“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi davamlı olaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməllərinin ifşası, Azərbaycan xalqının erməni qaniçənləri ilə apardığı mübarizənin şərəf dolu səhifələri, qəhrəman övladlarımızın döyüş şücaətləri ilə bağlı tədbirlər həyata keçirir.
Bu tipli tədbirlərin bir istiqaməti də Milli Qəhrəmanlarımızın, igidlik göstərən mərd oğullarımızın həyat yolunun gənc nəslə aşılanmasından ibarətdir.
Bu məqsədlə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi növbəti belə tədbirini Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahlar Şükürova həsr edib.
Milli Qəhrəmanın gənc nəsil tərəfindən daha yaxşı tanınması üçün bu gün “Aşıq Şəmşir Mədəniyyət Ocağı”nın ofisində tədbir keçirilib.
Tədbirdə Kəlbəcər rayon ziyalıları, ictimaiyyət nümayəndələri qəhrəman haqqında öz xatirələrini bölüşüblər. Tədbiri giriş sözü ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin əməkdaşı Həbib Misirov açıb. Milli Qəhrəman və onun şərəfli həyat yolu haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirə dəvət edilən qonaqlar Azərnəşrin redaktoru Əlövsət Ağalarov, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, Hidayət Elvüsal, Məhəmməd Narimanoğlu, Milli qəhrəmanın qardaşı Adil Şükürov və oğlu iştirak edib. Qonaqlar qəhrəman haqqında ətraflı danışıb, xatirələrini bölüşüb və onu gənclərimizə nümunə kimi təqdim edibd. Sonda məktəblilər qəhrəmana və vətənimizə həsr edilmiş şeirlər səsləndiriblər.
Bu gün bütün Kəlbəcər məktəblərində Qəhrəmanın xatirəsi anılıb, tədbirlər təşkil olunub.
Qeyd edək ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
1972-ci ildə təhsilini başa vuraraq, ordu sıralarına yollanıb. Ordudan tərxis olunduqdan sonra Bakıda İslah Əmək müəssisələrinin birində işləyib. Daha sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib.
1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. Polis mayoru rütbəsinə qədər yüksələn Ş. Şahlar 1990-cı ildə Tərtər - Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşır. Qeyri - bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, həlak olur. Bu qanlı hadisədə erməni cəlladları Klassik Aşıq Şeirinin Ustadı Aşıq Şəmşirin qızı Çimnaz xanımı da qətlə yetirilər.
Azərbaycan Respublikası Prezidentinin 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Ailəli idi. İki övladı yadigar qalıb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir. Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilib.
Şahlar Şükürov kimi qəhrəmanlar hər zaman Azərbaycan gəncinə bir nümunədir. Azərbaycan dövləti bu gün öz qəhrəmanlarının xatirəsini əziz tutur, onların yaxınlarının bütün problemlərini yüksək səviyyədə həll edir.

Modern.az