Modern.az

Qardaş Türkiyə daim Azərbaycanın yanındadır

Qardaş Türkiyə daim Azərbaycanın yanındadır

Aktual

3 Mart 2021, 09:12

 

Vətən müharibəsində qazandığımız tarixi qələbə Ali Baş Komandanımız cənab İlham Əliyevin, müzəffər ordumuzun – igid əsgər və zabitlərimizin qətiyyəti, mübarizliyi, düşmənə sonsuz nifrəti, torpağa, millətə və bayrağa böyük sevgisinin nəticəsidir.  Haqq savaşımıza başladığımız ilk günlərdən qələbə qazanacağımıza inamımızı itirmədik, çünki dövlət başçımıza və əsgərlərimizin gücünə bələd idik. Bu qürura, bu əzmə, bu inama – qələbə inamına öz töhfəsini verən dünyaya meydan oxuyan, türkün, müsəlmanın haqqını qoruyan, hamımızın öz dövlət başçımız qədər sevdiyimiz Rəcəb Tayyib Ərdoğanın rolu çox böyükdür. 

 

Böyük insanın səsləndirdiyi bu cümlə bizim üçün çox qiymətlidir: “Azərbaycanlı qardaşlarımız bilsin ki, Türkiyə onların ikinci ölkəsi deyil, öz Vətənidir”. Bu cümlə, bu səsləniş bizə bəsdir. Güclü dövlətimizin, güclü liderimizin yanına Türkiyə dövləti kimi güclü dövlət və lideri kimi güclü lider yaraşır. 100 il əvvəl də qardaşımız Türkiyə yanımızda olub, xilaskarımız olub. Ən çətin günümüzdə yenə də yanımızda olan, bizə ruh verən, “Sən vur, mən sənin arxanda dağ kimi dayanmışam, səninləyəm, sənin haqq savaşında səni dəstəkləyirəm” deyən yenə də qardaş Türkiyə oldu.  Bütün çıxışlarında daim Azərbaycanın yanında olduqlarını, hər cür yardım etməyə hazır olduqlarını, hər addımımızı dəstəklədiklərini vurğulayan Türkiyə dövlət rəhbərlərinin çıxışları bütün Azərbaycan xalqını, Azərbaycan əsgərini qələbəyə doğru yaxınlaşdırdı və uzun illər mənfur düşmənin tapdağı altında inləyən, sızlayan torpaqlarımız işğaldan azad edildi, şəhidlərimizin qisası alındı. Biz bu müharibə zamanı ordumuza dəstək olmaq üçün nişan üzüyünü satıb pulunu cəbhə bölgəsinə göndərən sadə türk vətəndaşlarını, evindəki bayrağını işğaldan azad edilən torpaqlarda dalğalanması üçün igid əsgərlərimizə göndərən saf qəlbli türk uşaqlarını gördük. Biz bu müharibə zamanı qələbələrimizə ürəkdən sevinib, şəhidlərimiz üçün ürəyi sızıldayan bütün bir Türkiyə gördük. 

 

Qələbədən sonrakı mərhələlərdə də yanımızda olan, bizimlə olan, azad olunan torpaqlarımızın bərpasında da dəstəyini əsirgəməyən, gözəl Şuşamızda türk məktəbi inşa etdirməyi belə planlaşdıran qardaşlarımızla qürur duyur, fəxr edirik.  Türkiyənin Müdafiə naziri Hulusi Akar yanımızda olduğunu bu cür ifadə edib: “Müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəçiliyi götürmüşük.” Nə yaxşı ki, türkük, qardaşımız türkdür. Nə yaxşı ki, dövlətimizi, ölkəmizi, millətimizi sevən bir dövlət var – Türkiyə Cümhuriyyəti. Qələbəmizi öz qələbəsi, şəhidimizi öz şəhidi, qazimizi öz qazisi, qalib əsgərimizi öz əsgəri hesab edən Türkiyə dövlətinə, onun Prezidentinə, böyük türk xalqına eşq olsun! Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!

 

Hacıqabul rayonu Qarasu kənd sakini Abasova Zərəngiz.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?