaycanın Qarabağ bölgəsinə səfər etsəniz, Ermənistanda hədəfə çevriləcəksiniz” mesajının verilməsidir.

Özünü keçmiş separatçı qurumun “Turizm və Mədəniyyətin İnkişafı Agentliyi”nin rəhbəri kimi təqdim edən Sergey Şahverdyan da diplomatlara açıq məktub ünvanlayıb. O, xüsusilə ABŞ, Fransa və Rusiya nümayəndələrindən Qarabağa səfərlərinə görə izahat tələb etməyə çalışıb. 

“Artsax İttifaqı” adlanan qurum isə xarici diplomatların səfərini pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycanın öz ərazisində təşkil etdiyi tədbir “səhnələşdirilmiş diplomatik səfər” adlandırılıb. Separatçı düşüncəni yaşatmağa çalışan qurum diplomatların iştirakını Azərbaycanın mövqeyinə dəstək kimi qiymətləndirib. 

Erməni tarixçi Hayk Demoyanın sosial şəbəkədə yaydığı fikirlərdə isə daha təhlükəli ton nəzərə çarpıb. O, baş verənlərin dəyişə biləcəyini və belə dəyişikliklərin bəzən “ağır qiymətinin” olduğunu yazıb. Günahsız insanların bu qiyməti ödəyə biləcəyinə dair ifadələr işlədib.

Bu cür ritorika birbaşa diplomatik diskussiyanın sərhədlərindən çıxır və üstüörtülü hədə-qorxu təsiri yaradır. Qarabağa səfər edən diplomatların adlarının yayılması, onlardan hesabat tələb edilməsi və ardınca “ağır qiymət” barədə mesajların səsləndirilməsi Ermənistanın revanşist çevrələrində təhlükəli siyasi atmosferin mövcudluğunu göstərir.

Məsələ Ermənistan parlamentini də qarışdırdı

Sosial şəbəkələrdə başlayan müzakirə sentyabrın 14-də Ermənistan parlamentinə daşınıb.

Müxalif “Hayastan” fraksiyasının katibi Artur Xaçatryan Ermənistan hakimiyyətindən Azərbaycana qarşı ən yüksək səviyyədə mövqe bildirməyi tələb edib. O, Gəncəsər və Xudavəngin Qafqaz Albaniyası irsi kimi təqdim edilməsinə qarşı rəsmi addımların atılmasını istəyib.

Müxalif deputat Anna Qriqoryan parlament rəhbərliyini Gəncəsərin erməni abidəsi olduğunu açıqlamağa çağırıb. O, Ermənistan hakimiyyətini Hikmət Hacıyevin diplomatlara verdiyi məlumatlara cavab verməməkdə günahlandırıb.

Deputat Mesrop Manukyan isə Hikmət Hacıyevin Gəncəsərdəki təqdimatını və Avropa ölkələrindən olan diplomatların səfərdə iştirakını “biabırçılıq” adlandırıb. Müxalifət fraksiyasının məsələyə ayrıca reaksiya verəcəyini açıqlayıb.

Beləliklə, Azərbaycan rəsmisinin ölkəmizin ərazisində diplomatlara tarixi abidələr barədə məlumat verməsi Ermənistan parlamentində az qala fövqəladə hadisə kimi müzakirə edilib.

Müxalifətin yanaşmasına görə, Ermənistan hakimiyyəti başqa dövlətin daxilində keçirilən diplomatik səfərə müdaxilə etməli, Azərbaycana nota verməli və xarici diplomatların qarşısında Gəncəsərin kimə məxsus olduğunu sübut etməyə başlamalıdır.

Görünür, erməni müxalifəti üçün sərhədlər yalnız xəritədə dəyişib. Siyasi düşüncədə isə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək vərdişi hələ də qalır.

Hakimiyyət tənqid edir, amma məsafə saxlamağa çalışır

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları müxalifətlə müqayisədə daha ehtiyatlı mövqe tutublar.

Deputat Sona Qazaryan Hikmət Hacıyevin Gəncəsərlə bağlı söylədiklərini “əsassız” adlandırıb. Bununla yanaşı, o, sülhün artıq mövcud olduğunu, onun qorunmasına ehtiyac duyulduğunu və tərəflərin bəyanatlarında diqqətli davranmalı olduqlarını bildirib. Deputat Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaların və normallaşma istiqamətindəki irəliləyişlərin də nəzərə alınmasını istəyib.

Hakim partiyanın digər deputatı Armen Xaçatryan isə jurnalistlərin təkrar suallarına əsəbi reaksiya verərək mövzunun həddindən artıq şişirdildiyini bildirib. Onun sözlərinə görə, 30 illik münaqişədən sonra belə bəyanatların səslənməsi gözləniləndir və məsələ dəfələrlə cavablandırılıb.

Bu reaksiyalar Ermənistan hakimiyyəti daxilində müəyyən praqmatik yanaşmanın formalaşdığını göstərsə də, hakim partiyanın nümayəndələri də Qarabağla bağlı köhnə tarixi tezislərdən tam imtina edə bilmirlər. Bunun səbəbi cəmiyyət və revanşist müxalifət tərəfindən təzyiqə məruz qalmaq qorxusudur.

İrəvan rəhbərliyi anlayır ki, Azərbaycanın ərazi bütövlüyü artıq müzakirə mövzusu deyil. Lakin bunu erməni cəmiyyətinə açıq şəkildə söyləmək hələ də siyasi risk hesab olunur.

Ermənistan XİN niyə susur?

Material hazırlanarkən Ermənistan Xarici İşlər Nazirliyinin səfərlə bağlı ayrıca rəsmi bəyanatı qeydə alınmayıb.

Bu susqunluğun səbəbi başadüşüləndir. Ermənistan XİN Azərbaycanın öz ərazisində xarici diplomatların səfərini təşkil etməsinə rəsmi etiraz bildirsə, bununla faktiki olaraq Azərbaycanın daxili işlərinə qarışmış olar.

Digər tərəfdən, səfərə etiraz etmək Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə ziddiyyət təşkil edər.

Buna görə də rəsmi İrəvan danışmır, amma yaxın media orqanları, diaspor təşkilatları və separatçı qurumların keçmiş nümayəndələri vasitəsilə etiraz kampaniyası aparılır.

Bu mənzərə Ermənistanın dövlət səviyyəsində sülh ritorikasına keçdiyini, lakin ictimai-siyasi şüurun mühüm hissəsinin hələ də müharibədən əvvəlki iddialarla yaşadığını göstərir.

Əsl narahatlıq Gəncəsər deyil

Ermənistan mediasının reaksiyalarından görünür ki, əsas narahatlıq təkcə Gəncəsər və Xudavəngin tarixi mənsubiyyəti ilə bağlı deyil.

Erməni siyasi dairələri xarici diplomatların Azərbaycanın dəvəti ilə Xankəndiyə, Şuşaya, Ağdərəyə və Kəlbəcərə getməsini postmünaqişə reallığının beynəlxalq səviyyədə qəbul olunması kimi görürlər.

Diplomatlar Qarabağa Azərbaycan ərazisi kimi səfər edir, Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrlə tanış olur və səfər boyunca Azərbaycan rəsmiləri tərəfindən müşayiət edilirlər. Bunun üçün İrəvandan icazə alınmır, erməni tərəfinin rəyi soruşulmur və keçmiş separatçı qurumun mövcudluğu heç bir formada nəzərə alınmır.

Revanşist dairələrin qəbul etmək istəmədiyi reallıq məhz budur.

Onlar Gəncəsərdəki kitabın boş səhifələrini müzakirə etməklə əslində siyasi baxımdan bağlanmış başqa bir səhifəni yenidən açmağa çalışırlar. Lakin Qarabağ məsələsinin əvvəlki səhifəsi artıq bağlanıb. Azərbaycan öz suverenliyini tam bərpa edib və bölgədə hansı diplomatik səfərin keçiriləcəyinə yalnız Bakı qərar verir.

Azərbaycanın Konstitusiya tələbi niyə haqlıdır?

Ermənistandakı son reaksiyalar Azərbaycanın bu ölkənin Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinin formal və ya texniki məsələ olmadığını bir daha göstərir.

Ermənistan Konstitusiyasının preambulasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsiplər və ümummilli məqsədlər əsas götürülür. Həmin Bəyannamədə isə Ermənistan SSR ilə keçmiş “Dağlıq Qarabağ” Muxtar Vilayətinin “birləşdirilməsi” barədə 1 dekabr 1989-cu il qərarına istinad edilir. Konstitusiyanın mövcud preambulası bunu Ermənistan dövlətçiliyinin əsaslarından biri kimi saxlayır.

