Modern.az

Milli Qəhrəmanın döyüş yolu kitablaşdırıldı

Milli Qəhrəmanın döyüş yolu kitablaşdırıldı

Aktual

9 Oktyabr 2021, 16:36

Nəzirməmməd Zöhrablı: “Füzuli Rüstəmov bəlkə də yeganə Milli Qəhrəmandır ki...”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində oktyabrın 6-dan 10-dək keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 8-də Respublika Xatirə Kitabı Redaksiyasının (RXK)  nəşr etdiyi “İgid ömrü” kitabının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, “İgid ömrü” Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun vətənpərvərlik dolu qısa və mənalı həyatından, döyüş yolundan və misilsiz qəhrəmanlığından, şücaətindən bəhs edir. Heç şübhəsiz ki, Vətənimizin ərazi bütövlüyü yolunda şəhid olan hər bir Vətən övladının ruhu xalqımız üçün əzizdir, bu torpağın üstünə tökülən şəhid qanı müqəddəsdir. Bu kitabda da öz əksini tapan gözəl bir türk kəlamı var: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur”.

“İgid ömrü”nün müəllifi, tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablı Milli Qəhrəman haqqında yazdığı kitabın necə ərsəyə gəldiyindən danışıb.

“Doğru deyirlər ki, təsadüflər olmur, bütün təsadüflər əlahəzrət zərurətin bətnindən doğulur. Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın əslən Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova ilə təsadüfən görüşməsi bu kitabın ərsəyə gəlməsində bir vəsilə oldu. Biz Füzuli Rüstəmov haqqında araşdırma apararkən məlum oldu ki, o bütün Milli Qəhrəmanlardan fərqli bir insandır. Füzuli Rüstəmov heç bir mübağiləyə, heç bir şişirtməyə ehtiyacı olmayan Milli Qəhrəmandı. Füzuli Rüstəmov bəlkə də yeganə Milli Qəhrəmandır ki, Xocalı camaatı ellikcə ayağa qalxıb ona Milli Qəhrəman adının verilməsini tələb ediblər. Füzulinin həyatda yeganə bir bacısı qalıb...”.

F.Rüstəmovun qəlbən Xocalıya, Azərbaycana bağlı olduğunu xüsusi vurğulayan N.Zöhrablı qeyd edib ki, kitabın yazılması gecikdiyi üçün çapı da gecikib, amma bu gecikmə kitaba ziyan vurmayıb, əksinə onun yeni səhifələrinin yaranmasına səbəb olub. Nəticədə Zəfərlə başa çatan 44 günlük müharibənin qələbə sorağı da F.Rüstəmov haqqında yazdığı kitabın səhifələrində canlandırılıb:

N.Zöhrablı qeyd edib ki, Milli Qəhrəmanların, ümumən bütün şəhidlərimizin  həyatı, döyüş yolu araşdırılmalı və kitablaşdırılmalıdır, çünki onların döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsidir. 


Təqdimat mərasimində Milli Qəhrəmanın bacısı Fiqurə Rüstəmova çıxış edərək Füzulinin həyat və döyüş yolları haqqında təfsilatı ilə məlumat verib. Onun özünü Xocalı və xocalılar yolunda bir şam kimi əritdiyinin detallarını tədbir iştirakçılarının diqqətinə çatdırıb və kitabın çapında, eləcə də tədbirdə iştirak edənlərə öz dərin minnətdarlığını bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı