Modern.az

Almaniyada saxlanılan azərbaycanlılara hüquqi yardım

Almaniyada saxlanılan azərbaycanlılara hüquqi yardım

Aktual

29 Noyabr 2019, 23:09

Almaniyada azərbaycanlılardan ibarət dəstənin saxlanılması ilə bağlı araşdırmalar davam edir. Almaniya Federal Daxili İşlər Nazirliyi Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində axtarışlar aparıb.

Yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-nə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb. Almaniya Federal Daxili İşlər Nazirliyi saxlanılanların sayı və kimlikləri barədə məlumatı açıqlamır.

Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3 min ilə 10 min avro arasında qaçaqmalçılıqda ittiham edirlər. “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəylinin saxlanılması təsdiqini tapıb.

Modern.az  xəbər verir ki, Almaniyada saxlanılan vətəndaşların Azərbaycandan olan vəkillərin müdafiə imkanlarının olub-olmaması ilə bağlı “Yeni Müsavat”a danışan vəkil Cavad Cavadov deyir ki, Almaniya dövlətində gedən cinayət tətbiqi işləri ilə bağlı Azərbaycan vəkillərinin həmin prosesdə iştirakı nəzərdə tutulmur: “Almaniya qanunvericiliyində də, Azərbaycan qanunverciliyində də digər ölkənin vəkilinin prosesdə iştirakı nəzərdə tutulmayıb. Biz istəsək belə, Almaniyaya gedib orada Azərbaycan vətəndaşını müdafiə edə bilmərik. Bu məsələ dövlətlərarası müqavilə ilə tənzimlənə bilərdi. Bu gün belə bir müqavilə yoxdur. Ona görə də Azərbaycan vəkillərinin o proseslərdə iştirakı mümkün deyil”.

Cavad Cavadov deyir ki, hazırda Almaniyada istintaqa cəlb olunan Azərbaycan vətəndaşları deportasiya olunarlarsa və Azərbaycan dövləti həmin ittihamlarla onlara qarşı cinayət təqibi apararsa, təbii ki, Azərbaycanda müdafiə hüquqları Konstitusiya ilə qorunur: “Əgər həmin şəxslər Azərbaycanda cinayət təqibinə məruz qalacaqlarsa, Azərbaycan Vəkillər Kollegiyasının istənilən üzvü onların müdafiəsinə qoşula bilər. Eyni zamanda həmin şəxslərin əməlindən zərər çəkən şəxslər olubsa, həmin şəxslərin də vəkillərin xidmətlərindən istifadə etmək hüquqları var”.

Cavad Cavadovun sözlərinə görə, Almaniya dövləti bir qayda olaraq ərazisində saxlanılan xarici vətəndaşlarla bağlı saxlanılanın mənsub olduğu dövlətin diplomatik missiyasına məlumat verir: “Yəni Almaniya ərazisində Azərbaycan vətəndaşı saxlanılırsa, bu haqda Almaniyada olan Azərbaycan diplomatik münayəndəliyinə məlumat çatdırılır. Əgər saxlanılan vətəndaş arzu edırsə, konsulluq rəsmləri ilə təmas qura bilər”.

Vəkilin sözlərinə görə müstəqil qaydada Almaniyaya gedib saxlanılan şəxslərlə görüşmək imkanları da yoxdur: “Almaniya istintaq altında saxlanılan şəxslə görüşməyə güman etmirəm ki, icazə verərlər. Versələr belə, həmin şəxsə sadəcə məsləhət vermək olar. Prosesdə rəsmi olaraq iştiraka isə imkan verilməyəcək. Bu halda Almaniyaya getməyin mənası yoxdur. Məsləhəti telefonla da, digər internet resurslardan istifadə etməklə də vermək olar”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı