Modern.az

İranla Türkiyə arasındakı anlaşılmazlıq aradan qaldırıldı

İranla Türkiyə arasındakı anlaşılmazlıq aradan qaldırıldı

Aktual

12 Dekabr 2020, 20:59

İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığında iki ölkə arasındakı anlaşılmazlıq aradan qaldırılıb.

 

Modern.az xəbər verir ki, telefon söhbətində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iki ölkənin yaxşı qonşuluq və dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

 

 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, telefon söhbətində İranda Türkiyə ilə bağlı yanlış anlaşılmadan və həqarətdoğurucu açıqlamalardan Türkiyə tərəfi təəssüf hissi keçirib və bu xoşagəlməzliklərlə bağlı irad bildirilib:

“Qarabağla əlaqəli olduğunu düşündüyümüz bir şeir və İrana heç bir aidiyyətini sanmadığımız danışıqların bəhanə edilməsi və bu barədə başqa kanallar olduğu halda hörmətli dövlət başçımızın hədəf alınması, onun haqqında ağır açıqlamaların verilməsi qəbuledilməzdir. Bütün bunlar İran tərəfinin diqqətinə çatdırılıb.

 

Ən çətin günlərində Türkiyənin İranın yanında olmasının unudulması və son açıqlamalarında ağır ifadələrin işlədilməsinin Türkiyədə son dərəcə təəssüf hissi doğurduğu da telefon danışığında qeyd edilib”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeirə və çıxışına İran XİN-də siyasi xarakter verilib, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub. İran mətbuatında Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc edilib.

Dünən isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu