Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə hazırlanan Vahid Elektron Xidmətlər Portalında yeni xidmət istifadəyə verilib.
Modern.az nazirliyə istinadən xəbər verir ki, “AzInTelecom” MMC-nin telekommunikasiya vasitələri və qurğularının (TVQ) sertifikatlaşdırılması məqsədilə təqdim etdiyi “Uyğunluq sertifikatının verilməsi” xidməti tam rəqəmsallaşdırılıb.
"Bu günə qədər vətəndaşlar TVQ-lərin uyğunluq sertifikatını əldə etmək üçün zəruri sənədləri kağız daşıyıcıda təqdim etməli idilər. İndi isə istifadəçilər portala daxil olaraq daha sürətli formada müraciət edə bilərlər. Xidmətin rəqəmsallaşdırılması onun əldə edilməsini daha əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı da minimuma endirir. Bu xidmətdən istifadə üçün portalda elektron qeydiyyat tələb olunmur", - deyə nazirlik bəyan edib.
Vahid Elektron Xidmətlər Portalına 21 xidmət inteqrasiya edilib. Qeydiyyatlı elektron xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər.