Modern.az

Rəşad Sadiqov: “Barselona” ilə yarışa biləcək futbolçumuz yoxdur” – MÜSAHİBƏ

Rəşad Sadiqov: “Barselona” ilə yarışa biləcək futbolçumuz yoxdur” – MÜSAHİBƏ

Aktual

24 May 2013, 11:24

“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov “Xəzər Lənkəran”la Azərbaycan kubokunun final oyunu ərəfəsində Modern.az-a danışıb.

– Düzü, şansların bərabər olduğunu düşünürəm. Çempionat oyunları ilə kubok oyunları tam fərqlidir. Çünki Kubok oyunu bir oyundan ibarətdir. Belə oyunlarda hər bir futbolçu toparlanıb qələbə qazanmaq gücündədir, əzmindədir. Zənnimcə, Lənkəran klubu elə də zəif komanda deyil. Düzdür, bu mövsüm ilk altılıqa düşə bilmədi. Lakin “Xəzər” elə bir gücdədir ki, hər bir rəqibi məğlub etmək ixtiyarındadır. Final oyununa kim daha yaxşı hazırlaşacaq və daha çox diqqətli olacaq və qələbəni o qazanacaq.

– Sizcə, komandada hansı mövqedə mübarizə aparan futbolçuya ehtiyac duyulur?

– Ola bilər hər bir mövqeydə mübarizə aparan futbolçuya ehtiyac duyulsun. Eyni mövqedə iki futbolçunun olmağı daha yaxşı olar. Çünki bildiyimiz kimi biz üç cəbhədə mübarizə aparacağıq.

– Bu gün artıq 29 yaşınız var. Hələ ki, legioner həyatı yaşamaq sizə nəsib olmayıb. Bundan sonra legioner həyatı yaşaya biləcəyinizi düşünürsünüzmü? 

– Komandamla iki illik müqaviləm var. Əgər hansısa bir klub məni istəyərsə, rəhbərliyimiz razı olarsa, onda gedib oynaya bilərəm. Lakin bu gün “Neftçi”dən getmək fikrim yoxdur.

– Legioner həyatı yaşayan futbolçularımızın əksəriyyətinə nəzər salsaq görərik ki, transfer olduğu komandada ümidlərimizi doğrultmur. Necə düşünürsünüz futbolçularımızın  Avropada çıxış etmək gücünə malikdirmi ?

– “Qarabağ” və başqa klublarımızın futbolçuları Avropada çıxış edə bilərlər. Lakin klub seçəndə elə bir klub seçmək lazımdır ki, o komandada oynaya biləsən. Yəni real olsun, o mənada ki, o komandada oynamağa sənin gücün yetərli olsun. Necə deyərlər, başdan yuxarı tullanmaq olmasın. Əsas hansı komandada oynaya biləcəyini bilməkdi.

– Milli komandamızın üzvü Ruslan Abışov Rusiyanın “Rubin” klubuna yollandı. “Rubin”də Ruslanın şanslarını necə qiymətləndirirsiniz? 

– Ruslan səviyyəsinə görə yaxşı futbolçudur. Həm də milli komandanın əsas üzvlərindən biridir. Mən də futbolçu yoldaşıma uğurlar arzulayıram. Belə bir klubda oynamaq çətindir, həqiqətən çətindir. Buna real baxmaq lazımdı hər insanın öz gücü var. “Rubin” klubu Avroliqada öz sözünü demiş komandadır. Belə klublar “Real Madrid”, “Barselona” kimi nəhəng klublarla baş-başa mübarizə aparırlar. Onlar da elə futbolçular seçirlər ki, bu kimi oyunlarda mübarizə apara bilsinlər. Hesab edirəm ki, belə klublarda mübarizə apara bilən futbolçularımız yoxdur.

– DÇ-2014 seçmə mərhələsi çərçivəsində qarşıdan Luksenburqla oyun gəlir. Bu oyun barədə nə düşünürsünüz?

– Yalnız bir şey – qələbə qazanmaq. Yaxşı oyun göstərib zəfər çalmaq. 

– Bəs, Çempionlar Liqasının oyunlarına hazırlıq prosesi nə vaxt olacaq ? 

– İndi bütün diqqətlər yalnız kubok oyununa yönəlib. Hələ ki, bu turnirə hazırlaşmırıq. Kubok oyunundan sonra komanda istirahət edəcək. Sonra komanda toplananda ÇL-nın oyunlarına hazırlaşacağıq.  

 

Abbas QULİYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı