Modern.az

“İxtisasını bilən üçün imtahan çətin deyildi” - Müəllimdən iddialı açıqlama

“İxtisasını bilən üçün imtahan çətin deyildi” - Müəllimdən iddialı açıqlama

Aktual

Bu gün, 14:36

“İxtisasını bilən hər kəs bu sualları rahatlıqla cavablandıra bilərdi”.

Modern.az xəbər verir ki, Bakı şəhəri 30 nömrəli tam orta məktəbin musiqi müəllimi Vüsalə İsgəndərova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

O bildirib ki, imtahanda 56 bal toplayıb və prosesin təşkilindən razı qalıb:

“Hər şey çox yaxşı təşkil olunmuşdu. Suallar əsasən orta məktəb dərslikləri əsasında tərtib edilmişdi və çətin deyildi. İxtisasını bilən hər kəsin cavablandıra biləcəyi suallar idi”.

Müəllimin sözlərinə görə, bəzi suallar iştirakçıları daha çox düşünməyə vadar etsə də, bu, imtahanın rəqabət mühitinin təmin olunması baxımından təbii haldır.

“Bir neçə sual düşündürücü ola bilərdi. Bu da təbii ki, imtahanda fərqləndirməni və rəqabəti təmin etmək məqsədi daşıyır”, -  deyə o qeyd edib.

Sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışan V.İsgəndərova bu qiymətləndirmənin müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərdiyini vurğulayıb:

“Düşünürəm ki, sertifikasiya çox önəmlidir. Müəllimlər bu proses vasitəsilə biliklərini yenidən xatırlayır, öz üzərlərində işləyirlər. Eyni zamanda əməkhaqlarının artmasına da səbəb olur”.

Sonda müəllim sertifikasiya prosesində iştirak edən bütün həmkarlarına uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV