Modern.az

“Qisas” əməliyyatının nəticəsi NƏ OLDU...

“Qisas” əməliyyatının nəticəsi NƏ OLDU...

Aktual

4 Avqust 2022, 13:36

Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror əməliyyatı keçirib. "Qisas" adı verilən əməliyyat erməni terrorçularının Laçında törətdikləri təxribata cavab olaraq başlayıb. 

 

Hərbi birləşmələrimizin keçirdiyi əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılıb.

 

Bundan əlavə, Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürülüb. Hazırda bütün istiqamətlərdə Azərbaycan hərbçiləri əməliyyat şəraitinə nəzarət edir.

 

Bəs, nəzarətə götürülən yüksəkliklərin strateji əhəmiyyəti nədir? Əməliyyatın nəticəsi nə oldu?

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, hazırda Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağ ərazilərində atəş nöqtələrini məhv etməklə və cəza tədbirləri görməklə ordumuz bir sıra strateji yüksəkliklərdə mövqelənib.

 

“Əlbəttə, nəzarətə götürülən yerlər hakim yüksəkliklərdir. Bununla böyük bir ərazi, təminat yolları, gediş-gəliş yolları, Qarabağdakı qanunsuz yerləşən erməni silahlı bölmələri nəzarət altına alınıb. Bu da, Azərbaycan Ordusuna müvəqqəti təmasda yerləşən mövqelərdən böyük bir ərazini nəzarət altında saxlamaq üçün imkan verir. Hər halda bütün istiqamətlərdə əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Təbii ki, nəzarəti genişəndirmək və gücləndirmək üçün bu istiqamətlərdə, xüsusilə də Laçın istiqamətində olan yüksəkliklər nəzarətə götürülür”.

 

 

Ş.Ramaldanov xatırladıb ki, Prezident İlham Əliyev bundan əvvəl dəfələrlə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz məskunlaşan erməni silahlılarının tərk-silah edilməli olduğunu bəyan edib.

 

“6 ayın yekun müşavirəsində Prezident çox ciddi şəkildə bu məsələyə toxundu, bundan sonra gözləmə mövqeyi yox, konkret addımlar atılması tələbini ortaya qoydu. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı apardı. Eyni zamanda Rusiya və Azərbaycan müdafiə nazirləri  arasında telefon danışıqları gerçəkləşdi. Düşünürəm ki, bu danışıqların konkret mövzusu açıqlanmasa da, aktivləşmə məsələnin cənab Prezident tərəfindən ciddi şəkildə vurğulanmasından sonra olub. Artıq Ermənistan Qarabağda Rusiya sülhməramlıların nəzarətində olan ərazilərindəki çağırışçılarını geri çağırıb”.

 

 

Ekspertin sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin, onları maliyyələşdirənlərin və sülhməramlıların aktivləşməsi gözlənilən idi:

 

“Çünki revanşist qüvvələrə “Qarabağ klanı” rəhbərlik edir. Bunlar bilavasitə Azərbaycanda yerləşən qanunsuz silahlı bölmələrə təsir göstərə bilirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanın bir əsgəri şəhid oldu. Çox ciddi xəbərdarlıqdan sonra belə təxribat cəza ilə nəticələnməliydi. Müdafiə Nazirliyindən müəyyən addımların atılacağı barədə ictimaiyyətə məlumat verilmişdi. Eyni zamanda, əsgərlərin qanının yerdə qalmayacağı bildirilmişdi. Bundan sonra vəziyyətin necə inkişaf etməsinə, atılan addımlara görə qanunsuz erməni silahlı birləşmələri, onlara Ermənistandan himəyadarlıq edənlər və təbii ki, Rusiya sülhməramlıları cavabdehlik daşıyacaq”.

 

“Rusiya sülhməramlı qüvvələri il yarım keçməsinə baxmayaraq, qanunsuz erməni silahlı qüvvələrini tərk-silah edə bilməyiblər. Əvvəl BMT qətnamələrini yerinə yetirmirdi. Bu səbəbdən Azərbaycan özü Vətən müharibəsi nəticəsində həmin qətnamələrin müddəalarını həyata keçirdi. İndi də 2020-ci il bəyannaməsinin 4-cü bəndi var. Bu bəndin yerinə yetirilməsinə bəyannamə qüvvəyə minən kimi başlanmalı idi. Görünür, bunu istəməyən qüvvələr var. Həmçinin, mən düşünürəm ki, Rusiya sülhməramlıları da öz vəzifəsini layiqincə yerinə yetirmir. İndiki əməliyyatla Azərbaycan bir daha göstərdi ki, “dəmir yumruq” həmişə yerindədir və Azərbaycanın maraqlarına toxunan istənilən qüvvəni darmadağın etmək qüdrətindədir”, - polkovnik Şair Ramaldanov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?