Son günlər jurnalistlərin mənzillə təminatı məsələsi ilə bağlı mətbuatda gedən bəzi açıqlamalar və sosial şəbəkələrdə bu istiqamətdə aparılan müzakirələr maraqlı məqamları ortaya çıxarıb. Məsələ əsasən bununla bağlıdır ki, mətbuat işçilərinin mənzillə təminatı ilə bağlı ölkə prezidentinin sərəncamı əsasında tikilən bina bəzilərinin xoşuna gəlməyib.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bu məsələ ilə bağlı danışarkən təhqiredici ifadə işlədib. O, bunu jurnalistin qarşısına sümük atılması kimi qəbul etdiyini deyib.
Dövlət vəsaiti hesabına mətbuat işçilərinə bina tikilməsinin əleyhinə olan əsas arqumentləri nəzərdən keçirək və görək nə dərəcədə haqlıdırlar. Deməli, bu fikirdə olan həmkarlarımız və sairləri hesab edirlər ki, dövlət (burda hökuməti nəzərdə tuturlar- E.B.) mətbuat işçilərinin mənzil təminatını öz üzərinə götürməkdə müəyyən məqsədlər güdür. Yəni, açıq desək, bu məsələdə məqsəd hakimiyyətin mətbuatı tamamilə öz tərəfinə çəkmək, jurnalistlərin “özünü yaxşı aparmasına” nail olmaqdan ibarət imiş.
İddia olunur ki, bu kimi tədbirlər jurnalistlərin müstəqilliyinə xələl gətirə bilər və onları hökumətdən asılı vəziyyətə salar. Həm də guya bu bir növ rüşvət sayılırmış və peşə etikasına zidmiş.
Bu fikirdə olanlar təklif edirlər ki, bundansa bizim ölkədə də sivil ölkələrdə olduğu kimi azad media bazarı yaranmalı, jurnalistlər öz qanuni gəlirləri ilə özlərini evlə təmin etməlidirlər. Qeyd edilir ki, dövlətin güzətşli kredit verməsi nətisəcində qəzetçilər özləri öz pulları ilə ev almalıdırlar.
Bu kimi yanaşmalar mətbuat işlərinin böyük əksəriyyəti tərəfindən etirazla qarşılanıb və mətbuatda, sosial şəbəkələrdə əks arqumentlər səsləndirilib. Ümumi fikir belədir ki, əgər hazırkı reallıqda Mehman Əliyevin dediyi şərait yoxdursa, onda başqa variant qalmır və bu binanın tikilməsi mətbuatımızın inkişafında xidmətləri olan, uzun illər kirayələrdə yaşayan, evə ehtiyacı olan əsil jurnalistləri təhqir etməyə əsas vermir.
Unutmayaq ki, bu evləri jurnalistlərə hökumət yox, dövlət verir. Dövlət bizimdir, ölkənin sərvətləri hamımızındır, əgər bizə də ordan öz layiq olduğumuz payın bir hissəsi çatacaqsa, bunun nəyi pisdir ki? Dövlət, qaçqınlara, şəhid, əlil, veteran ailələrinə, yazıçılara, bəstəkarlara, neftçilərə və sair peşə sahiblərinə mənzil verə bilər, jurnalistlərə yox?!
Neçə illərdir KİVDF-dən qrantlar və yardımlar alan mətbuat qurumları, müxtəlif mükafatlar və müsabiqə qalibləri kimi iri məbləğdə pul alan jurnalistlər indi ev məsələsində başqa fikirlər səsləndiririlər. Bəzi jurnalist təşkilatları Azərbaycana düşmən münasibət göstərən beynəlxalq təkilatlar bir yana dursun, hətta xarici dövlətlərdən qrant alırlar. Bəs onda niyə o pulları alırsınız? Bu, peşə etikasına, mətbuatın müstəqilliyi prinsipinə zidd deyilmi?
Nədir, xaricdən külli miqdarda qrant alıb, villalarda yaşayıb, bahalı maşınlarda gəzib, elit restoran və otellərdə kef eləyib dövlət və ümummilli məsələlərdə zidd fəaliyyət göstərmək yaxşıdır, on illərlə kirayələrdə çürüyərək mətbuatda quru maaşa “külüng çalıb” sonda öz dövlətindən “başını soxmağa” “dord divar” almaq pisdir?
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı demişkən, Mehman Əliyev indiki imkansız, evsiz jurnalistlərin yerində olsaydı, bu cür fikirlər səsləndirməzdi. Qəzet işçisinin indiki maaşı ilə 40-50 il pul yığıb ev almaq mümkündür. Əgər o vaxtadək inflyasiya pulları yeməsə. Jurnalist heç vaxt öz əməkhaqqı ilə ev ala bilməz. Deyimmi niyə?
Ölkədə azad mətbuat mühiti var, amma bazar yoxdur. Bilirsinizmi niyə? Çünki xalqımız artıq qəzet-jurnal oxumur. Yoxsa, kiməsə qəzet çıxarmağa, internet portalı açmağa mane olanmı var? Buyurun, tam icazəsiz fəaliyyət şəraiti yaradılıb, istəyirsiniz 10 dənəsini açın işlədin. Amma problem təsis etmək deyil, oxucunun, bazarın olmamasıdır, daha doğrusu son dərəcə zəif olmasıdır.
Kiçik bir ölkədə 5 min KİV var, heç 500 min oxucu yoxdur. Məhdud sayda oxucu auditoriyası yüzlərlə mətbuat orqanın arasında bölünüb. Üstəlik, intellegent auditoriya nüfuzlu xarici medianı izləməlidirlər. Bu halda qəzetlər və digər mətbuat orqanları necə böyük maddi-texniki baza yarada bilər? Axı satışdan qazanc simvolikdir, reklamçılar isə mətbuata reklam vermirlər- bilirlər ki, orda effekt vermir.
Bu halda mətbuat vasitəsi hansı gəlirlə işçilərə yüksək maaş verəcək, jurnalist nə qədər qazanacaq ki, də öz maaşı ilə ev alsın? Ölkənin ən çox tirajlı qəzeti, portalı belə 500-600 manatdan artıq maaş verə bilmir. Bunun da yarısı kirayə gedir, deyirsiniz digər yarısını da ev almaq üçün yığıb özü acından ölsün?
Xülasə, siz deyən vəziyyət Azərbaycanda hələ ki yoxdur və yaxın perspektivdə də olacağı inandırıcı deyil. Nə vaxtsa belə şərait yaransa- jurnalist öz qanuni gəliri ilə ev almaq imkanına malik olsa, onda hamımız birləşib dövlətin belə addımına qarşı etiraz edərik.
Jurnalistlərin mənzil məsələsini o vaxt Parlament Jurnalistlər Birliyi qaldırmışdı. Amma ev verilməsi yox, Hövsanda torpaq sahəsi ayrılması və orda tikinti şirkətlərinin biri ilə müqavilə əsasında bir az güzəştli şərtlərlə jurnalistlərin öz hesabına binalar tikilməsi məsələsi qaldırılmışdı.
Gənclər və idman naziri Azad Rəhomov ilə bu söhbətin müzakirə olunduğu görüşdə mən də iştirak edirdim. Nazir bu təklif dəstəklədi və bu istiqamətdə çalışacağına söz verdi. Sonra isə nədənsə, bu məsələ alınmadı. Səhv eləmirəmsə, təklif olunan şərtlərlə bina inşa etməyə heç bir tikinti şirkəti razılaşmadı.
Hesab edirəm ki, bu variant baş tutsaydı, daha yaxşı olardı. Onda 156 yox, bəlkə də 1056 mənzil tikilərdi. Həmin tikintini aparacaq şirkət bir sıra vergi və rüsumlardan, qeyri-rəsmi xərclərdən azad edilsə, mənzillər çox ucuz başa gələrdi. Ekspertlərin hesablamalarına görə, qeyri-rəsmi xərclər olmayanda mənzilin biri 15 minə başa gəlir. Deməli uzagı 20 minə 10-15 illik kreditlə ev almaq olardı, aylıq ödəniş də 150 manatdan yüksək olmazdı.
İndi deyirlər ki, jurnalist getsin ipoteka ilə ev alsın. İndiki şərtlərlə ipoteka krediti almaq mümkün deyil axı. Mümkün olsa belə verənmi var? Ailəmizin 2 üzvü jurnalist olsa da və aylıq maaşımız orta əməkhaqqından yuxarı olsa da, banklar bizə 2 min manat belə kreditə pul vermir. O da ola 50 minlik ipoteka krediti verələr.
Mən 15 ilini televiziya və mətbuatda çalışmaqla 22 ildir maaşımın yarıdan çoxunu kirayəyə verirəm. Kredit ala bilsəydim, o boşuna gedən pulları öz evimin kreditinə verərdim. Mətbuat işçilərinə sosial ipoteka şərtləri ilə kredit versələr, əminəm ki, içi mən qarışıq bir çox həmkarlarımız ev problemini özü həll edə bilər.
Lakin dövlət problemi başqa yolla həll etməyə qərar verdi. Ölkə prezidentinin sərəncamı əsasında Bayılda açıq kitab formasında inşa edilən 156 mənzillik binada işlər yekunlaşmaq üzrədir. Çox güman ki, mənzillər 22 iyul Mətbuat günündə paylanacaq. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu seçimin 3 əsas prisnsiplə aparılacağını bildirib- “mənzillər haqqı, ehtiyacı və xidməti olanlara veriləcək”.
Ölkədə qeyri-rəsmi məlumatlara görə, 50 mindən artıq jurnalist vəsiqəsi daşıyan var, lakin hörmətli Əli müəllim demişkən, hər əlinə qələm alan jurnalist sayıla bilməz. Üstəlik, bu sərəncam konkret olaraq mətbuat işçilərinin mənzil təminatı üçün verilib, televiziyaların və digər elektron medianın bura aidiyyatı yoxdur.
Ölkədə ciddi, peşəkar, stabil dövrü yayımlanan mətbuat orqanlarının sayı 50-dən çox deyil. Hesabla hərəsinə 3 mənzil düşür. Hər redaksiyada da elan edilmiş kriteriyalara cavab verən 3-4 nəfər jurnalist var. Deməli, o kriteriyalara cavab verənlərin az qala hamısına mənzil verilə bilər. Ona görə də, seçim çətin olmamalıdır.
Bir çoxlarının evi var- fərqi yoxdur, Bakıda ya da başqa şəhər və ya kənddə. Çox da ki bəzi dırnaqarası həmkarlarımız müxtəlif vasitələrlə haqq etmədikləri mənzilə sahib çıxmaq istəyirlər. Bəziləri, evini başqasının adına keçirib, o biri kimisə kiməsə minnətçi salır, digəri dövlətin balansında olan ailəvi yataqxanada pulsuz yaşadığı halda, 20 ildir hər ay maaşının yarısını kirayəyə verən jurnalistdən qabaq ev tələb edir, rəsmi dövlət qəzetində işləyən bir başqası isə deyir ki, nə olsun mənim evim var, oğlumu evləndirəcəm, ona ayrıca ev lazımdır... Hətta tanınmış bir gündəlik qəzetin tanınmış və imkanlı baş redaktoru işçilərinə açıq-aşkar bəyanat verib ki, evi özüm alacam, heç kim iddİa irəli sürməsin...
İnanıram ki, dövlətin müvafiq qurumları burda ətraflı araşdırma aparacaq və ədalətli seçim ediləcək. 156 mənzil həqiqətən ehtiyacı, xidməti, haqqı olan jurnalistlərin hamısını təmin edə bilməz. Amma hər halda 156 ailə qaçqın, kirayənişin həyatı yaşamaqdan qurtulacaq. Qoy həqiqətən daha çox HAQQI, XIDMƏTI və EHTIYACI olanlar ev alsın. Ümud edirəm ki, elə belə də olacaq