Modern.az

Qanun naminə döyünən ürək - Yaddaşlarda qalan polis generalı

Qanun naminə döyünən ürək - Yaddaşlarda qalan polis generalı

Aktual

4 Fevral 2022, 17:49

Zəngəzurun bir parçası olan doğma Zəngilanın Şayıflı kəndinin aydın səmasındakı ulduzların hər axşam sehrinə dalanda hələ bilmirdi ki, vaxt gələcək, onların sirdaşına çevriləcək. Vaxt gələcək, tale o ulduzları yerə endirib bir gün bəxtəvər həmkarları sırasında onun da çiyinlərinə qonduracaq. Və vaxt gələcək, o ulduzlar çiyinlərində böyüyəcək, onların nuru ilə bir hüquqşünas kimi ad-san qazanacaq, doğma xalqına, müstəqil dövlətinə xidmət edəcək...

Həşdər müəllimlə Zərnişan xanımın ailəsində böyüyən Sərvəri ta kiçik yaşlarından onunla birlikdə boy atan arzuları orta məktəbi uğurla başa vurduqadan sonra qardaşları Etibar və Ehtiramdan fərlqli olaraq, 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə  gətirmişdir.

Universiteti bitirib hüquqşünas ixtisasına dərindən yiyələndikdən və Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Daxili İşlər Şöbəsinin müstəntiqi kimi fəaliyyətə başladığı ilk sınaq mərhələsini uğurla keçdikdən sonra Sərvər Mehrəliyev 1987-ci ildən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində müstəntiq, xüsusilə ilə mühüm işlər üzrə baş müstəntiq, İstintaq hissəsinin, İstintaq İdarəsinin, 2001-ci ildən isə Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifələrinə irəli çəkilmişdir. 

Qanun qarşısında yüksək məsuliyyət hissi, adillik,  prinspiallıq, insanpərvərlik, icraatındakı işlərə  peşəkar və dərin təhlili yanaşma bacarığı, cinayətkarlıqla qətiyyətlı və barışmaz mübarizə əzmi, qanunçuluğa sonsuz sədaqəti, ona riayət etməsi, obyektiv qiymətləndirmə və qərarvermə qabiliyyəti, hansı vəzifədə çalışmasından, hansı işi aparmasından asılı olmayaraq, kariyerasının bütün dönəmlərində Sərvər Mehrəliyev şəxsiyyətini və fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərindən sayılmışdır.

Müstəntiq kimi çalışdığı uzun illər ərzində topladığı zəngin təcrübəsi və yüksək peşəkarlığı nəzərə alınıb, 1990-cı illərdə dövlətə və cəmiyyətə qarşı törədilən mürəkkəb cinayət işləri Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən məhz Sərvər Mehrəliyevə həvalə olunmuşdur. Amma onların arasında “Azneftyağ” Bakı Neftayırma Zavodunun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının talanması faktları üzrə başlanmış cinayət işinin istintaqı xüsusi yer tutur.     

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Sərəvər Mehrəliyev tərəfindən aparılan bu çoxepizodlu və olduqca mürəkkəb cinayət işinin açılması, sözün əsl  mənasında, ölkədə rezonans doğurmuşdur.     

Uzunmüddətli və səmərəli əmək fəaliyyəti ərzində göstərdiyi yüksək peşəkarlıq keyfiyyətlərinə, vəzifəsini vicdan və ləyaqətlə, həm də vətəndaş yanğısı ilə yerinə yetirdiyinə görə Sərvər Mehrəliyevə DİN rəhbərliyi tərəfindən mükafat qaydasında vaxtından əvvəl polis mayoru və polis polkovniki rütbələri verilmişdir. 

“Azərbaycan bayrağı” ordeni ilə təltif olunması və ölkə Prezidentinin müvafiq fərmanı ilə ona polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi də fəaliyyətinə verilən dəyərin bariz nümunəsi idi.

Taleyin son hökmünü verdiyi o gün – 2017-ci il mayın 4-də, ömrünün 60-cı ilinin baharında polis genral-mayoru Sərvər Mehrəliyev həyata gözlərini əbədi yumdu...

Bu gün adı hörmət və ehtiramla anılır, çünki layiqli övladlar və  davamçılar yetişdirib. Və  bu gün azad görmək istədiyi Zəngilanda,  Şayıflıda o ulduzlar daha parlaq bərq vurur...

Ruhun şad olsun, cənab general, doğum günün mübarək!


Akif Azalp

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

filologiya üzrə fəlsəfə doktoru

5 fevral 2022-ci il

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı