Modern.az

BMU-dan QS reytinqində tarixi nailiyyət - FOTO

BMU-dan QS reytinqində tarixi nailiyyət - FOTO

Aktual

Bu gün, 10:50

Dünya universitetlərinin açıqlanan yeni reytinq siyahısında (QS World University Rankings 2027) mövqeyini daha da yaxşılaşdıran Bakı Mühəndislik Universiteti (BMU) növbəti mühüm uğura imza atıb.

Modern.az xəbər verir ki, ötən il siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU bu il daha 31 pillə irəliləyərək 851-900 aralığında yer alıb. Universitet son iki ildə ümumilikdə bu nüfuzlu reytinq siyahısında 580 pillə irəliləməyə nail olub ki, bu da cari ilin noyabr ayında 10 yaşı tamam olacaq BMU üçün mühüm tarixi nailiyyətdir.

QS-in yeni qiymətləndirməsinin ayrı-ayrı indikatorları üzrə BMU ciddi irəliləyişlər əldə edib. Universitet işəgötürənlər arasında nüfuz indikatoru üzrə 23 pillə irəliləyərək 350-ci, tələbə-müəllim nisbəti göstəricisi üzrə 84 pillə irəliləyərək 458-ci yerə yüksəlib. Ən böyük irəliləyişlərdən biri beynəlxalq müəllim heyəti indikatoru üzrə qeydə alınıb. Bu göstəricidə BMU 175 pillə irəliləyib və 518-ci yerdə qərarlaşıb. Bunlarla yanaşı, beynəlxalq tədqiqat şəbəkəsi, məşğulluq və davamlı inkişaf indikatorlarında müəyyən irəliləyişlər müşahidə olunub.

Ümumilikdə 10 universitetimizin təmsil olunduğu reytinqdə BMU ölkə üzrə ən uğurlu nəticə göstərən universitetlərdən biridir.

BMU bu il həmçinin digər reytinqlərdə ilkə imza atıb. QS dünya universitetlərinin 2026-cı il üzrə fənn reytinqində (QS World University Rankings by Subject 2026”) ilk dəfə təmsil olunan BMU 2 ixtisas kateqoriyasında önəmli nəticə nümayiş etdirib. “Neft-qaz mühəndisliyi” sahəsində yüksək nəticə (151-175 aralığı) göstərən universitet, eyni zamanda “İqtisadiyyat və ekonometrika” üzrə fənn reytinqində (551-700 aralığı) uğurlu mövqe əldə edib. Qeyd edək ki, “Neft-qaz mühəndisliyi” sahəsi üzrə BMU ölkə universitetləri arasında 3-cü yerdə dayanır. BMU bu il QS-in Avropanın ən yaxşı universitetlərinin yeni reytinqində isə 96 pillə irəliləyərək ilk 400-lükdə, Qərbi Asiya Universitetləri Reytinqində isə region üzrə 23-cü mövqedə yer alıb. 

QS reytinqinin nəticələri ölkənin ali təhsil sistemində həyata keçirilən islahatların mühüm göstəricilərindən biri olmaqla yanaşı, BMU-nun beynəlmiləlləşmə, elmi fəaliyyət, sənaye əməkdaşlığı və innovasiya istiqamətlərində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə müsbət qiymətləndirildiyini nümayiş etdirir. Son illərdə universitetdə bu istiqamətlərdə sistemli işlər görülüb. Sənaye və özəl sektorla əməkdaşlığın inkişafı məzunların məşğulluq imkanlarının artırılmasına və əmək bazarına inteqrasiyasının gücləndirilməsinə şərait yaradıb. Əməkdaşların beynəlxalq elmmetrik bazalara çıxış imkanlarının genişləndirilməsi və elmi fəaliyyətin təşviqi nəticəsində elmi məhsuldarlığın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində müsbət dinamika müşahidə olunub. Müasir tədqiqat infrastrukturunun yaradılması və innovativ fəaliyyətin dəstəklənməsi universitetdə elmi mühitin daha da inkişafına töhfə verib.

Son dövrdə BMU-nun beynəlmiləlləşmə göstəricilərində də əhəmiyyətli irəliləyiş qeydə alınıb. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayı artıb, onların təmsil olunduğu ölkələrin sayı 40-a çatıb. Nufuzlu xarici universitetlərlə ikili diplom proqramlarının genişləndirilməsi və 6 ixtisas üzrə beynəlxalq akkreditasiyaların əldə edilməsi təhsil müəssisəsinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edib. Həyata keçirilən bu kompleks tədbirlər BMU-nun QS reytinq göstəricilərinin yaxşılaşmasında və beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsində mühüm rol oynayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV