Modern.az

Altı bəndlik sülh planı Milli Məclisdə? - AÇIQLAMA

Altı bəndlik sülh planı Milli Məclisdə? - AÇIQLAMA

Aktual

20 May 2013, 16:15

Azərbaycanla işğalçı Ermənistan arasında ölkəmizdə keçiriləcək prezident seçkisinə qədər altı bəndlik sülh planı hazırlanması barədə informasiya dolaşır. Erməni mətbuatının diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonlarında münaqişə regionuna səfər edərək Ermənistan və Azərbaycan prezidentlərindən baza prinsiplərini razılaşdırmaq üçün dəqiq vaxt limiti müəyyən etməyi istəyəcəklər. Digər tərəfdən, Ermənistan KİV-i xarici işlər naziri Edvard Nalbandyanın fransalı həmkarı Loran Fabiusla baza prisiplərinə dair məsələləri müzakirə etməsini xəbər verib. Məlumatlarda o da qeyd olunur ki, erməni nazir altı bəndlik sülh planını qəbul etməyə hazır olduğunu bildirib. Qalan məsuliyyət isə Azərbaycan tərəfinin üzərinə düşür və müvafiq sülh sazişi üçün razılıq verməlidir. Bu məsələlərin bir neçə gündür mətbuatda müzakirə olunması hansı mətləblərdən xəbər verir? Seçki ilində bu cür məsələnin gündəmə gəlməsində kimlər maraqlıdır?

Bu barədə Modern.az-ın suallarını Milli Məclisin Müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü  Zahid Oruc cavablandırıb.

Sərkisyandan erməni cəmiyyətinə zərbə

Deputat deyir ki, Azərbaycan rəhbərliyi dəfələrlə mühüm dönəmlərdə sülh palanının hazırlanması və onun üzərində iş aparılması barədə cəmiyyətə məlumatlar verib. Komitə üzvü seçki ilində sülhlə bağlı Ermənistanın gündəmə gətirdiyi məsələlərə də aydınlıq gətirib.
“Sırf seçkiyə yönəlmiş hər hansı bir sənəd üzərində iş aparıldığı və bu situasiyadan istifadə edərək Azərbaycanı nəyəsə məcbur qoymaq niyyətlərini bəlkə də kimlərsə güdə bilər. Düşünürəm ki, Azərbaycan hakimiyyəti seçkiöncəsi Qarabağ sülh anlaşmalarını dövlətimizin əleyhinə müəyyənləşdirməz. Faktiki olaraq Ermənistanda Serj Sərkisyanın ikinci dəfə prezident seçilməsi ilə erməni cəmiyyəti bir az da zəiflədi və əsas mübarizə əzminə zərbə vuruldu. Belə olan təqdirdə biz düşünməliyik ki, hansı sülh planları ortada olmalıdır. O sülh anlaşması ki, ölkələrin ümumi gücü fonunda həmin plan bizim maraqlarımızı özündə əks etdirmiş olsun”.

“Sülhün” təxribatı

Deputatın sözlərinə görə, bir çox hallarda  beynəlxalq dairələrin xarici qüvvələrin xeyrinə “sülh” modeli  hazırlamaq cəhdlərini düşünmək olar.
“Regionun iqtisadi, siyasi potensialını hər zaman yönləndirmək baxımından bizim mənafelərimizə zidd tələblər irəli sürülsün. Ümumi güc fonunda Azərbaycanın hərbi, iqtisadi, siyasi və xəlqi qüvvəsi ona imkan verir ki, beynəlxalq hüquqa uyğun olan sülh planının  razılaşdırılmasına doğru hərəkət edək. Bu mənada parlamentdə və digər dövlət təsisatlarında seçki öncəsi xüsusi bir sənədin müzakirəsi və qəbulu gözlənilən deyil”.

“Milli Məclisə belə məlumat daxil olmayıb. Amma...”

“Birmənalı şəkildə hər hansı sülh planı parlamentə təqdim edilməyib. Bundan öncə istənilən Qarabağ razılaşmaları bəlkə də referendumdan keçməli olacaq. Yəni milli düşüncənin qəbul etmədiyi sənədin dövlət başçısı tərəfindən müzakirəsi də mümkün deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayan sənədləri biz heç bir halda müzakirə etməyəcəyik. Bəlkə də hansısa beynəlxalq siyasi dairələr bu mövzunun cəmiyyətdə qabardılmasını istəyir. Sanki ictimai rəyin öyrənilməsi üçün bu metodla test etmək niyyətindədirlər. Ancaq parlamentdə Qarabağ razılaşmalarına dair hər hansı bənddən ibarət sənəd müzakirə olunmur”– deyə Z.Oruc qeyd edib.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı