İndi bir daha aydın oldu ki, niyə Ararat Mirzoyan Moskvada planlaşdırılan üçtərəfli görüşdən imtina edib. Dekabrın 23-də Milli Məclisdə çıxışım zamanı qeyd etdiyim kimi, Fransa və Ermənistanın məqsədi Laçın yolu ilə bağlı məsələləri diplomatik müstəvidə həll etmək deyil, Azərbaycana əsassız təzyiqi artırmaqla, xüsusilə BMT Təhlükəsizlik Şurasında hər hansı sənəd qəbul etdirməklə mövzunu istismar etməkdən və beynəlxalq gündəm yaratmaqdan ibarətdir.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.
Deputatın fikrincə, ermənilər çalışırlar ki, vəziyyəti maksimum dramitikləşdirsinlər və bununla da Rusiyanı və BMT Təhlükəsizlik Şurasının digər üzvlərini açıq şəkildə şantaj etsinlər.
"Məhz bu məqsədlə Ermənistan və separatçılar dünən Xankəndində uşaqlardan ibarət şou, bu gün isə bir neçə min adamın iştirakı ilə mitinq keçirirlər.
Görək, erməni və fransız cütlüyünün bu şantajına və qurduğu oyuna Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Birləşmiş Ərəb Əmirliyi, Albaniya və BMT TŞ-nın digər üzvləri boyun əyəcəkmi? Və yaxud Rusiya və ABŞ bu oyunun passiv iştirakçılarıdırlarmı?
Bu sualların cavabını gələn həftə biləcəyik", - Azay Quliyev feysbuk hesabında yazıb.