Sabahdan fəaliyyətə başlayacaq Bakı-Pirşağı-Bakı qatarının hərəkət vaxtı artıq məlumdur.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.
Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
Bakıdan Pirşağıya gedən ilk qatar səhər saat 5.50-də yola düşüb, 6.26-da məntəqəyə çatacaq. Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarın isə yola düşmə vaxtı 6.34, Bakıya çatma vaxtı 7.10-dur.
Bakı-Pirşağı istiqamətində son qatar 20.10-da, Pirşağı-Bakı istiqamətində axrıncı qatar isə 21.00-da yola düşəcək.
Biletlərin qiymətinə gəldikdə isə, plastik kartla alınan ekonom biletlər 0,80 qəpik, çap olunmuş biletlər 0,90 qəpik təşkil edəcək. Biznes biletlərə gəldikdə isə plastik kartla 1,80 qəpiyə, çap olunan biletləri 1,90 qəpiyə almaq mümkün olacaq.