8 may 2026-cı il tarixində Pirallahı Gənclər Evində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası və “Heydər Əliyev– Xalqa həsr edilən ömür” başlıqlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Konfransdan əvvəl Pirallahı Sənaye Parkının yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 200 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilib.
Daha sonra RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.
Tədbirdə ilk olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov keçirilən konfransın əhəmiyyətindən bəhs edərək qeyd edib ki, Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti, sözün əsl mənasında, siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. Heydər Əliyev heç vaxt öz xalqının taleyinə biganə qalmamış, hətta həyatını riskə ataraq Azərbaycanın haqq mübarizəsinin önündə getmiş, böyük uzaqgörənliklə onu doğru məcraya yönəldib. Heydər Əliyevin 1969-cu ilin iyulundan başlayaraq Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası qoyulmuş milli inkişaf prosesi onun yorulmaz fəaliyyətinin, əzmkarlığının bəhrəsidir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
Daha sonra Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək, qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətləri var. Heydər Əliyevin fəaliyyətində Azərbaycandan kənar heç nə yox idi. O, Böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Ulu öndər Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir. İstər sovet, istərsə də müstəqillik dönəmində Azərbaycan xalqını təhdidlərdən qorumağı, dövlətçilik prinsiplərini sağlam təməllər üzərində möhkəmləndirməyi, Vətənin bütövlüyünü, xalqımızın milli-mənəvi dəyərlərini yaşatmağı həyatının əsas amalına çevirmiş Ulu Öndər öz şəxsiyyəti və mübarizə yolu ilə gələcək nəsilləri yeni qələbələrə ilhamlandıran nümunə yaradıb.
Bakı şəhəri 186 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ayan Hüseynzadə öz çıxışını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” ifadəsi ilə açaraq qeyd edib ki, Heydər Əliyevin dövlətçilik ideyaları milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənc nəslin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu ideyalar əsasında yetişən Azərbaycan gəncliyi bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin maraqlarını hər zaman üstün tutur və əldə olunan uğurların davamlılığında mühüm rol oynayır. Şagirdlərə göstərilən yüksək qayğı və diqqət üçün bütün məktəblilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirən A.Hüseynzadə müstəqil, suveren Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq hər zaman Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizə xidmət edəcəyini vurğulayıb.
Rəsmi hissənin sonunda rayonun ictimai həyatında fəal iştiraklarına görə bir sıra təşkilatların rəhbərliyi və kollektivi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli, 632 №li Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Çilov qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərəcov Vüsal Eldar oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Rəsmi hissə yekunlaşdıqdan sonra tədbir maraqlı bədii hissə ilə davam edib. Təhsil və mədəniyyət müəssisələrinin yetirmələri tərəfindən şeirlər, mahnılar səsləndirilmiş, milli rəqslər nümayiş etdirilib.
Tədbir iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə başa çatdırılıb.