Ermənistan tərəfi bu müddəaların Azərbaycana qarşı birbaşa ərazi iddiası olmadığını söyləyir. Lakin ölkənin deputatları, mediası və diaspor təşkilatları Azərbaycanın şəhərlərini hələ də başqa adlarla çağırır, Qarabağı “işğal edilmiş ərazi” kimi təqdim edir və Azərbaycan ərazisinə gələn diplomatları hədəfə alırsa, Bakının narahatlığının əsassız olduğunu söyləmək çətindir.

Konstitusiyanın mətni bir yana, Ermənistandakı siyasi davranış həmin mətnə bağlı iddiaların cəmiyyətdə yaşamaqda davam etdiyini göstərir.

Azərbaycan haqlı olaraq tələb edir ki, imzalanacaq sülh müqaviləsi Ermənistanın ali hüquqi sənədi ilə ziddiyyət təşkil etməsin. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd imzalamaq, digər tərəfdən Qarabağın Ermənistana birləşdirilməsi ideyasına istinad edən konstitusion bazanı qoruyub saxlamaq davamlı sülh üçün hüquqi təminat yaratmır.

Prezident İlham Əliyev də bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyasından çıxardıqdan sonra yekun sülh sazişinin imzalanması mümkündür. Bakının bu mövqeyi beynəlxalq mediada da sülh sazişinin əsas şərtlərindən biri kimi göstərilir

Qarabağa bir diplomatik səfərin Ermənistanda yaratdığı reaksiya Azərbaycanın niyə hüquqi təminat istədiyinə ən yaxşı cavabdır. Bu gün diplomatların Xankəndiyə getməsinə etiraz edən, sabah həmin şəhəri yenidən “Stepanakert” adlandıraraq siyasi iddia irəli sürə bilər.

Sülh ritorikası, revanşist düşüncə

Azərbaycanın öz ərazisində akkreditə olunmuş diplomatları öz şəhərlərinə aparması ölkəmizin daxili işidir. Səfərin marşrutunu müəyyənləşdirmək, nümayəndə heyətinə hansı tikinti layihəsini və ya tarixi abidəni göstərmək üçün Ermənistanın razılığına ehtiyac yoxdur.

Azərbaycan diplomatları Ermənistan ərazisinə deyil, Xankəndiyə, Şuşaya, Ağdərəyə və Kəlbəcərə aparıb. Bu ərazilər beynəlxalq hüquqa görə həmişə Azərbaycanın olub, bu gün isə Azərbaycan dövlətinin tam suveren nəzarəti altındadır.

Ermənistanda siyasətçilərin, deputatların, diaspor təşkilatlarının, keçmiş separatçıların və media resurslarının bir səfərə qarşı başlatdığı kampaniya İrəvanın sülh gündəliyinə cəmiyyət olaraq nə dərəcədə hazır olması barədə ciddi suallar yaradır.

Xarici diplomatların adlarını yaymaq, onları ittiham etmək, hesabat tələb etmək və müzakirəni üstüörtülü təhdid ritorikasına qədər aparmaq Ermənistan cəmiyyətində revanşizmin miqyasını göstərir.

Sülh yalnız hökumət başçılarının bəyanatları ilə yaranmır. Bunun üçün cəmiyyət keçmiş iddialardan əl çəkməli, qonşu dövlətin ərazi bütövlüyünü yalnız kağız üzərində deyil, siyasi düşüncədə də qəbul etməlidir.

İrəvan sülhdən danışırsa, əvvəlcə öz deputatlarına, mediasına və diasporuna izah etməlidir ki, Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər Azərbaycan şəhərləridir. Azərbaycan həmin ərazilərə kimi aparacağını Ermənistandan soruşmayacaq.

Gəncəsərdə diplomatlara göstərilən kitabın səhifələri boş ola bilər. Amma Ermənistan cəmiyyətinin qarşısında duran sual boş deyil: onlar həqiqətən sülhə hazırdırlar, yoxsa sadəcə məğlubiyyətdən sonra vaxt qazanmağa çalışırlar?

 

Sizə yeni x var
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?