“Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan icmasının bir qrup nümayəndəsi ilə görüşündə mühüm mesajlar verdi. Bu mesajların mahiyyəti xalqımızın qədim torpağı olan həmin ərazilərə dair tarixi faktların, ermənilərin köçürülməsi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və Qərbi Azərbaycana qayıdış üçün inamımızın sarsılmaz olmasından ibarətdir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında dünya ictimaiyyətinin diqqətini bəzi xarici dairələr tərəfindən himayə edilən ermənilərin istər işğal illərində Azərbaycan ərazisində, istərsə də Qərbi Azərbaycanda törətdiyi cinayətlərə - məscidləri, qəbirləri, tarixi abidələri dağıtmaları faktlarına yönəltdi və bu cinayətləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların görməzdən gəldiklərini qeyd etdi. İndiki Ermənistan ərazisində ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı Qərbi Azərbaycan İcmasının qarşısında bir vəzifə kimi qoydu.
Millət vəkilinin sözlərinə görə, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub.
Bununla yanaşı, 1988-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 200 mindən çox azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bütün bunlardan əlavə, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 30 ilə yaxın işğalı dövründə Ermənistan tərəfi 700 mindən artıq azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, yalnız Xocalıda bir gecə ərzində 613 nəfəri kütləvi şəkildə amansızlıqla qətlə yetirib.
“Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi. İcmanın bir neçə istiqamət üzrə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz işini davam etdirməsinin zəruri olduğunu vurğuladı. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələb edilməlidir. Görülən işlər soydaşlarımızın öz tarixi yurdlarına - Qərbi Azərbaycana dinc yolla qayıdışına hədəflənib. Neçə ki, dövlətimiz 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı azad etdi, eləcə də indiki Ermənistan ərazisindən, tarixi torpaqlarından qaçqın vəziyyətinə düşmüş həmvətənlərimizin də öz yurdlarına qayıdışı qarşımızda dayanan əsas vəzifələrdən biridir. İnanırıq ki, dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasət xalqımızı bu hədəf və arzusuna da qovuşduracaq”,- deyə Fatma Yıldırım vurğulayıb.