“Palmali” şirkətlər qrupunda istimara veriləcək növbəti gəmiyə Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi döyüşçüsü, Aprel döyüşü Şəhidi gizir Pəncəli Teymurovun adı veriləcək.
Modern.az xəbər verir ki, bununla bağlı şirkətin rəhbəri Mübariz Mənsimov Şəhid Pəncəli Teymurovun anasına zəng vurub, ondan halallıq istəyib.
O, Şəhidimizin anası Vahimə Teymurovadan bu işə razılıq və xeyir-dua verməsini istəyib. Vahimə ana Mənsimovun təşəbbüsünü dəstəklədiyini və xeyir-duasını çatdırıb.
Şirkət rəhbəri gəminin aprelin 27-də istifadəyə veriləcəyini haqqında məlumatı çatdırıb.
Bu il “Palmali” Şirkət Qrupunda şəhid general-mayor Polad Həşimov və şəhid Bəhram və İman qardaşlarının adını daşıyan gəmilər artıq dünya sularına açılıb.
Xatırladaq ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşələrdə iştirak edib. Döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.
Mübariz Mənsimovun Şəhid Pəncəlinin anası ilə danışığı əks etdirən həmin videonu təqdim edirik: