ABŞ Prezidenti Donald Trampın iyulda keçiriləcək NATO sammitində iştirakı böyük ölçüdə tədbirin Türkiyədə təşkil olunması ilə bağlıdır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya iki günlük səfərinin yekununda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sammitdə müzakirə olunacaq bir çox mühüm məsələlər ABŞ prezidentinin iştirakı olmadan həll edilə bilməz.
Fidan bildirib ki, Avropa ölkələri də Trampın sammitdə iştirak qərarını məhz tədbirin Türkiyədə keçirilməsi ilə əlaqələndirirlər.
"Onlar hesab edirlər ki, Trampın sammitə qatılmasının əsas səbəbi tədbirin Türkiyədə təşkil olunmasıdır. Əgər məsələ Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı olmasaydı, o, sammitə gəlməzdi. Onun iştirak etməməsi isə ABŞ prezidentinin artıq NATO-ya əvvəlki əhəmiyyəti vermədiyi mesajını verərdi", - Fidan qeyd edib.