Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işində zərərçəkən qismində Günel Əfəndiyeva tanınıb.
Namizəd Səfərovun vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, bu olmadığı halda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər.
Həmçinin onun prosesdə müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılması xahiş olunub.
Namizəd Səfərov vəsatətlərlə razılaşıb.
Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib, baxış iclası iyulun 2-nə təyin edilib.
Təqsirləndirilən şəxsin müdafiəçilərinin yanında əyləşməsi ilə bağlı vəsatət baxılmadan saxlanılıb. Digər vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(APA )