ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuela ilə müharibənin başa çatdığını bəyan edib.
Modern.az xəbər verir ki, nazir bu barədə Venesuelaya səfəri zamanı açıqlama verib.
Heqset yanvarın 3-də həyata keçirilən “Mütləq qətiyyət” (Absolute Resolve) əməliyyatını Venesuelanın azad edildiyi gün kimi qiymətləndirib.
“3 yanvar Venesuelanın azad edildiyi gün kimi tarixə düşəcək”, – deyə o bildirib.
ABŞ rəsmisi Vaşinqtonla Karakas arasında müdafiə sahəsində əməkdaşlığın formal xarakter daşımayacağını vurğulayıb. Onun sözlərinə görə, əsas məqsədlərdən biri Venesuela ərazisində fəaliyyət göstərən narkoterror şəbəkələrinin tamamilə aradan qaldırılmasıdır.
Heqset Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə ABŞ ilə əməkdaşlığa görə təşəkkür edib.
“Delsi Rodrigesə Venesuelanın sabitləşdirilməsi naminə ABŞ ilə sıx, praqmatik və vicdanlı əməkdaşlığa görə şəxsən təşəkkür etmək istəyirəm. Onun rəhbərliyi olmadan bir ildən az müddətdə bu qədər nəticə əldə edə bilməzdik”, – deyə nazir bildirib.
Pentaqon rəhbəri Venesuelanın yenidən təhlükəsiz və firavan ölkəyə çevrilməsi üçün bütün imkanların olduğunu qeyd edib.
“Venesuela xalqı, bizim müharibəmiz başa çatıb. İndi gəlin, sülhü birlikdə quraq. Amerika nə ən yaxşı dost, nə də ən pis düşməndir. Amma biz onun ən yaxşı dost olmasına üstünlük veririk”, – deyə Heqset vurğulayıb.
Nazir Venesuela xalqını milli kimliyini qorumağa və ölkəsinin gələcəyini öz əlinə almağa çağırıb.
Qeyd edək ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Vaşinqton Karakasla hərbi tərəfdaşlığı gücləndirməyi planlaşdırır.