Bakı Slavyan Universitetinin professoru, kulturologiya elmləri doktoru Çingiz Abdullayevin bu yaxınlarda “Oil boom and football” (“Neft bumu və Futbol”) kitabı ingilis dilində nəşr olunub. Modern.az-ın verdiyi xəbərə görə, kitab Azərbaycanda XX əsrin əvvəli və sonu neft bumunun sosial həyata təsirindən bəhs edir. Kitabda ilk ingilis səyyahlarının Azərbaycan ərazilərinə səfəri, İpək Yolu, Dədə Qorqud dastanı ilə Beowulf dastanının oxşar cəhətləri izah olunur. Ç.Abdullayev bildirib ki, 1911-ci ildə ingilislərin Bakıda ilk dəfə futbol oyunları, 1966-cı ildə Dünya çempionu olan İngiltərənin vurduğu müəmmalı qolda bakılı yan xətt hakimi Tofiq Bəhrəmovun qətiyyətli qərarı kitabın əsas sujet xətdini təşkil edir.
C.Dikkens və M.F.Axundovun 200 illik yubileylərinə həsr olunan məqalələr, Novruz, Endry bayramı, Şotlandiyada türklərin izi və oxşar sözləri, ingilis hərbçilərinin Bakıya gəlişi, Bakıda tikilən Opera, Qızlar gimnaziyası haqqında məlumatların da yer aldığı kitabın yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdimat mərasimi olacaq.
Qeyd edək ki, kitab Futbol Assosiasiyasının 150 illik yubileyinə hədiyyə olunub.