Azərbaycanın rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi ən iri layihələrdən biri olan “Onlayn Azərbaycan” beynəlxalq diqqət mərkəzinə düşüb. Dünyanın aparıcı texnologiya şirkətlərindən olan “Huawei” layihəni qlobal auditoriyaya uğurlu rəqəmsallaşma nümunəsi kimi təqdim edib.
Modern.az xəbər verir ki, şirkətin “Tech4All” təşəbbüsü çərçivəsində yayımladığı sənədli film və məqalələr silsiləsində Azərbaycanda genişzolaqlı internet infrastrukturunun inkişafından, xüsusilə də ucqar bölgələrdə yaşayan insanların həyatında yaratdığı dəyişikliklərdən bəhs olunur.
Filmin əsas çəkilişləri Quba rayonunun Xınalıq kəndində aparılıb. Dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan kənddə internetin təhsil, turizm və sahibkarlıq sahələrinə təsiri nümayiş etdirilib. Məktəblilər, müəllimlər, yerli sakinlər və sahibkarlar yüksək sürətli internetin onların gündəlik həyatında yaratdığı imkanlardan danışıblar.
Qeyd olunub ki, əsas operatorlarından biri “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər yüksəksürətli internet xidmətlərinin çatdırılmasını hədəfləyib. Layihənin icra olunduğu son dörd ildə sabit genişzolaqlı internetə çıxış imkanı olan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb. Bununla da Azərbaycanda sabit genişzolaqlı internetlə əhatə tam təmin olunub.
“Huawei”in yaydığı materiallarda layihənin rəqəmsal bərabərliyin təmin edilməsinə, regionların inkişafına və insanların yeni imkanlara çıxışına mühüm töhfə verdiyi vurğulanır.
Xatırladaq ki, “Tech4All” proqramı “Huawei” şirkətinin 2019-cu ildən həyata keçirdiyi qlobal təşəbbüsdür. Layihə texnologiyalar vasitəsilə daha inklüziv və dayanıqlı rəqəmsal cəmiyyət qurulmasını təşviq edir. Azərbaycanın “Onlayn Azərbaycan” layihəsinin bu platformada təqdim olunması ölkənin rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanındığını göstərir.