Azərbaycan vətəndaşı Əliyev Tural Əjdər oğlunun anası oğlunun taleyinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib.
Modern.az xəbər verir ki, ananın sözlərinə görə, Əliyev Tural Əjdər oğlu 6 yanvar 1998-ci ildə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. O, subaydır, boyu 1,70 metr, çəkisi isə 60-65 kiloqramdır.
Bildirilib ki, Tural Əliyev 2024-cü ilin iyun ayında müqavilə əsasında hərbi xidmətə yollanıb. O, İvanovo vilayətinin Şuya rayonunda yerləşən hərbi hissədən müharibəyə göndərilib və baş çavuş, motoatıcı kimi xidmət edib.
Anasının sözlərinə görə, oğlu ilə sonuncu dəfə 2024-cü il iyulun 30-da əlaqə saxlayıb.
"Daha sonra ondan heç bir xəbər ala bilmədik. 2025-ci il fevralın 2-də bizə bildirildi ki, oğlum Luqansk və Donetsk istiqamətində gedən döyüşlər zamanı itkin düşüb", – deyə ana bildirib.
O qeyd edib ki, övladının taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə edə bilməyiblər.
Ana aidiyyəti qurumlardan oğlunun taleyinin araşdırılmasını, onunla bağlı hər hansı məlumatı olan şəxslərdən isə ailə ilə əlaqə saxlamalarını xahiş edib.