Modern.az

Azərbaycan–Britaniya strateji tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan–Britaniya strateji tərəfdaşlığı yeni mərhələdə

Ölkə

Bu gün, 17:10

Azərbaycan və Böyük Britaniya arasında Dublində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə müdafiə və təhlükəsizlikdən süni intellektə qədər bir sıra sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Milli Məclisin deputatı Malik Həsənov Modern.az-a açıqlamasında sənədin imzalanmasını Azərbaycanın Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakının əsas nəticələrindən biri kimi qiymətləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşündə iki ölkənin enerji sahəsində 30 ildən artıq davam edən tərəfdaşlığı və Britaniyanın Azərbaycana yatırdığı investisiyalar vurğulanıb. Onun sözlərinə görə, xüsusilə bp-nin iştirakı ilə həyata keçirilən neft-qaz layihələri uzunmüddətli əməkdaşlığın əsasını qoyub.

“Sözügedən sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir”, – deyə deputat bildirib.

Həsənov qeyd edib ki, bəyannamə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, innovasiya, süni intellekt, rəqəmsal texnologiyalar və Orta Dəhlizin inkişafını əhatə edir.

Deputatın sözlərinə görə, sənəddə 2025-ci il avqustun 8-də qəbul edilən Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti də vurğulanır. Birləşmiş Krallıq Azərbaycan və Ermənistanın birbaşa dialoq yolu ilə davamlı sülhə nail olmaq səylərinə dəstəyini bir daha təsdiqləyib.

Həsənov Prezident İlham Əliyevin Dublin sammitində Avropa İttifaqına qaz ixracının genişləndirilməsindən danışdığını da xatırladıb. Deputat 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Bakıda keçirilməsi barədə qərarı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun inkişafı baxımından mühüm addım adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan