Zülfüqar Xeyirxəbər
Dünən Əkrəm Əylisliyə xalq yazıçısı adının verilməsini təqdir edənlər bu gün onun fəxri adının əlindən alınmasını da toy bayram edirlər. Görəsən bu insanların Əkrəm Əylislidən fərqi nədir ki? Yazırlar ki, Əkrəm Əylisli "Daş Yuxular"ını yazmaqla öz sərəncamını verdi. Bəs görəsən Əkrəm Əylislinin hansı əsəri fəxri ad almasına sərəncam olmuşdu?
Buna bir qədər sonra qayıdacam, əvvəlcə onu deyim ki, mən Əkrəm Əylisliyə bir şəxsiyyət kimi heç vaxt hörmət etməmişəm. Amma bir yazıçı kimi istedadına söz ola bilməz. Tövsiyə edərdim ki, bir şəxsiyət kimi formalaşmış, yaxşını yamandan ayırmağı bacaran hər bir azərbaycanlı Azərbaycan dililinin incəliklərinə yiyələnmək, söz ehtiyatını artırmaq istəyirsə, Əkrəm Əylislinin əsərlərini oxusun. Çünki Əkrəm Əylislinin çox gözəl qələmi var, dili zəngindi, axıcıdır, amma fikirləri zərərlidi.
Ona görə də, inanmıram ki, 1998-ci ildə ona fəxri ad verilərkən hansısa bir əsəri əsas götürülsün. Onu bu ada təqdim edənlər inanın ki, yaradıcılığından bixəbər, bircə əsərini də oxumayan insanlardı. Oxusaydılar görərdilər ki, o, öz istedadından istifadə edərək çox ustalıqla "Daş yuxular"ında olduğu kimi, digər əsərlərində də azərbaycanlıları həmişə mənfi obrazda verib. Müharibə dövründən bəhs edən əsərlərində ərləri cəbhədə olan Azərbaycan qadınlarını ya yeniyetmələrlə, ya kolxoz sədrləri, ya da müharibədən qayıtmış şikəst əsgərlərlə taxıl zəmilərində mazaxlaşan fahişə kimi, kişilər isə müharibədə olan əsgərlərin namusuna göz dikən oğraş kimi təqdim edir. Bu baxımdan Əkrəmin fəxri adının əlindən alınması, əslində tarixi bir yanlışlığın düzəldilməsi kimi izah oluna bilərdi, amma...
Amması da ondan ibarətdir ki, Əkrəmə fəxri adın verilməsi də geri alınması da siyasi gündəmlə bağlıdı. Ümumiyyətlə fəxri ad məsələsi həmişə hakimiyyətə gələn iqtidarın əlində siyasi alət olub. Bu baxımdan istər aktyor olsun, istər yazıçı, istərsə də, digər sahələrdə fəaliyyət göstərənlər, onların heç biri yaradıcılıqlarına görə fəxri adlara layiq görülmürlər. Əkrəm Əylisli də fəxri ada bədii fəaliyyətinə görə deyil, siyasi fəaliyyətinə görə layiq görülmüşdü. O, hakimiyyətə xidmət etdiyinə görə, "xalq yazıçısı" adına layiq görülmüş, deputat təyin edilmişdi. Müəyyən mənada indi də bəlkə də bilərəkdən, ya bilməyərəkdən Əkrəm Əylisli hakimiyyətə ən böyük xidmətini göstərdi.
Neçə gündü hər şey yaddan çıxıb bütün Azərbaycan ictimaiyyətinin, müzakirə etdiyi bircə mövzu qalıb: Əkrəm Əylisli və onun başına düşmüş "Daş yuxular"ı. Sanki Azərbaycan cəmiyyətinin bütün problemləri həll olunub, bircə Əkrəm Əylislinin fantaziyasının məhsulu olan əsərinin türk toplumuna vurduğu zərərlər qalıb...
Bu əsər Azərbaycan cəmiyyətinə bütün hadisələri, bölgələrdə məmur özbaşınalıqlarından əziyyət çəkən insanların bütün dərdlərini unutdurdu. Əkrəm Əylisli "Daş Yuxular"ı ilə rayonlarda keçirilən etiraz aksiyaları zamanı öz haqqını tələb etdiyinə görə, həbs edilən insanları da, bazarda kartof kimi satılan mandat məsələsini də az qala tarixin lap dərinliklərinə gömüb. Əvəzində isə 20-ci əsrin əvvəllərində Əylisdə gorbagor olmuş bir neçə qohum-əqrabasını xortladıb. Topluma az-çox təsir imkanları olan yazarlarımızın da başı Əkrəmin qohum-əqrabasını urvatlamağa qarışıb. Lap düz də edirlər. Azərbaycanda nə çox özbaşına məmur. Nə qədər ki onlar var, problemlərimiz də əksik olmayacaq. Ona görə də onlardan hər zaman yazmaq üçün fürsət olacaq. Əkrəm Əylislidən yazmaq fürsəti isə hər zaman ələ düşməz. Mən də bu fürsətdən istifadə edib, bir neçə kəlmə demək istərdim: "Əkrəm Əylisli haqqında məndən əvvəl yazılan və deyilən bütün fikirlərə qoşuluram, doğrudan da Əkrəm Əylisli çox pis adammış. Anar da düz edib onu AYB-dan qovdu. Gəlin bu pivə ilə doldirilmuş badələri də qaldıraq hər ikisinin sağlığına".
P.S. Hələ də mənə çatmır ki, pivə ilə niyə pis adamların sağlığına içirlər.