Modern.az

Onlar fəxrimiz və sağalmayan yaramızdır - Şəhid bacılarının xatirələri

Onlar fəxrimiz və sağalmayan yaramızdır - Şəhid bacılarının xatirələri

Aktual

Bu gün, 16:16

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətləri olan Azərbaycan Ordusu minlərlə qəhrəman oğul yetişdirib. Həmin qəhrəmanların bir çoxu Vətənin azadlığı və təhlükəsizliyi uğrunda canlarından keçərək adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. Onların şücaəti hər kəsə məlumdur. Lakin qəhrəmanlarımızın ailədə necə bir övlad, necə bir qardaş olduqlarını, hansı xatirələrlə yaşadıqlarını ən yaxşı məhz onların doğmaları bilir.

Modern.az saytı bir neçə şəhid bacısı ilə həmsöhbət olub, onların qəhrəman qardaşlarını necə xatırladıqlarını, illər keçsə də ürəklərində yaşayan xatirələri və qardaşlarının onlar üçün hansı mənəvi anlam daşıdığını öyrənib.

Şəhid gizir Camal İsmayılovun bacısı Xəyalə Ağamalıyeva deyir ki, əvvəllər bu günü, yəni 26 İyunu səbirsizliklə gözləyirlərmiş...

"Çünki bəzən bu tarixdə hərbi parad təşkil olunurdu, Camal da həmin paradda iştirak edirdi. Biz televiziyadan izləyirdik, qızlarım hər keçən əsgərə "dayımız" deyə səslənib sevinirdilər. O xoş xatirəli günləri indi yalnız xatırlayıram. Camal bu dünyada mənə ən yaxın dostum idi, qardaş kimi qoruyucu, sevgi dolu dayı idi. Mən ondan sonra sanki yetim qaldım. Heç bir sevgi bacı-qardaş sevgisini, bağlılığını əvəz edə bilməz.

Biz uşaqlıqdan çox yaxın idik. Ümumi maraqlarımız var idi. Birlikdə futbol və film izləməyi sevirdik, kitab oxuyurduq. Ən çox da Camal dastanları oxumağı sevirdi, sonra onların qəhrəmanları kimi davranırdı. Daha sonra Şah İsmayılı kəşf etdik, o bizim qəhrəmanımız oldu".

Həmsöhbətimizin sözlərinə görə, Camal hansı peşəni seçsəydi, onun öhdəsindən gələcəkdi:

"Bəzən repçi olmağı xəyal edirdi, çünki "Dəyirman" qrupunun fanatı idi, sonra aktyor olmaq istəyirdi. Ona deyirdim ki, Tom Kruza bənzəyirsən. Amma ən böyük xəyalı həkim olmaq idi. Əsgər olmaq, hərbidə qalmaq qərarını da özü verdi. Özünə bildirmədən hər zaman çox narahat olurdum. Biz sülh istəyirdik, o isə bizi hərbə hazırlayırdı. Bəzən ona deyirdim ki, müharibə olsa, səni tək qoymaram, ora gələrəm. O isə gülürdü. Deyirdi: "Sən gözləyərsən, mən qayıdacağam". Öz işinin ağırlığını çalışırdı bizə bildirməsin. Bizim yanımızda özünü çox şən aparırdı. "Hər şey yaxşı olacaq", - deyirdi.

...2016-cı ilin aprel ayında çox qorxdum. Xəbərlər çox üzücü idi, şəhidlər vardı, Camal cavab vermirdi, bütün ailə çox kədərli idi. Bir neçə gündən sonra yazdı ki, yaxşıyam. Dedim: "Camal olduğuna inanmıram, sən mənə hər zaman yazdığın sözü yaz". O, odun-alovun içindən yazdı: "Красавица". Sonra döyüş yoldaşları ilə olan şəklini göndərdi.

Döyüşdən sonra isə qızları ilə bizim oxuduğumuz, indi mənim çalışdığım məktəbə gəldi. Onu pəncərədən gördüm. Elə qucaqladı məni, sanki döyüşdən mən gəlmişdim. Onda soruşdum: "Müharibə bitdi?" O dedi: "Az qalıb". O zaman itirmək qorxusunu anladım.

2020-ci ilin sentyabrı isə bizi həmişəlik ayırdı. Mən sanki elə həmin anda qalmışam. Həmin vaxt bütün dünya gözümə rəngsiz, boz rəngdə görünürdü. O vaxtdan hər il sentyabr ayından Camalı bizə verdikləri vaxta qədər dünyanı boz rəngdə görürəm.

Onunla müharibə zamanı yazışırdıq, mənə təsəlli verən də o olurdu. Sonuncu dəfə onunla 14 oktyabrda danışdım. Mən ancaq ağlayırdım, o isə mənə təsəlli verirdi. Dedim: "Bilirsən də, sən qayıtmalısan". O isə dedi: "Hər şey əladır, narahat olma, anamızı, atamızı tək qoyma". Dedim: "Özün gələrsən, onlara sən lazımsan". Sonra onu nə qədər çox sevdiyimi və dönəcəyinə inandığımı dedim".

Onun gülən səsini hər gün xatırlayıram və hələ də gözləyirəm...

Şəhid bacısı deyir ki,  ona hər zaman "mənim qəhrəmanım" deyə müraciət edirmiş: 

"Onunla hər zaman fəxr etmişəm. O, mənim ən yaxın sirdaşım, məsləhətçim idi.

Onun yanına gedəndə deyirəm: "Artıq bəsdir, qayıt gəl, sənsiz həyatın olmadığını anladım". Bəzən deyirlər, zaman acını azaldır, amma elə deyil, acı üsyana çevrilir. Bəzən "Camal!" deyə var gücümlə çağırıram. Amma cavab yoxdur.

Onun bizə hədiyyəsi azad torpaqlarımız oldu. Bu, onun arzusu idi - Azərbaycanı tam azad görmək.

Camal Azərbaycanı çox sevirdi. 2018-ci ildə ondan soruşdum: "Vətəni çox sevirsən?" Dedi: "Bacı, hər damla qanımı onun torpağına tökərəm". O, bu sözləri qürurla dedi, gözləri parlayırdı. Mən isə dedim: "Sev, amma həyatda qal, bizim yanımızda ol. Çünki vətəni yalnız onu bu qədər sevənlər qoruya bilər".

Camal hər zaman çox xeyirli övlad, qardaş, dayı, ata və əmi oldu.

Onu hər gün gözləyirəm.

Onun səsinə, baxışına o qədər həsrət qalmışam...".

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun bacısı Tərifə Məmmədova isə saytımıza deyib ki, qardaşı mərd, qayğıkeş, Vətənini və ailəsini hər şeydən üstün tutan, ürəyi Vətən sevgisi ilə döyünən bir insan olub: 

"Məni ən çox üzən hiss odur ki, onunla çox vaxt keçirə bilməmişəm. Çünki o, Vətənə xidməti hər şeydən üstün tutmuşdu və biz çox gec-gec görüşürdük. Hər zaman hərbi geyimli bir hərbçi görəndə fəxr hissi keçirirdim ki, mənim qardaşım da Vətəninə xidmət edir.

26 İyun mənim üçün ölkənin müstəqilliyini və təhlükəsizliyini qoruyan hərbçilərə hörmət, şəhidlərin xatirəsini ehtiramla anmaq və qazilərimizin fədakarlıqlarını dəyərləndirmək deməkdir.

Qardaşım Vətəninə, millətinə layiqli bir övlad və qardaş idi. Mənim üçün ən qiymətli xatirələrimiz birlikdə keçirdiyimiz sadə, lakin unudulmaz anlar, səmimi söhbətlərimiz və üzümüzü güldürən xatirələrimizdir.

Bu gün o, aramızda olmasa da, onun qəhrəmanlığı qəlbimdə əbədi yaşayacaq. Mən onun bacısı olmaqla hər zaman qürur duyacağam. O, mənim həm fəxrim, həm də heç vaxt sağalmayan yaram olaraq qalacaqdır".

