Mayın 9-da Berlin şəhərində İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir müharibə qurbanlarının xatirəsini yad etmək və faşizm üzərində tarixi qələbənin əhəmiyyətini bir daha vurğulamaq məqsədi daşıyırdı.
Modern.az xəbər verir ki, mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Avropanın fəxri imamı, tanınmış azərbaycanlı ilahiyyatçı Mirbaqir Ağayev, eləcə də müxtəlif dinlərin nümayəndələri, bir sıra ölkələrin səfirlik və diplomatik korpuslarının təmsilçiləri iştirak ediblər. Bu, həm də Berlin ictimaiyyətində sülh, birgəyaşayış və beynəlxalq həmrəyliyin önəmini simvolizə edən bir tədbir kimi dəyərləndirilib.
Mərasim iştirakçıları əvvəlcə paytaxtın Treptov Park və Tirqarten (Tiergarten) ərazisində yerləşən abidələrin önünə əklillər qoyaraq İkinci Dünya müharibəsində həlak olan hərbçilərin və mülki insanların xatirəsini ehtiramla anıblar. Bu abidələr, xüsusilə Treptov Parkdakı memorial kompleks, Almaniyada faşizm üzərində qələbənin mühüm simvollarından biridir.
Səfir Nəsimi Ağayev çıxışında qeyd edib ki, Azərbaycan xalqı faşizm üzərində qələbənin əldə olunmasına çox ciddi və dəyərli töhfələr verib. Onun sözlərinə görə, müharibə illərində 600 mindən çox azərbaycanlı döyüşçü cəbhəyə yollanıb, onların təxminən yarısı Vətən və azadlıq uğrunda qəhrəmancasına həlak olub. Azərbaycan igidlərinin şücaəti nəticəsində 130-dan çox soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.
Diplomat, həmçinin Bakı neftinin müharibə zamanı antifarişt koalisiyanın uğurlarında oynadığı mühüm rolu da xüsusi vurğulayıb. O bildirib ki, həmin dövrdə Sovet ordusunun istifadə etdiyi yanacağın təxminən 75-80 faizi məhz Bakıdan təmin olunurdu. Bu səbəbdən Azərbaycan nefti qələbənin iqtisadi və strateji dayaqlarından biri hesab olunur.
Avropanın fəxri imamı Mirbaqir Ağayev isə tədbirdə çıxış edərək müharibə zamanı həlak olan bütün insanların, o cümlədən müsəlmanların ruhuna dualar oxuyub. O, Azərbaycanın o dövrdə göstərdiyi fədakarlığı, çoxmillətli və tolerant bir cəmiyyət kimi həm cəbhədə, həm arxa cəbhədə mübarizədə fəal iştirakını xüsusi vurğulayıb.
Tədbir sülhün, xatirənin və xalqımızın beynəlxalq arenada artan rolunun təcəssümü kimi rəmzi məna daşıyıb. Berlinin müxtəlif dini və etnik icmalarının bir araya gəlməsi, faşizmə qarşı birgə mübarizənin yad edilməsi bu gün də insanlıq üçün ibrətamiz bir mesaj olaraq dəyərləndirilib.