Modern.az

Şəhid polkovniklərin dostları danışır: “Ondan bir dastan yazmaq olar”

Şəhid polkovniklərin dostları danışır: “Ondan bir dastan yazmaq olar”

Aktual

Bu gün, 17:00

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şanlı tarixini yazan qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimiz təkcə döyüş meydanında göstərdikləri igidliklə deyil, eləcə də həyatları boyu sərgilədikləri insanlıq, dostluq və vətənpərvərlik nümunələri ilə yaddaşlarda yaşayırlar.

Onları ən yaxşı tanıyanlardan biri isə çiyin-çiyinə böyüdükləri, eyni xatirələri bölüşdükləri uşaqlıq və gənclik dostlarıdır. İllər keçsə də, şəhidlərimizin səmimiyyəti, xeyirxahlığı, arzuları və unudulmaz xatirələri onların qəlbində ilk günkü kimi yaşayır.

Modern.az saytı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə qəhrəman şəhidlərimizin dostları ilə həmsöhbət olub.

Polkovnik Şükür Həmidovun gənclik yoldaşı Qədir Köçəriyev deyir ki, onunla tanışlığı 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbindən başlayıb: 

"Bir taqımda oxuyurduq, hər ikimiz tankçı idik. O vaxtdan da dostluğumuz başladı. Şükür çox səmimi, mehriban və saf insan idi. Hamı ilə tez dil tapırdı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Kimin bir çətinliyi olardısa, əlindən gələn köməyi əsirgəməzdi. İstər mənəvi, istərsə də maddi dəstəyə ehtiyacı olanın yanında durardı. Ona görə də hamı onu sevirdi".

Onun sözlərinə görə, Şükür Həmidovla kursantlıq illəri çoxlu maraqlı xatirələrlə yadda qalıb:

"Kursant vaxtlarımızda çox söhbətlərimiz, gəzintilərimiz olub. Həmişə bir arzusu vardı - torpaqlarımızın azad olunması. Deyirdi ki, "Torpaqlarımız azad olunsun, gedib o yerləri birlikdə gəzərik". Mən də deyirdim ki, inşallah, o gün gələcək. Vətənini, torpağını çox sevirdi. Öz kəndinə, doğulub-böyüdüyü yurda xüsusi bağlılığı vardı. 44 günlük Vətən müharibəsi başlayanda ona zəng etdim. Dedim ki, "Şükür, gəlirəm". Mənə dedi ki, "Gəl Beyləqana, korpusa, gəlib səni götürərəm". Yola düşdüm, amma o vaxt postlar olduğuna görə bir qədər gecikdim. Korpusa çatanda dedilər ki, Şükür burada deyil. Əsgərlərə də tapşırmışdı ki, "Qədir gələcək, ona deyərsiniz, otağımda gözləsin, axşam gələcəyəm".

Bir qədər gözlədim, sonra Füzuli istiqamətinə, birgə oxuduğumuz dostumuz Faiq Qasımovun yanına getdim. Oturub söhbət edirdik. Soruşdum ki, Şükür haradadır? Dedi ki, ön cəbhədədir, xəbər verəcəyik. Axşamüstü gəldi. Görüşdük, birlikdə çörək yedik, xeyli söhbət etdik. Onda mənə dedi ki, "Qədir, demişdim axı, kəndə gedəcəyəm. Az qalıb, inşallah, Qubadlını da azad edəcəyik". Bu, bizim son görüşümüz oldu. Həmin gün oktyabrın 10-u idi. Sonra ayrıldıq - mən bir istiqamətə, o başqa istiqamətə getdi. Bir də onun şəhid olduğu xəbərini eşitdim...

Şükür Həmidov mənim üçün hər şeydən əvvəl gözəl xasiyyətli, səmimi və əsl dost idi. Ondan iki övladı yadigar qaldı. Allah onları qorusun. Onunla bağlı o qədər xatirə var ki, danışsam, bir dastan yazmaq olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Rəşad Atakişiyevin gənclik dostu - ehtiyatda olan polkovnik-leytenant, pilot Siracəddin Əhmədov da xatirələrini bölüşdü: 

"Rəşad Atakişiyevlə gənclik illərimiz bir yerdə keçib. Həm hərbi məktəb, həm də xidmət həyatımız demək olar ki, eyni dövrə təsadüf edib. Ona görə də onunla bağlı xatirələrim çoxdur. Rəşad çox gözəl qəlbli insan idi. Bu xüsusiyyətini zaman keçdikcə daha yaxşı anladım. Gənc zabit idik, maaşlarımız da yüksək deyildi. Mən ailəli idim, Rəşad isə subay idi. Buna baxmayaraq, hər maaşından mənə kömək etməyə çalışırdı. Deyirdim ki, “Rəşad, buna ehtiyac yoxdur”. O isə israrla deyirdi ki, “Sən ailəlisən, pul səndə qalsın. Uşağın xəstələnər, nəyəsə qəfil ehtiyacın olar. Elə bil evdə saxlamışam, ya səndə qalıb, nə fərqi var?”

Doğrusu sonradan həmin pulları qaytardım. Amma məsələ pulda deyildi. Mən o zaman onun necə böyük ürəyə və necə gözəl insanlığa sahib olduğunu gördüm. İndi elə bir dövrdə yaşayırıq ki, bəzən qardaş qardaşa dayaq olmur. Rəşad isə mənə qardaşdan da artıq olub. Bir evdə kirayə qalırdıq. Elə vaxtlar olurdu ki, kirayə pulunu da özü ödəyirdi, mənə isə “sonra verərsən” deyirdi. Hətta mənim xəbərim olmadan mənim payımı verib, ev sahibinə “Sirac da ödəyib” dediyi vaxtlar da olub. Bizim işimiz uçuş işi idi. Gənc idik, hər şeyi yeni öyrənirdik. Uçuş zamanı nəsə alınmayanda, ruhdan düşəndə gəlib məni qucaqlayır, “Narahat olma, hər şey yaxşı olacaq” deyirdi. Mən də eyni münasibəti ona göstərirdim".

Onun sözlərinə görə, gənclik illərinin ən gözəl günləri can dostu Rəşad Atakişiyevlə birgə keçib:

"Rəşadla bir evdə yaşamışıq, bir süfrəni bölüşmüşük. Rəşadın əl qabiliyyəti çox yaxşı idi, yeməyi də gözəl bişirirdi. İş bölgümüz vardı - yeməyi o hazırlayırdı, qabları mən yuyurdum. Elə günlər olub ki, eyni boşqabdan yemək də yemişik. Aramızda heç vaxt yadlıq olmayıb.

Eyni zamanda Türkiyədə təlimlərdə də birlikdə iştirak etmişik. Ömür boyu bir-birimizə dəstək olmuşuq. Amma etiraf etməliyəm ki, Rəşadın mənə dəstəyi həyatımda çox böyük yer tutur. Həm maddi, həm də mənəvi baxımdan mənim ən böyük dayaqçılarımdan biri olub.

Yaxşı günlərimiz də, çətin günlərimiz də birlikdə keçib. Ən son qəzadan əvvəl də danışdıq, güldük, söhbət etdik. Sonra isə bir neçə dəqiqənin içində aramızdan ayrıldı. Allah ona rəhmət eləsin. Rəşad Atakişiyev mənim üçün təkcə silahdaş deyil, həm də ömrümün ən gözəl və ən çətin günlərini bölüşdüyüm əsl dost və qardaş idi".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada