Subyektiv həftəlik icmal
Bu həftə siyasi gündəm o qədər də səsli-küylü keçmədi. Buna baxmayaraq, siyasi düşərgənin ay işığı ətrafına toplaşanlar tapıldı.
Qapalı görüşün gizli tərəfləri
Bəlkə də belə lazımdır. Öncədən deyilən fikirlər, xüsusilə hadisələrin ən incə detallarıyla mətbuatda işıqlandırılması böyük ajiotaja səbəb olur. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla müxalifət partiyalarının qapalı keçirdikləri görüşün də detalları mətbuata açıqlanmadı. Ümumi razılığa əsasən keçirilən görüşdə müzakirə olunan məlumatların yayılması guya xoş əhval ruhiyyə yaratmır. Təbiətin bu cür qol-qanad açdığı bir vaxtda, görəsən, nədir xoş əhval-ruhiyyə yaratmayan?
Bir növ məxfi xarakter daşıyan görüşdə ehtimallara görə qısa müddət ərzində yaradılacaq Milli Şura məsələsi də müzakirə olunub. Görünür, bir araya gəlib əl sıxan tərəflər el dililə desək, bəd nəzərə yaman inanır. Xüsusilə də Eldar Namazov. Aylardır başı daşdan-daşa dəyən, ofissiz qalan “El” Hərəkatı Milli Şura məsələsində çox təqiblərə məruz qalıb. Bu səbəbdəndir ki, dağdan düzə enib, düzdən dərəyə yuvarlanan Milli Şura ideyası nəhayət yaranacaq. Özü də əminliklə yaradılacaq, vaxt və tarix bəllidir. Hər halda, Eldar Namazov belə deyir. Nə deyirik. Aylardır sorağı uzaqdan-uzağa dolaşan igidin üzünü kim görmək istəməz ki!
Bəyin İsveç səfəri
Müsavat başqanı İsa Qəmbər bu həftə İsveç Xarici İşlər Nazirliyində, habelə İsveç parlamentinin bir qrup deputatı ilə görüşərək onların qarşısında çıxış edib. İsveçə Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı ilə yollanan İsa bəy Avropadakı diaspora nümayəndələri də görüşüb. Hər halda, uzaq yoldasınız, İsa bəy! Yolunuz açıq, görüşləriniz uğurlu olsun. İnanırıq ki, bütün görüşlərinizin arxasında dövlətçilik prinsiplərinə söykənən milli dəyərlər dayanır.
Milli Şura qabağı gərginlik
Siyasi proseslər sakit axan sular kimi cərəyan edir. Vay o günə ki, suyun üzünü soyuq küləklər öz ağuşuna almasın. Bu vaxt vəziyyət də sabit qala bilməz. Elə “El” Hərəkatının rəhbəri Eldar Namazovun Moskvaya edilən səfəri kimi. Çox maraqlıdır ki “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin Eldar Namazovun Moskvaya edilən səfərindən xəbəri yoxdur. Görüşdə məqsəd kinorejissor Rüstəm İbrahimbəyovla görüşüb Milli Şuranı müzakirə etmək idi. Hətta, Moskva görüşündən sonra Eldar bəyin Türkiyəyə də səfər etməsi gözlənilir. Nəzərə alsaq ki mayın 28-i Milli Şura yaradılacaq. Deməli, ideya müəllifi olan Eldar Namazovun həyəcanına sərinlik qatmaq lazımdır. Bir üzü Rusiya, bir üzü Türkiyə səfərləri sıradan səfər deyil. Hər halda, gərginlik var. Amma Eldar bəy, öz aramızdı, sizin Milli Şura ideyanız gerçək olandan sonra həyəcan filan qalmayacaq. İlk dəfə görüşə çıxan gənclər də həyəcanlı olur. Sonra hər şey öz qaydasına düşür. Bircə, proseslərə tilov atıb suyun üzünü bulandıranlar olmasa.
Beynəlxalq yarışmaya qeyri-ciddi münasibət
İsveçin Malmö şəhərində keçirilən “Eurovision” musiqi yarışması söz-söhbətə səbəb oldu. Guya Azərbaycan Rusiyaya səs verməyib. Baş verənləri elementar təxribat adlandıran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hətta “Eurovision” qeyri-ciddi müsabiqədir” deyərək bir çox musiqi xadimlərinin qəzəbinə tuş gəldi. Hər halda bu müğənnilikdən səfir postuna yüksələn Polad Bülbüloğlunun fikirləridir. Yəqin Polad müəllim ilk gənclik illərində musiqi yarışmalarına qatıldığı günləri çoxdan unudub, ya da bugünkü gəncliyin kiçik nailiyyətini gözü götürmür. Vaxt vardı Polad müəllim, siz ecazkar səsinizi nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırdınız. Nədir sizi dəyişdirən?! Eh siyasət, siyasət. Səndən şirin nəsə varmı bu dünyada! Hər halda siyasət aləmi böyük dəryadır. Dəryada isə nə qədər istəsən balıq var. Baxır kimin toruna hansı balıq növü düşür.