İranda həbs olunan AMEA –nın elmi işçisi Xalidə Xalidin azadlığa buraxılması haqda məlumatlar yayılsa da ailəsi hələ də buna inanmır. Bu barədə Modern.az-a açıqlamasında X.Xalidin oğlu Xalid Məmmədli anasının azadlığa buraxılmasını mətbuatdan eşitdiyini, bu xəbərə tam əmin olmadığını bildirib.
“Dünən televiziyadan, mətbuatdan eşitdiyimiz xəbərdir. Heç bir yenilik yoxdur. Hamı sağ olsun, zəng vurub təbrik edirlər. Amma mənə elə gəlir ki, bu dəqiq məlumat deyil. Əgər anam azadlığa buraxılsaydı bizə rəsmi məlumat verilərdi. Biz dünən dəfələrlə Xarici İşlər Nazirliyinə, Konsulluğa zəng vurmuşuq. Bizə dəqiq demədilər, həqiqətən də anam azadlığa buraxılıb. Bildirirlər ki, gözləyin, xəbər edəcəyik”-deyə X.Məmmədli bildirib.
İranın Azərbaycandakı səfirliyindən isə Modern.az-a bildirilib ki, Xalidə Xalid yaxın günlərdə Azərbaycana gətiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunmuşdu. İran tərəfi alimi casusluqda ittiham edirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin İrana rəsmi səfərindən sonra Xalidə Xalid və sürücüsü ötən gün azadlığa buraxılıb.
Anar RÜSTƏMOV