Avqustun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayon Mərkəzi kitabxanasının fəaliyyəti ilə tanış oldu. Burada məlumat verildi ki, əsası 1923-cü ildə qoyulan kitabxana ötən dövr ərzində əhalinin maariflənməsinə öz töhfələrini verib.
Modern.az xəbər verir ki, nazir kitabxanada elektron xidmətlərin səviyyəsinin daha da artırılması, kitabxana işçiləri üçün Elmi-Metodiki Mərkəz tərəfindən kursların təşkil olunması haqqında göstəriş verdi.
Nazir həmçinin kitabxananın qarşısında yerləşən parkda Zaqatala rayonunda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət satış yarmarkasının təşkili barədə müvafiq tapşırıq verdi.
Daha sonra Əbülfəs Qarayev Zaqatalada yerləşən rus kilsəsinin tarixi binasına baxış keçirdi. Tikilinin vəziyyəti ilə tanış olan nazir XIX əsrdə inşa olunmuş binanın bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini qeyd etdi.