Yəməndə uzun müddətdir davam edən müharibə yenidən kritik mərhələyə daxil olub.
Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin Qırmızı dəniz sahilində husilərə qarşı başlatdığı hücum əməliyyatından sonra cəbhədə vəziyyət gözlənilmədən dəyişib.
İlk günlərdə Ədən şəhərində yerləşən və Ər-Riyad tərəfindən dəstəklənən hökumət qüvvələri şimala doğru irəliləyərək müəyyən əraziləri ələ keçirə bilmişdi. Lakin husilərin - “Ənsar Allah” hərəkatının - səfərbərlik çağırışından sonra vəziyyət onların xeyrinə dəyişməyə başlayıb. Yerli mənbələrə əsasən, qəbilə qüvvələrinin də husilərin tərəfində döyüşlərə qoşulması onların müdafiəni təşkil etməsinə və əks-hücuma keçməsinə imkan verib.
Son sutka ərzində husilərin Qırmızı dəniz sahili boyunca təxminən 2,6 min kvadratkilometr əraziyə yenidən nəzarət etdiyi iddia olunur. Məlumatlara görə, husilər strateji əhəmiyyət daşıyan Moxa şəhərinə daxil olub, Taiz şəhərini isə mühasirəyə alıblar. Həmçinin hökumət qüvvələrinin üç briqadasının təslim olduğu barədə məlumatlar yayılıb.
Əgər bu dinamika qorunarsa, husilərin yaxın vaxtlarda Qureyrə şəhəri və Bab əl-Məndəb boğazı yaxınlığındakı strateji yarımada istiqamətində də irəliləməsi mümkündür. Yayılan görüntülərdə husilərin Ədənə aparan yola çıxdığı da görünür. Husilərin uğurları Yəmənin daxili siyasi mübarizəsi ilə məhdudlaşmır. “Ənsar Allah” İranla müttəfiq qüvvə kimi qəbul edilir və Tehran uzun müddətdir hərəkatın əsas regional tərəfdaşlarından biri hesab olunur.
Hazırkı vəziyyətdə Bab əl-Məndəbin təhlükə altına düşməsi İran üçün də mühüm strateji imkan yaradır. Çünki Hörmüz boğazında yaranmış gərginlik fonunda Qırmızı dənizin girişindəki bu boğazın da nəzarətdən çıxması Yaxın Şərqin iki əsas enerji arteriyasını eyni vaxtda təzyiq altında saxlaya bilər. Reuters-in iyul ayında dərc etdiyi təhlildə də İranın Hörmüzdən sonra Bab əl-Məndəb istiqamətini ABŞ-a qarşı əlavə təzyiq nöqtəsi kimi istifadə edə biləcəyi qeyd olunurdu. Tehran isə husilərə birbaşa nəzarət etdiyini rəsmən inkar edir. Bununla belə, son günlər Səudiyyə Ərəbistanına qarşı hücumların intensivləşməsi fonunda İranın regional proseslərdə rolu yenidən əsas müzakirə mövzularından birinə çevrilib.
Husilərin Moxaya daxil olması və Bab əl-Məndəb istiqamətində irəliləməsi enerji bazarları üçün də ciddi risk yaradır. Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən əsas dəniz keçidlərindən biridir. Bu marşrutun bağlanması və ya təhlükəli zonaya çevrilməsi Səudiyyə Ərəbistanından Asiya bazarlarına gedən neft tankerlərinin marşrutlarını dəyişməyə məcbur edə bilər.
Artıq enerji bazarında bunun təsiri hiss olunur. Son məlumatlara görə Brent markalı neftin qiyməti 108 dollar ətrafına yüksəlib.
Reuters-in hesablamalarına görə, Bab əl-Məndəbin tam bağlanması neft qiymətlərində yeni sıçrayış yarada bilər. Alternativ marşrutların mövcudluğu zərbəni müəyyən qədər azaltsa da, daşınma müddətinin və xərclərinin kəskin artması qaçılmazdır.
Bu səbəbdən husilərin Qırmızı dənizin cənub hissəsində möhkəmlənməsi artıq yalnız Səudiyyə Ərəbistanı və Yəmən üçün deyil, dünya enerji bazarı üçün də ciddi problemdir. Vəziyyətin daha da mürəkkəbləşməsinin başqa səbəbi Pakistanın Səudiyyə Ərəbistanına açıq siyasi dəstəyidir.
İslamabad sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin şəkildə pisləyib və krallığın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Pakistanın Baş naziri Şahbaz Şərif də Səudiyyənin mülki və enerji obyektlərinə hücumları pisləyib. Bundan əvvəl Pakistanın müdafiə naziri Xacə Asif bildirmişdi ki, Səudiyyə Ərəbistanına qarşı hücumlar yaxın vaxtlarda imzalanmış Səudiyyə Ərəbistanı-Türkiyə-Pakistan müdafiə sazişinin işə düşməsinə səbəb ola bilər.
Lakin sentyabrın 10-da Pakistan hökuməti hərbi cavabın hazırda müzakirə edilmədiyini açıqlayıb. Yəni İslamabad hələlik birbaşa Yəmən müharibəsinə qoşulmaq niyyətində deyil, amma Səudiyyə Ərəbistanının müdafiəsinə siyasi və təhlükəsizlik baxımından dəstəyini saxlayır. Hazırkı vəziyyət dəyişməz qalarsa, husilərin növbəti hədəfi Ədən istiqamətində mövqelərini genişləndirmək ola bilər.
Belə ssenari reallaşarsa, “Ənsar Allah” Qırmızı dənizin böyük hissəsində mövqelərini möhkəmləndirməklə yanaşı, Bab əl-Məndəbə çıxışlara nəzarət imkanını da əldə edə bilər. Bu isə Səudiyyə Ərəbistanı üçün ciddi hərbi-siyasi zərbə, ABŞ üçün isə Yaxın Şərqdə enerji və dəniz yollarının təhlükəsizliyi baxımından yeni böhran deməkdir. Ən təhlükəli ssenari isə İran–Husilər–Bab əl-Məndəb xəttinin Hörmüz boğazındakı gərginliklə birləşməsidir. Belə halda Yaxın Şərqdə iki mühüm enerji marşrutunun eyni vaxtda risk altında qalması neftin qiymətini daha da yüksəldə və qlobal daşımaları ciddi şəkildə poza bilər.
Hazırda husilərin bildirilən irəliləyişləri təsdiqlənməsi tələb olunan döyüş meydanı iddialarıdır. Lakin Moxa kimi strateji məntəqənin ələ keçirilməsi barədə məlumatlar doğrudursa, Yəməndə müharibənin ağırlıq mərkəzi yenidən Qırmızı dəniz sahilinə keçə bilər.
Qeyd edək ki, hazırda Azərbaycan neftinin 1 bareli 119 dollara çatır. Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.