Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dünyanın yeniləşməsilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar” layihəsi çərçivəsində ictimai müzakirə keçirib. Tədbiri giriş sözü ilə BMAM sədrinin müavini Anar Abdullayev açıb. Layihə haqqında məlumat verən sədr müavini bildirib ki, layihə iki mərhələdə 3 ay müddətində həyata keçirilir və hazırda da davam edir.
Sonra söz BMAM sədri Rufiz Qonaqova verilib. Layihənin məqsədləri və əhəmiyyəti haqqında geniş məlumat verən Rufiz Qonaqov bildirib ki, layihə çərçivəsində yeni texnologiyaların imkanlarından istifadə olunur.
”Hesab edirik ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə, ölkəmizi, onun inkişafını daha geniş arealda təbliğ etmək olar. Elə buna görə də, layihə çərçivəsində “Facebook” sosial şəbəkəsində İnkişaf Qrupu yaradılıb. Artıq qrupun 2 mindən çox üzvü var. Qrupda Azərbaycanın sosial-iqtisadi inkişafı, siyasi uğurları ilə bağlı müxtəlif mövzular qoyulur və ictimai müzakirə aparılır. Müzakirələr çox yüksək səviyyədə keçirlir. Bu müzakirələrin üstün cəhətlərindən biri də budur ki, biz təkcə müzakirələr təşkil etmirik, həm də burada olan təkliflər dəyərləndirilir və bu təkliflər Qrupun adminləri tərəfindən sistemləşdrilir, layihə və təşkilat rəhbərliyinə təqdim olunur. Yekun olaraq bu təkliflər bizim tərəfimizdən Şuraya və müvafiq icra strukturlarına təqdim ediləcəkdir. Layihə çərçivəsində təkcə ölkdə həyata keçirilən sosial iqtisadi inkişaf, regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət Proqramları deyil, həm də Heydər Əliyev Fondu tərəfindən görülən işlər də öyrənilir və yayılır: “Bilirik ki, son 10 ildə Azərbaycanda sürətli inkişaf gedir. İllərdir ölkəmiz dünya ölkələri sırasında ilk onluqda yer tutur. Bütün beynəlxalq statistikalar və hesabatlarda da bu göstərici öz əksini tapır. Qafqazın lider dövləti artıq iqtisadi potensialına, inkişaf tempinə görə dünyanın ən inkişaf edən ölkələrindəndir. Dünyada baş verən və hələ də bitməyən iqtisadi böhran məhz Azərbaycanda sistemli şəkildə aparılan iqtisadi siyasətin hesabına ölkəmizə təsirsiz ötüşüb. Qanunvericiliyin inkişaf edən iqtisadiyyata uyğunlaşdırılması siyasi baxımdan da geri qalmadığımızı göstərir və proses durmadan davam edir. İstər demokratik dəyərlərin oturuşması, istərsə də yeni təcrübələrin öyrənilməsi və tətbiqi baxımından siyasi qərarlılıq vardır və bu da siyasi cəhətdən inkişafımızı sürətləndirir. İqtisadi və sosial inkişafın daha çox iki istiqamətdə həyata keçirildiyinin şahidi oluruq. Birincisi, Dövlət Proqramları çərçivəsində - Cənab Prezidentin Fərman və Sərəncamları ilə, ikincisi isə Heydər Əliyev Fondunun dəstəyi ilə - Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə”.
Daha sonra layihənin ekspertlər qrupunun üzvü, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov “Dünyanın yeniləşməsilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar” mövzusunda geniş məruzə ilə çıxış edib. Ekspert bildirib ki, ötən illərdə inkişaf müxtəlif sahələri əhatə edib.
”Bu sırada müasir texnologiyalardan tutmuş kənd təsərrüfatının ayrı-ayrı bölmələrinə qədər bütün sahələr əhatə olunur. İqtisadi inkişafın sürətlənməsi və davamlılığı siyasi uğurlara da ciddi təsir edir. İqtisadi cəhətdən güclü Azərbaycan artıq siyasi təsir gücünə görə də dünyanın aparıcı dövlətlərindən, siyasi mərkəzlərindən biridir. Ötən ay Bakıda keçirilən Ümumdünya İqtisadi Forumu, bunun ardınca keçirilən Cənubi Qafqa Forumu inkişafın və dünya dövlətləri sırasında Azərbaycanın görünən yeridir. Bütün bunlar göstərir ki, Azərbaycan dövlət olaraq, istər iqtisadi, istərsə də siyasi cəhətdən inkişaf edir və bu inkişaf artan xətt üzrə davam edir”.
Daha sonra ekspert məruzəsində konkret faktlara müraciət edib.
Tədbirdə iştirak edən QHT rəhbərlərindən Əhməd Abasbəyli, Vasib Sadıqov, İradə Yaqubova, Tahir Xudiyev, İradə Əliyeva, Əsli Əliyeva, Rəhilə Teymurova, Samir Vəliyev və Səbinə Kərimova çıxış ediblər.

