Modern.az

Azərbaycanda avtonom gəmilərin istifadəsinə hüquqi əsas yaradıldı

Azərbaycanda avtonom gəmilərin istifadəsinə hüquqi əsas yaradıldı

Aktual

Bu gün, 16:02

Azərbaycanda avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib.

Modern.az xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində həyata keçirilib.

Dəyişikliklərin məqsədi nəqliyyat sektorunda avtonom gəmilərdən istifadə sahəsində hüquqi tənzimləməni təkmilləşdirmək, qanunvericiliyi uyğunlaşdırmaq, dövlət xidmətlərinin səmərəliliyini artırmaq, həmçinin bu sahədə normativ-hüquqi, texnoloji və institusional bazanı formalaşdırmaqdır.

Qanuna əsasən, "avtonom gəmi", "operator" və "məsafədən idarəetmə mərkəzi" anlayışları ilk dəfə hüquqi müstəvidə təsbit edilib. Eyni zamanda, yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri, avtonom gəminin və avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, eləcə də operator və gəmi sahibinin hüquq və vəzifələri müəyyənləşdirilib.

Yeni qaydalara görə, avtonom gəmi yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət orqanının müəyyən etdiyi ərazilərdə istismar oluna biləcək. Müvafiq şəhadətnamə əldə edən hüquqi və fiziki şəxslər avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemini təmin edən operator kimi fəaliyyət göstərə biləcəklər.

Operator avtomatlaşdırılmış idarəetmə sisteminin işinə nəzarət edəcək, təhlükə yarandıqda operativ müdaxilə göstərəcək, istismarla bağlı məlumatların saxlanmasını təmin edəcək, qəza və ya insident baş verdikdə isə dərhal aidiyyəti dövlət orqanlarını məlumatlandıracaq.

Qanunla həmçinin avtonom nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə məsuliyyət məsələləri də tənzimlənib. Belə ki, əsas məsuliyyət nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya istismarçısının üzərinə düşür. Zərərin istehsalçının, texniki xidmət göstərən şəxsin və ya müqavilə əsasında fəaliyyət göstərən operatorun təqsiri nəticəsində baş verdiyi sübut olunarsa, mülkiyyətçi və ya istismarçı qanunvericiliyə uyğun olaraq onlara qarşı reqres tələbi irəli sürə biləcək. Əmək münasibətlərində olan operatorun təqsiri ilə bağlı hallarda isə məsuliyyət Əmək Məcəlləsinin tələblərinə uyğun müəyyən ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Xəbəriniz Var?