Sosial şəbəkələrdə saxta profillərin varlığına kimsənin şübhəsi yoxdur. Saxta profili yaradılan neçə-neçə deputat, nazir dəfələrlə bu özbaşınalıqdan şikayətlənib. Milli Məclis internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti müəyyənləşdirən dəyişikliklərdən sonra bu mövzu yenidən gündəmə gəlib. Yəni ictimai-siyasi şəxslərin adına açılan saxta profillərdən yayılan təhqir və böhtanla bağlı hüquq-mühafizə orqanları kimi məsuliyyətə cəlb edəcək? Adına profil açılmış şəxslər ittihamlardan necə yayınacaqlar?
Modern.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ümumiyyətlə internetdə təhqir və böhtanla bağlı məsələyə ehtiyatlı yanaşmaq lazımdır. “Dünyada bununla bağlı oturuşmuş mövqe var ki, internetə məhdudiyyətlər tətbiq ediləndə ciddi fəsadlar meydana gəlir. Azərbaycanda internetlə bağlı məhkəmə işlərinin araşdırılmasıyla, əlaqəli təcrübə, demokratik ənənələr yetərli olmadığına görə saxta profillər də böyük problemlər yarada bilər”.
O. Gündüz qeyd edib ki, Azərbaycanın populyar resursları xarici domenlər altında xarici hostinqlərə köçərək fəaliyyət göstərə bilər. “Həmçinin insanların sosial mediadan, sosial şəbəkədən müəyyən dərəcədə çəkindirməyə xidmət edə bilər. Burada kifayət qədər düşündürücü məqamlar var. Bizcə, özünütənzimləmə dövlət tənzimlənməsində daha məqsədəuyğundur. Azərbaycan İnternet Forumu hesab edir ki, bu məsələnin daha ciddi müzakirəyə ehtiyacı var. Forum Milli Məclisə əlavə müzakirələrdə kömək etməyə hazırdır. Qanunun təsdiqinin ləngiməsi hazırki vəziyyətdə doğru olardı. “İKT ili”ndə internetə qarşı qanunun qəbulu ümumiyyətlə başa düşülən deyil”.
Vüqar İsmayılov