Modern.az

Valideynlər və media GDU-dakı imtahan prosesini izlədilər

Valideynlər və media GDU-dakı imtahan prosesini izlədilər

Aktual

Bu gün, 15:10

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasının gedişini izləmək məqsədilə mediatur təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, KİV nümayəndələri, universitet əməkdaşları və tələbə valideynləri iştirak ediblər.

Əvvəlcə mediatur iştirakçıları ilə görüş keçirilib. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək imtahan sessiyasının təşkili barədə məlumat verib. O bildirib ki, imtahan prosesində obyektivliyin və akademik dürüstlük prinsiplərinin təmin olunması universitet rəhbərliyinin diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir.

P.Kərimzadə tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması və imtahan prosesinə operativ nəzarət mexanizmlərinin tətbiqi istiqamətində görülən işlərdən danışıb.

Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev isə qeyd edib ki, universitetdə bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin imtahan sessiyasına iyunun 1-də start verilib. Test üsulu ilə keçirilən imtahanlar isə iyunun 8-dən başlayıb.

Onun sözlərinə görə, bütün imtahanlar kameralarla təchiz olunmuş auditoriyalarda keçirilir və proses daim nəzarətdə saxlanılır. Gün ərzində təxminən 2000 tələbə test imtahanlarında iştirak edir.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Tədris departamentinin direktoru Elturan Yusifov və elmi katib Seymur Meşaik çıxışlarında imtahanlarda ictimai nəzarətin əhəmiyyətindən bəhs ediblər.

Tələbə valideynləri isə imtahanların obyektiv və şəffaf təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini izləyib, həmçinin xüsusi monitorlarla təchiz olunmuş müşahidə otağı ilə tanış olublar.

Sonda qonaqlar universitetdə tələbələr üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Qeyd edək ki, iyunun 1-də başlayan yaz imtahan sessiyasının iyulun 3-də başa çatması nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV