Arxiv
14 Yanvar 2013, 10:19 |
“ASAN xidmət”in asan izahı

Ötən istirahət günü səhər tezdən binamızın həyətində skamyada oturub təmiz hava alırdım. Bir də gördüm qonşumuz Miriş əmi bloklarından çıxıb əlindəki çəliyə söykənə-söykənə mənə sarı gəlir. Kişinin 70 yarı vardı, özü də ikinci qrup əlil idi. Sağ ayağı işləmirdi. Hər dəfə məni görəndə elə bil kişinin ürəyi açılırdı. Eşitdiyi təzə xəbərlərin hamısını bir-bir danışırdı. Zarafat etməyi, lətifələr söyləməyi çox sevirdi. Baməzəliyi ilə tanınırdı. Loru dildə danışırdı, danışdırdıqca da adama ləzzət edirdi. 

Miriş əmi hıqqına-hıqqına gəlib mənə çatdı. Hal-əhval tutaraq, özünü güclə tarazlayıb oturduğum skamyanın sağ küncündə əyləşdi. Qalın şüşəli, qara çərçivəli, sol qulaqcığı skoçtla yapışdırılmış qırıq eynəyinin üstündən məni diqqətlə süzüb dedi:

– Ay bala, təzə bir xəbər eşitmişəm, deyirlər, Azərbaycanda elektron hökumət qurulur, hökumət elektronlaşdırılır...düzdür?

–  Hə, düzdür! – dedim.

Hmm... onda ay bala, sən oxumuş, jurnalist adamsan, bu elektron hökumət nə deməkdir, məni başa sal də, ağsaqqal kişiyəm, birdən biri məndən soruşar, bilməsəm, ayıb olar axı.

Miriş əminin bir o qədər də savadı olmasa da, həmişə özünü çoxbilmiş, hər şeydən xəbəri olan bir adam kimi göstərməyə çalışırdı. Təzə nəisə eşidəndə tez ordan-burdan onun haqqında məlumat toplayıb qabağına çıxana danışırdı. Necə ki, mənə danışırdı. Elə bu ərəfədə elektron hökumət barədə material hazırladığımdan, həm də Miriş əminin güclü marağını görüb, e-hökumət haqqında bildiklərimi ona nəql etməyə başladım.

Miriş əmi, elektron hökumətin qurulması, təzə xəbər deyil, bu proses Azərbaycanda çoxdan gedir. Sadəcə indi özünün əsas inkişaf mərhələsinə qədəm qoyub.

Hmm...nə bilim ay bala, mənim bəs niyə xəbərim olmayıb? – Miriş əmi özünü bir az günahkar kimi hiss etdi: – Yaxşı, sən de görüm, axı bu nə deməkdir ey, elektron hökumət?

Elektron hökumət, Miriş əmi, informasiya və kommunikasiya texnologiyalarından, qısaca desək İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə bizim kimi vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasıdır. Yəni bütün dövlət idarəetmə sisteminin infrastrukturu informasiyalaşdırılır, idarə etmə fəaliyyəti avtomatlaşdırılır, kağız üzərində olan sənədlər rəqəmli məkana keçirilir, sənədlərin, arayışların, vəsiqələrin verilməsi prosesi, bir sözlə hər şey elektronlaşdırılır...

Bu yerdə Miriş əmi sözümü kəsib dedi: – Deyirsən sənədlərin, arayışların, vəsiqələrin verilməsi elektronlaşdırılır. Nəysə mənə çatmadı ey bu. Bəs rüşvət?...O necə olacaq? Onu da elektronlaşdıracaqlarmı?

– Allah səni güldürsün Miriş əmi, – gülmək məni tutdu: – Bu elektron hökumət elə rüşvətə, bürokratiyaya, özbaşınalığa qarşıdır də. Artıq dövlət orqanları vətəndaşlara göstərdikləri xidmətləri onlayn rejimində, yəni internet vasitəsilə operativ və şəffaf surətdə təqdim edəcəklər, bürokratik əngəllər aradan qaldırılacaq, əməliyyatlara məmur təsiri tamamilə yığışdırılacaq.

– Məmur təsiri olmayacaq?...İnanan daşa dönsün, ay bala. Bəs bizim bazburudlu, qaşqabaqlı yekəqarın məmurlarımız hər şeyə bir mız qoymasalar ürəkləri partlayar axı.

– Miriş əmi, elektron hökumətin özəlliyi də ondadır ki, artıq  heç bir məmur vətəndaşlara göstərilən xidmətlərə müdaxilə edə bilməyəcək. Eşitmisən...“ASAN xidmət” mərkəzləri də yaradılıb?! Tezliklə fəaliyyətə başlayacaq.

–  O nə mərkəzlərdir elə?

Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətləri bir məkandan həyata keçirəcək. Onun üstünlüyü ondadır ki, 9 dövlət qurumunun təqdim etdiyi 23 xidməti bir ünvandan ala biləcəksən. Sənə bir-neçə yerdən arayış lazımdırsa, daha vaxt itirib həmin yerlərə yox, bir yerə – “ASAN xidmət” mərkəzinə gedib asanlıqla alacaqsan.

Aaa...nə yaxşı, – Miriş əmini maraq götürdü: – Deyirsən ASAN xidmət bizə bütün xidmətləri göstərəcək?

Əlbəttə, bax Miriş əmi, bizim üçün vacib olan xidmətlərin hamısı, doğumun, ölümün,  nikahın və s. proseslərin qeydə alınması, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, şəhadətnamələrin, arayışların, çıxarışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, notarius xidmətləri və vətəndaşlara lazım olan digər əməliyyatlar ASAN xidmət mərkəzində həyata keçiriləcək.

Aaa...nə yaxşı iş imiş bu! Bu qoca, xəstə vaxtımda bir arayış lazım olanda daha dağa-daşa düşmərəm, gedib elə “ASAN xidmət” mərkəzindən alaram də.

Miriş əmi, ASAN xidmətin “Çağrı” mərkəzləri də fəaliyyət göstərəcək. Mərkəzə getmədən bütün xidmət növləri, tələb edilən sənədlər barədə internet vasitəsilə və ya telefonda sadəcə “108” nömrəsini yığmaqla məlumat alacaqsan, özünə növbə tutacaqsan. Qeyd edim ki, hətta informasiya xidmətini “Çağrı” mərkəzindən videoqəbul vasitəsilə də ala biləcəksən.

Halaldı, vallah bu xidməti yaradanlara!

Miriş əmi, hələ bu harasıdır. İstəsən heç mərkəzə getmədən də, evdə oturub ASAN xidmətdən yaralana bilərsən.

Yox əşşi, ağ eləmə də, elə şey olar? – Miriş əminin heyrətdən az qaldı qırıq eynəyi burnun üstündən sürüşüb düşsün yerə. Kişi əli ilə eynəyini yerə düşməkdən zorla saxladı.

Bax, Miriş əmi, ASAN xidmətdə səyyar xidmətlər də olacaq. Yəni qanunla nəzərdə tutulmuş müəyyən məbləğ ödəməklə ASAN xidməti evinə də gətirə bilərsən. Sənin təqdim edəcəyin sənədləri və sənə veriləcək sənədləri elə evdəcə təhvil verib, təhvil ala bilərsən.

Cən canın zarafat etmirsən ki?! – Miriş əmin heyrəti getdikcə daha da artırdı.

Miriş əmi, nə danışırsan, bu boyda zarafat olar. Hələ, onu da deyim ki, qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün səyyar xidmətlər pulsuz olacaq.

Ay səni xoşxəbər olasan! – sevincdən Miriş əminin gözləri qırıq eynəyinin altından işardı: – Allah atana rəhmət eləsin ay bala! Kor nə istər iki göz, biri əyri, biri düz! – Miriş əmi baməzəliyindən qalmadı.

Miriş əmi, ASAN xidmətin üstünlüklərinin hələ hamısını deməmişəm. Allah qoysa bu xidmətlə üzləşəndə özün hər şeyi görəcəksən.

