Modern.az

Ermənistanın hərbi cinayətləri cəzasız qalmamalıdır

Ermənistanın hərbi cinayətləri cəzasız qalmamalıdır

Aktual

24 Aprel 2022, 11:55

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi qüvvələri qeyri-qanuni şəkildə Azərbaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kasetli silahlardan istifadə edib. 2020-ci ilin noyabr ayında hadisə yerlərini xüsusi araşdıran “Human Rights Watch” adlı beynəlxalq qeyri-hökumət təşkilatının məruzəsində də bu haqda qeyd edilib. Bildirilib ki, erməni silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyi 11 insident sənədləşdirilib. Ən azı dörd ayrı hadisə zamanı hərbi hədəflərin müşahidə edilmədiyi ərazilərdə mülki şəxslər və ya mülki obyektlər raket hücumuna məruz qalıb.

 

Təşkilatın Avropa və Orta Asiya üzrə rəhbəri Haq Villiamsonun fikrincə, Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib. Altı həftəlik müharibə ərzində bu hücumlar dəfələrlə sivilləri və mülki evləri qanunsuz olaraq hədəf alıb. 

 

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 4 və 17 oktyabr tarixlərində 32 mülki vətəndaşın ölümünə səbəb olan Gəncə hücumları zamanı Smerç kaset bombalı raket və Scud-B ballistik raketlərindən istifadə edildiyi qənaətinə gəlib. 985 kiloqram yüksək partlayıcı döyüş başlığı daşıyan Scud-B raketləri nəzərdə tutulan hədəfdən ən az 500 metr yayına bilir.

 

Dəqiq hərbi hədəfi olmayan, eyni zamanda hərbi hədəfləri mülki əhalidən və mülki obyektlərdən ayırd edə bilməyən silahlardan istifadə edilən hücumlar hədəfsiz zərbələr olduğundan müharibə qanunlarını pozur.

 

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, silahlı qarşıdurma zamanı 98 mülki şəxs öldürülüb və 414 nəfər yaralanıb, 3000-dən çox ev, 100 yaşayış binası dağıdılıb və ya zərər görüb.

 

 

Müharibə qanunlarına əsasən, hücuma hazırlaşan tərəf mülki əhaliyə təsir edə biləcək hücumlar haqda əhaliyə xəbərdarlıq etməlidir. Buna qəti şəkildə əməl etməyən Ermənistanın beynəlxalq humanitar hüquqa və ya müharibə qanunlarına zidd olan əməlləri araşdırılmalıdır.

 

2020-ci il 4-8 oktyabr tarixlərində ANAMA-nın xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub. Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinib.

 

“Bu bombacıqlar "Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin "bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir”, - deyə ANAMA-nın məlumatında qeyd olunub.

 

Agentliyin məlumatında bir daha vurğulanıb ki, Ermənistanın qadağan olunan kasetli bombalardan istifadə etməsi beynəlxalq səviyyəli cinayətdir. 

 

Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Hüquqazidd hərəkətlər müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyasının 147-ci, beynəlxalq xarakterli silahlı münaqişələrə dair I Əlavə Protokolun 11-ci və 85-ci maddələrinin, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. 8-ci maddənin 1-ci bəndində göstərilir ki, məhkəmə müharibə cinayətlərinə münasibətdə xüsusən, onlar plan, yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı törədilməsi zamanı yurisdiksiyaya malikdir.

 

Faktlar da təsdiqləyir ki, 44 günlük müharibə dövründə Azərbaycanda dinc əhali, uşaqlar və qadınlar qətlə yetirilməklə, sivil insanlar hədəf seçilib, yaşayış məskənləri, mülki obyektlər atəşə tutulub. Ermənistan tərəfindən törədilən bu cinayətlər müntəzəm olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

 

Azərbaycan Prezidentinin beynəlxalq mediaya verdiyi müsahibələrində və çıxışlarında bu tezislər hər zaman prioritet məsələ kimi önə çəkilib. Eyni zamanda diplomatik korpus nümayəndələrinin hərbi cinayətlərin törədildiyi ərazilərə səfərləri təşkil olunub. Habelə Azərbaycan hökuməti tərəfindən qeydə alınmış cinayət faktları barədə beynəlxalq məhkəmə instansiyalarına, o cümlədən Avropa Məhkəməsinə müvafiq məlumat təqdim edilib, Ermənistanın Konvensiya öhdəliklərinə əməl etməməsi, silahlı münaqişə başlayandan Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarca mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi diqqətə çatdırılıb.

 

Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə əlaqədar Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli, beynəlxalq qurumlar isə bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidir.

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmunu “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı