Süni intellektin müxtəlif sahələrdə tətbiq imkanlarının genişlənməsi iqtisadiyyatda yeni biznes modellərinin formalaşmasına zəmin yaradır.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Tahir Mirkişili bildirib ki, hazırda süni intellektin iqtisadiyyata təsiri yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, artıq süni intellekt yalnız istehsal və idarəetmə proseslərini deyil, istehlakçı davranışını da dəyişdirərək iqtisadiyyatın yeni inkişaf mərhələsini formalaşdırır.
"Əgər ilk mərhələdə süni intellekt əsasən istehsalın avtomatlaşdırılması, logistika və maliyyə qərarlarının optimallaşdırılması üçün istifadə olunurdusa, indi artıq istehlakçının fərdi zövqünü, emosiyasını və davranışını analiz edərək tam fərdiləşdirilmiş məhsullar yaratmağa başlayıb. Parfümeriya sənayesi bunun ən maraqlı nümunələrindən biridir. Dünyanın aparıcı ətir şirkətləri artıq süni intellekt vasitəsilə milyonlarla formul və istehlakçı seçimini təhlil edir, yeni qoxular hazırlayır, istehsal müddətini qısaldır və fərdiləşdirilmiş məhsullar təqdim edir".
Deputatın sözlərinə görə, burada əsas yenilik yalnız məhsulun hazırlanması deyil, iqtisadi modelin dəyişməsidir.
"İqtisadiyyat kütləvi istehsal modelindən kütləvi fərdiləşdirmə modelinə keçir. Gələcəyin rəqabət üstünlüyü daha çox məhsul istehsal etməkdə deyil, hər bir müştəri üçün daha uyğun məhsul təqdim etməkdə olacaq. Süni intellekt bunu əvvəllər mümkün olmayan sürət və dəqiqliklə həyata keçirir".

Tahir Mirkişili hesab edir ki, bu tendensiya Azərbaycan üçün də yeni imkanlar yarada bilər.
"Xüsusilə xidmət sektorunda, istehsalda, yaradıcı məhsullar sənayesində, elektron ticarətdə, turizmdə və premium pərakəndə satış sahəsində süni intellekt əsaslı fərdiləşdirilmiş xidmətlər yeni biznes modellərinin formalaşmasına səbəb olacaq. Azərbaycanda bu sahələrdə çalışa biləcək kifayət qədər bacarıqlı gənclər var və bu potensialdan düzgün istifadə edilməlidir".
Deputat qeyd edib ki, süni intellekt kiçik və orta sahibkarlıq üçün də mühüm üstünlüklər yarada bilər.
"Ənənəvi istehsalda iri şirkətlərlə rəqabət aparmaq kiçik biznes üçün çətin olur. Lakin süni intellekt texnologiyalarından istifadə edən kiçik və orta sahibkarlar daha yüksək əlavə dəyər yaradan fərdi məhsullar təqdim edə biləcəklər. Bu da gələcəkdə ixrac potensialına malik Azərbaycan brendlərinin formalaşmasına ciddi təkan verə bilər".
Tahir Mirkişili vurğulayıb ki, süni intellekt insan yaradıcılığını əvəz etmir, əksinə, onun imkanlarını genişləndirir.
"Hesab edirəm ki, ən uğurlu şirkətlər süni intellekti insan yaradıcılığı ilə birləşdirənlər olacaq. Gələcəyin rəqabəti insanla süni intellekt arasında deyil, süni intellektdən səmərəli istifadə edən bizneslə ondan istifadə etməyən biznes arasında olacaq. Bu baxımdan, bu gün parfümeriya sənayesində müşahidə etdiyimiz yenilik əslində gələcəyin iqtisadi modelinin kiçik, lakin çox simvolik nümunəsidir", - deyə deputat əlavə edib.