– ASAN xidmət bir inqilabi yenilik imiş ki, ay bala, bizim də xəbərimiz yox. Səhər-səhər nə yaxşı xəbər verdin. Yoxsa idarələrdə bürokratların əlindən adam lap təngə gəlmişdi. Özün bilirsən də, lazım olun arayışı və ya sənədi bir idarədən alana kimi adamın az qalır canı çıxsın. Özü də, fikir vermisənsə, ay bala, sənədlərin verilməsi idarə rəhbərliyin nəzarəti altında, bəzən isə elə yüksək rütbəli, vəzifəli şəxslərin özləri tərəfindən həyata keçirilir. Gör bu işdə nə maraq var ki, vəzifəli adamlar texniki işlərlə məşğul olurlar. – deyə Miriş əminin ürəyi lap açıldı: – O gün, güc-bəla ilə getmişəm JEK-ə arayış almağa. Təcili lazım idi. Bir qaşqabaqlı xanım oturub otaqda. Arayış istəyən kimi dedi: – Bu gün spravka günü deyil, get sabah gələrsən. Deyirəm, ay qızım xəstə, invalid adamam, mən bu qədər yolu təzədən necə gedim-gəlim. Mənə nə desə yaxşıdır: – İçəri girəndə gözün görmədi qapıda nə yazılıb?...Spravkalar ikinci, üçüncü və beşinci günlər saat 4-dən sonra verilir. Day, bunun mərifətinə deməyə sözüm qalmadı. Suyu süzülə-süzülə geri qayıtdım. Beşinci gün saat 4-də yenə birtəhər getdim ora. Qapının ağzı adamla dolu idi. Saat yarımdan sonra növbəm çatdı. Xanım acıqlı-acıqlı arayışı yazıb dedi: – Rəis qol çəkib peçat vurmalıdır. Dedim, qol çəkib vursun də. Xanım qayıdasan ki, bəs rəis getdi ərazilərə baxmağa, daha bu gün olmayacaq, get sabah gələrsən. Cin vurdu beynimə, ağzımdan çıxanı başladım deməyə. Səs-küy qalxdı, ələm qatışdı bir-birinə. Birdən rəis haradansa cin kimi peyda oldu. Qorxusundan rəngini udmuşdu, yalvar-yapış edib məni sakitləşdirməyə başladı. Arayışı da tez xanımın əlindən alıb qol çəkdi, cibindən də peçatı çıxardıb vurdu. Mənim də yanımda xanımın üstünə qışqırdı ki, bəs ağsaqqal adamdır, utanmırsan onu incidirsən. Sonra da mənə dedi ki, eybi yox, ağsaqqal, sən narahat olma, arxayın get evə, mən onun cəzasını verəcəm, işdən iti qovan kimi qovacam. Xanıma yazıqım gəldi, ürəyim ağrıdı. Başladım indi mən rəisə yalvarmağa ki, sən Allah, heç nə eləmə, bir səhvdir də etdi. Ağsaqqal vaxtımda kiminsə çörəyinə bais olmaq mənə yaraşmaz axı. Nəyisə, nə başını ağrıdım, böyük bir müsibətlə arayışı alıb çıxdım. Orda olan qonşulardan biri mənə dedi ki, ay Miriş əmi, o rəis artistin biridir, sənin yanında da artistlik edirdi. Özü xanıma tapşırıb ki, pul verməyənləri bacardıqca incit.

Ay Miriş əmi, heç bilirsən sənin kimi nə qədər adam belə özbaşınalıqlarla üzləşir?

Bilirəm, bilirəm ay bala. Yəqin televizorda görmüsən, azdan-çoxdan xarici ölkələrdə də olmusan. Xaricdə əhaliyə xidmət işlərini gülərüz, xoşsifət gənc oğlan və qızlar həyata keçirir? Bizdəki kimi, bazburudlu, zəhmli çinovniklər yox. Bu məmurlar elə bir sistem qurublar ki, sənəd almaq istəyəndə mütləq süni əngəllərlə rastlaşırsan. Beş dəqiqəyə hazırlana biləcək bir sənədin verilməsini günlərlə, həftələrlə, bəzən isə aylarla yubadırlar. Həmin müddət ərzində, ay bala, adamın ya işi pozular, ya da əsəbləri. Korrupsiya, rüşvətxorluq da məhz belə hallardan yaranır. İndi mən bir şeydən qorxuram ay bala, uzun müddət bürokratik idarəetməyə öyrənmiş məmurlar elektron hökumət ideyasını öz xoşuna necə qəbul edəcəklər.

Miriş əmi, onların başqa yolu yoxdur. Dövlət məmurları fəaliyyətlərində şəxsi maraqlarını deyil, vətəndaşların maraqlarını nəzərə almalıdırlar. Ya elektron hökumət ideyasını qəbul edib, onun aktiv tətbiqinə çalışmalıdırlar, ya da ki, yerlərini innovativ ideyaları dərk edən perspektivli kadrlara verməlidirlər...Miriş əmi, bayaq dedin ki, xidmət sahəsində qaşqabaqlı, acıqlı məmurlar oturur. Bax, ASAN xidmətin bir özəlliyi onda olacaq ki, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa ən yüksək səviyyədə əməl olunacaq. Xidmət sahəsində yalnız gülərüz, xoş ünsiyyət qurmağı bacaran gənclərdən ibarət personal fəaliyyət göstərəcək.

Bu çox yaxşı olar, ay bala!

Miriş əmi, ümumiyyətlə ASAN xidmətdən istifadə etmək çox rahat olacaq. Mərkəzə daxil olan kimi içəridə quraşdırılmış məlumat köşklərindən əldə etmək istədiyin sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənə biləcəksən, növbə kağızı alacaqsan. Növbən çatanda, bu, müraciət edəcəyin şöbənin pəncərəsindəki elektron tabloda əks olunacaq. Onda yaxınlaşıb xidmətdən asanlıqla yararlana biləcəksən. Bir vacib məsələni də qeyd edim ki, ASAN xidmət mərkəzində şəffaflığın təmin edilməsi üçün xidmət aparılan otaqların divarları şəffaf, görünən materiallardan hazırlanıb. Hər bir hərəkət, davranış, göstərilən xidmət videokamera ilə qeydiyyata alınır. Yəni burada hər hansı bir vətəndaşa qarşı kobudluq, sayğısızlıq, süründürməçilik və ya qanunsuz bir hərəkət müşahidə olunsa, dərhal qarşısı alınacaq. Başqa bir vacib məqam da var ki, qanunla müəyyən edilmiş xidmət haqqından başqa, heç kim səndən əlavə ödəniş tələb edə bilməz. Mərkəzdə rüsumları ödəmək üçün xüsusi bankomatlar da yerləşdirilib. Bütün ödənişlər bankomatlar vasitəsilə həyata keçiriləcək.

Bax, bu başqa məsələ!

Miriş əmi, Mərkəzdə əlillər üçün də bütün zəruri şərait yaradılıb, görmə qabiliyyəti məhdud olan insanlar üçün yerə xüsusi örtüklər vurulub, onların oxuya biləcəyi lövhələr yerləşdirilib. Bunlardan əlavə “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə guşəsi, tibb xidməti, bank, poçt şöbələri, internet-kafe, foto-studiya daha nə bilim, nələr fəaliyyət göstərəcək. Uşaqla gələn vətəndaşlar uşaqlarını uşaq əyləncə guşəsinə təhvil verərək işlərini rahat görə biləcəklər.

Day, deynən camaat ASAN xidmət mərkəzinə istirahətə gedir ki, – Miriş əminin heyrətdən ağzı lap açıla qalmışdı.

Söhbətin şirin yerində Miriş əmini yoldaşı pəncərədən səslədi. Miriş əmi də hirsləndi:

– Eyy...bu arvadağa da qoymaz ey, söhbətimizi edək...Ancaq gərək gedim, dərman qəbul etməliyəm, həm də arvada da danışım bu söhbətləri. Çünki çox vaxt spravka dalınca elə o gedir, – deyə Miriş əmi ağır-ağır yerindən qalxıb getməyə hazırlaşdı: – Çoxsağol ay bala, maraqlı məlumatlara görə! Sən ASAN xidməti elə asan izah etdin ki, mən onu çox asanlıqla başa düşdüm.

– Miriş əmi, sən də çoxsağol ki, belə diqqətlə qulaq asdın. Bir vacib məqamı da deyim ki, Miriş əmi, “ASAN xidmət” mərkəzləri təqvimin bütün günləri üzümüzə açıq olacaq. Mərkəzlər səhər saat 10-dan axşam saat 8-ə kimi fəaliyyət göstərəcək. Yəni işi-gücü olan adamlar, işdən sonra və ya istirahət günləri də gedib xidmətdən yaralana bilərlər.

Ay bala, day deynən biz elektron hökumət yox ey, Marksın, Lenin dediyi, ancaq qura bilmədikləri kommunizmi qururuq də! – deyə Miriş əmi böyük ruh yüksəkliyi ilə bloklarına sarı yönəldi. Kişi, söhbətdən elə pozitiv enerji almışdı ki, elə bil ayağının o birisi də açılmışdı.  Çəliyini əlində oynada-oynada gedirdi.


Vüqar Haqverdiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dondar Quşçuda bədbəxt hadisə 23 Yanvar 2020, 00:46 Sabirabadda məskunlaşan köçkünlərdən Vüqar Bayramova dəstək - FOTOLAR 23 Yanvar 2020, 00:33 Gəncədə poliklinikada yanğın 23 Yanvar 2020, 00:14 Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42
SORĞU Yeni parlamentdə kimlər olsun?