Şəhid polkovnik Vüqar Yusifovun bacısı Dünya Yusifova bildirib ki, qardaşı hələ orta məktəbdə oxuyarkən peşəkar zabit olmağı arzulayırmış.

"1993-1998-ci illərdə Türkiyədə Ali Hərbi Məktəbdə təhsil aldıqdan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında xidmət etməyə başladı. O, Xüsusi Təyinatlı Qüvvələrdə 23 il şərəflə xidmət etdi. Bu illər ərzində qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunmuşdu. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında və möhkəmlənməsində onun xüsusi xidmətləri olub".

Şəhid bacısı deyir ki, Vüqarın ən böyük arzusu Qarabağ torpaqlarının işğaldan azad edilməsi olub: 

"O, həmişə deyirdi ki, "Biz Qarabağ torpaqlarını döyüş yolu ilə azad edə bilərik. Qarabağ torpaqlarını işğaldan azad etməliyik ki, bizdən sonra gələn gənc nəsil, bizim balalarımız rahat yaşasın".

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi illərdə keçirdiyi uğurlu əməliyyatlara görə dəfələrlə təltif olunmuşdu. 2020-ci il martın 19-da keçirdiyi uğurlu əməliyyata görə ona polkovnik rütbəsi verilmişdi.

Qardaşım 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, Xüsusi Təyinatlı alayın qərargah rəisi kimi döyüş əməliyyatlarına rəhbərlik etmişdi. O, 2016-cı il aprelin 4-də səhər saatlarında Talış yüksəkliyində şəhid oldu. Polkovnik Vüqar Yusifov Aprel döyüşlərində şəhid olan ən yüksək rütbəli zabit idi. Onun döyüşçülərin yanında olması Azərbaycan Ordusunda xidmət edən bütün zabitlər üçün nümunə oldu.

İşlədiyi illər ərzində döyüş tapşırıqlarını həmişə gizli saxlayırdı, heç vaxt əməliyyatlarından danışmırdı. Buna görə də onun bəzi əməliyyatları barədə məlumatımız olmayıb. Yalnız şəhid olduqdan sonra döyüş yoldaşlarının və sosial şəbəkələrdə yayılan məlumatların vasitəsilə öyrəndik ki, o, bir çox uğurlu əməliyyatlara rəhbərlik edib".

Müsahibimizin sözlərinə görə, qardaşı ilə onların arasında cəmi iki yaş fərqi var idi:

"Hər gün məktəbə birlikdə gedib-gəlirdik. Məktəbdə öyrəndiyimiz bilikləri bir-birimizdən soruşar, sanki yarışardıq ki, kim daha yaxşı oxuyur. Biz çox vətənpərvər ruhda böyümüşük. Çünki babalarımız veteran idi və həmişə bizə qəhrəmanlıq hekayələri danışırdılar. Vüqarın zabit olmasında, hərbçi peşəsini seçməsində onların da böyük rolu olub. Onlar hərb sənətini Vüqara sevdiriblər.

Biz yuxarı siniflərdə oxuyanda Qarabağ müharibəsi başlamışdı. Televiziyadan eşidirdik ki, ermənilər Azərbaycan xalqına qarşı hansı dəhşətləri törədirlər. Həmin vaxtlardan Vüqarın yalnız bir arzusu var idi - hərbçi olmaq, peşəkar zabit kimi döyüş əməliyyatlarında iştirak etmək. Düşmənə qarşı böyük nifrəti var idi. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra hərbçi olmaq arzusu ilə Türkiyədə Ali Hərbi Məktəbə qəbul olundu və həmin məktəbi yüksək nəticələrlə başa vurdu. Bu gün qardaşımla hər zaman fəxr edirəm. Onun Vətənə sevgisi, xidmətləri və qəhrəmanlığı bizim üçün böyük qürur mənbəyidir".

 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada