
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi, buraxılış imtahanlarına hazırlıq işləri, eləcə də Komissiyanın fəaliyyyətinin digər istiqamətləri ilə əlaqədar ölkə ictimaiyyətini məlumatlandırmaq üçün mayın 21-də mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, M.Abbaszadə cari il üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başa çatdığını xatırladaraq, yekun rəqəmləri diqqətə çatdırıb. Ərizə qəbulunda tətbiq olunan yenilikləri xatırladan M.Abbaszadə bildirib ki, ərizələrini təsdiq etdirmiş 102034 abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini özləri, Sənəd Qəbulu Komissiyasına getmədən təsdiq ediblər.
Komissiya sədri cari ildə TQDK tərəfindən keçirilmiş sınaq imtahanları barədə də məlumat verib və bildirib ki, bu imtahanlarda ümumilikdə 154380 bituriyent iştirak edib və bundan əlavə mayın 26-da keçiriləcək sonuncu sınaq imtahanında iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.
Sədr həmçinin rus bölməsi abituriyentləri üçün mayın 19-da keçirilmiş Azərbaycan dili fənni üzrə imtahanın nəticələri, monitorinq imtahanlarının yekunları, həmçinin iyun ayında keçiriləcək orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları və digər tədbirlərlə bağlı mətbuat nümayəndələrinə ətraflı məlumatlar verib.
Aytən Əliyeva