Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Böyük Britaniyanın Birmingen Universtetinin bir qrup tələbəsi ilə görüş keçirdib. Qeyd edək ki, tələbələr Çin, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, Kosta-Rika və Bruney vətəndaşlarıdır.
Şuranın ofisində baş tutan görüşdə giriş sözü ilə çıxış edən Şura sədri qonaqlara ölkəmizin əsas iqtisadi göstəriciləri və son illər əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. A. Quliyev ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsindən, neft-qaz sənayesinin, turizm sektorunun sürətli inkişafından, insan kapitalına verilən önəmdən bəhs edib. O Azərbaycanın süni peykinin orbitdə buraxılmasını ölkəmizdə İKT-nin və digər bütün sahələr üzrə hərtərəfli inkişafın əsas göstəricilərindən olduğunu vurğulayıb.
Şura sədri xarici tələbələrə Azərbaycanın üzləşdiyi işğal faktı haqqında da geniş məlumat verərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən başqa yeddi rayonumuzun da hazırda Ermənistanın işğalı altında olduğunu bildirib. A. Quliyev Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktından da bəhs edərək ölkəmizin işğal nəticəsində böyük maddi və mənəvi itkiyə məruz qaldığını qeyd edib.
Millət vəkili Şuranın fəaliyyət istiqamətləri ilə də qonaqları tanış edərək qurumun demokratik prinsiplərə uyğun, şəffaf şəkildə formalaşdırıldığını bildirib. A. Quliyev artıq bu ildən Şuranın xarici QHT-lərə də maliyyə dəstəyi verəcəyini açıqlayıb.
Çıxış edən nümayəndə heyəti rəhbəri Adrian Kambel səmimi qəbula görə bütün tələbələr adından Azay Quliyevə təşəkkürünü bildirib.
Daha sonra Şura sədri A. Quliyev Kosta-Rikadan Diana Murillo, Hindistandan Rohit Jamval, Böyük Britaniyadan Qarnet Makkinder və digər tələbələrin Qarabağ münaqişəsinin həlli yolları, QHT-lərin Azərbaycanda oynadığı rol, şəffalığın təmin olunması, vətəndaş cəmiyyətinin ölkənin qanun yaradıcılığındakı rolu haqqında suallarını cavablandırıb.


Modern.az