Modern.az

Prezidentlə görüşən Zəngilan sakinləri: “İstərdim ki, evimdə qonaq olsun”

Prezidentlə görüşən Zəngilan sakinləri: “İstərdim ki, evimdə qonaq olsun”

Aktual

Bu gün, 13:54

Mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə növbəti səfəri illər əvvəl torpaqlarını tərk etməyə məcbur olan insanların yenidən öz evlərinə qayıdışının, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin və yeni həyatın rəmzinə çevrilib. İllər əvvəl məcburi köçkün kimi doğma yurdlarından ayrılan insanlar bu gün artıq öz evlərinin açarını alır, övladlarının gələcəyini doğulduqları torpaqlarda qurmağın həyəcanını yaşayırlar.

Modern.az saytı Zəngilanda Prezident İlham Əliyevin görüşdüyü bir neçə sakinlə həmsöhbət olub və onların təəssüratlarını öyrənib.

Zəngilandan olan həmsöhbətimiz Ləman Nəcəfova doğma yurda qayıtmağın sevincini və Prezident İlham Əliyevlə görüşün yaratdığı qürur hissini sözlə ifadə etməyin çətin olduğunu deyib:

“1993-cü ildə 1-ci sinfə gedirdim. Həmin il Zəngilan şəhərindən məcburi köçkün düşdük. Bu gün isə çox qürurluyam. Yenidən mənə doğma olan Zəngilana qayıtmışam.

Burada müəllim kimi çalışıram. Mənim üçün digər qürurverici məqam isə dünyaya meydan oxuyan bir Prezidentimizin olmasıdır. Dövlət başçımızdan evimin açarını almaq mənim üçün əvəzsiz hədiyyə idi. Bu açar sadəcə evimin açarı deyildi, sanki mənə verilən böyük bir sərvət idi. O qədər xoşbəxtəm, o qədər sevincliyəm ki, bunu sözlə ifadə etmək mümkün deyil".

Müsahibimiz söyləyib ki, hazırda Zəngilan rayonunun Ağalı kəndində fizika müəllimi kimi çalışır:

"Valideynlərim və övladlarımla birlikdə Zəngilanda yaşayacağıq. Övladlarımdan biri Qazaxıstanda təhsil alır, digəri isə 10-cu sinifdə oxuyur. Çox istərdim ki, Prezidentimiz Zəngilana növbəti səfərlərinin birində bizim evdə, doğma ocağımızda qonaq olsun”.

Zəngilandan olan digər sakin Günay Vəliyeva bildirib ki, Prezidentlə görüş onun üçün çox yaddaqalan keçib:

“Bu gün çox gözəl, sevinc, şərəf və qürur dolu hisslər yaşayırıq. Mən Zəngilandan çıxanda 1-ci sinifdə oxuyurdum. Hazırda 41 yaşım var. Artıq ailəmlə birlikdə Zəngilanda yaşayacağıq - yoldaşım, iki oğlum və bir qızımla. Övladlarımdan biri tələbədir, digəri isə abituriyentdir. Qarabağ Universitetini seçmələrini istərdik. Mən özüm də riyaziyyat-informatika müəllimiyəm və Zəngilanda işləməyi düşünürəm".

Müsahibimizin sözlərinə görə, onlar 1993-cü ildə Zəngilandan çox ağır və çətin vəziyyətdə çıxıblar.

"Qaçaraq halda Araz çayını keçmişdik. Mənim 6 yaşım var idi, bacımın 5 yaşı, ən kiçik bacımız isə cəmi 40 günlük idi. İndi hamımız ailə sahibiyik, valideynik. Prezidentlə görüşməyin sevincini sözlə ifadə edə bilmirəm. Bu, heç yuxuma belə girməzdi. Amma bu günü gördük və çox sevindik. Şükürlər olsun bugünümüzə”.

Daha bir zəngilanlı - Elvin Nəbiyev də Prezidentlə görüşdən xoş təəssüratlarla ayrıldıqlarını söyləyib:

“Cənab Prezident bizi çox səmimi qarşıladı. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Zəngilan sakinləri olaraq dövlət başçısı ilə görüşmək bizim üçün böyük fəxr və qürur hissidir. Ona dərin minnətdarlığımızı bildiririk. Dövlət başçımız sakinlərlə həmsöhbət oldu, birlikdə xatirə fotosu çəkdirdik. Mən həyat yoldaşım və üç övladımla birlikdə Zəngilanda yaşayacağıq. Övladlarım da burada təhsillərini davam etdirəcəklər". 

E.Nəbiyev deyir ki, Zəngilandan məcburi köçkün düşəndə 3 yaş 6 aylıq olub:

"O günləri tam xatırlamasam da, Araz çayını keçərək Zəngilanı tərk etdiyimizi qismən xatırlayıram. Prezident də həmin günlərdən danışarkən çox kövrək, eyni zamanda qürur dolu anlar yaşandı. Köçkünlük həyatı bizim üçün ağır keçib, yataqxanada məskunlaşmışdıq. Bu gün yenidən Zəngilana qayıtmaq tamam fərqli, qürur dolu hisslərdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu, xalqımızı qorusun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV